Məhkəmə qərarları › İş №e-2(001)-311/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-311/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-311/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 19 mart 2010-cu il tarixli AK-047 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 208 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 16724,88 manat məbləğində kredit vermişdir. Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini təmamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 19 mart 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, Bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 13-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" ASC ilə İddiaçı ASC arasında bağlanmış 19 mart 2010-cu il tarixli “Zaminlik” müqaviləsinin 4.2-ci maddəsinə əsasən, Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 20 iş günü müddətində Kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.4-cü bəndində qeyd edilmişdir ki: “Zamin bu Müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində Borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditorun Müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır”. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********519 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********627 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Nəticədə 05 iyun 2023-cü il tarixinə cavabdehlərin banka hesablanmış 14.004,95 manat əsas, 10.772,37 manat faiz, cəmi 24.777,32 manat borcu yaranmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Zaminlik müqaviləsinə əsasən Akkordun məsuliyyəti subsidiar məsuliyyət olduğu üçün iddiaçı əvvəlcə əsas borcluya, Cavabdeh1qarşı tələb irəli sürməli, yalnız borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etdikdən sonra öhdəliyin icra edilməsi ilə bağlı subsidiar məsuliyyət daşıyan zaminə qarşı tələb irəli sürülə bilər. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehin etirazına yazılı qaydada münasibət bildirərək qeyd etmişdir ki, 19 mart 2010-cu il tarixli zaminlik müqaviləsinin 4.2ci maddəsinə əsasən, Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 20 is günü müddətində Kreditora ödəməyi öz öhdəsinə götürür. Ləqv prosesində olan "xxxx" ASC-nin ləqvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Akkord Sənaye Tikinti investisiya Korporasiyası" ASC-ə ünvanlanmış 26 may 2023-ci il tarixli **********627 saylı xəbərdarlıq məktubu ilə 19 mart 2010-cu il tarixli zaminlik müqaviləsinin yuxarıda qeyd edilmiş bəndinə əsaslanaraq, zamin kimi öhdəliklərinin verinə yetirməsi tələb edilmişdir. ... Göründüyü kimi iddiaçı tərəfindən həmçinin zaminin subsidiar məsuliyyəti ilə bağlı qaydalara da riayət edilərək, borcludan borcun ödənilməsi tələb edilmiş, borclu öhdəliyi icra etmədikdən sonra borclu və zaminə qarsı iddia qaldırılmışdır. Məhkəmə iddiaçı tərəfindən yuxarıda ifadə edilən mövqeyi ilə razılaşır. Belə ki, iddiaçı tərəfindən ərizədə istinad edilənlər iş materialları ilə də öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, AK-047 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən sonuncuya Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km., bina 1, blok 8, mənzil 29 a saylı yaşayış sahəsinin alınması üçün 208 ay müddətinə 16724,88 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış və müqavilətə əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyəti kreditor (*İddiaçı Açıq Səhmdar Cəmiyyəti) qarşısında borclunun (*Cavabdeh1) öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 borcu: 14.004,95 manat əsas borc və 10.772,37 manat faiz borcu olmaqla, cəmi 24.772,32 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8001 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 borcu xx.xx.2023-cü il tarixə 13.999,05 manat əsas borc və 10.886,80 manat faiz borcu, xx.xx.2023-cü il tarixə isə 13.999,05 manat əsas borc və 11.670,75 manat faiz borcu təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının məzmunundan göründüyü kimi, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə gecikdirilmiş borc məbləğini 3 gün müddətində ödənilmədiyi təqdirdə, müqavilənin ləğv ediləcəyi və s. barədə məlumatlandırılmış; "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə xx.xx.2023cü il tarixdə Cavabdeh1 tərəfindən borcun ödənilməli olması barədə xəbərdar edilməsinə baxmayaraq borcu ödəməməsi barədə məlumatlandırılmış, zaminə borcun 3 gün müddətində ödənilməsi təklif edilmiş və borc ödənilmədiyi təqdirdə kreditor tərəfindən atılacaq addımlar barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə müvafiq olaraq, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 453.2-ci maddəsinə görə, əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. Məhkəmə iddiaçının iddia ərizəsində müqavilənin ləğv edilməsini məhkəmədən xahiş edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ ... Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Mülki Məcəllənin 421.2 və 423.2-ci maddələrinin məntiqi nəticəsi olaraq həmin Məcəllənin 424.3-cü maddəsində müəyyən edilmişdir ki, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Burada vurğulanmalıdır ki, normada “ləğv edilmə” ifadəsi birtərəfli qaydada sonlandırmaqla müqavilə münasibətlərinə xitam verilməsi mənasında deyil, tərəflərin qarşılıqlı razılaşması ilə bağlamış olduqları müqaviləyə xitam vermələri mənasında istifadə olunmuşdur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır”. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 9/8001 saylı ekspert rəyində qeyd olunanları, iddiaçının iddia ərizəsində formalaşdırdığı tələbi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada 13999,05 manat əsas borc və 10772,37 manat faiz borcu olmaqla, cəmi 24771,42 manat məbləğində borc tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada 13999,05 manat əsas borc və 10772,37 manat faiz borcu olmaqla, cəmi 24771,42 (iyirmi dörd min yeddi yüz yetmiş bir manat qırx iki qəpik) manat məbləğində borc və 164,33 (yüz altmış dörd manat otuz üç qəpik) ödənilmiş dövlət rüsumu tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar