Məhkəmə qərarları › İş №e-2(001)-3113/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3113/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3113/2022 06.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızına və Cavabdeh1 qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması, müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızına və Cavabdeh1 qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması, müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızı ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızından birgə qaydada İddiaçı ASC-in xeyrinə 6636,91 manat məbləğində əsas borcunun, 1175,1 manat məbləğində faiz borcu, 189,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8001,76 manat borcun və 101 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızı ilə İddiaçı ASC arasında bağlanmış 10.02.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən, bank cavabdehə 40 ay müddətinə, illik 22% olmaqla 7000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən, zamin bank qarşısında üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün cavabdeh Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızının bütün öhdəliklərini icra etməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -10.02.2021-ci il tarixli, RK/07828/79/10 saylı Kredit Sazişindən görünür ki, Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızı (borclu) ilə İddiaçı ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya 40 ay müddətinə, illik 22 faiz olmaqla 7000 manat məbləğində kredit vermiş, habelə Cavabdeh1 zamin kimi borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Sazişin Kredit şərtlərinin 1-ci bəndindən görünür ki, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələri xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASCnin 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. İddiaçı ASC-nin 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərinin 6.8-ci bəndindən görünür ki, Zamin, Müqavilədən irəli gələn pul öhdəlikləri “Müştəri” tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Müştəri ilə birlikdə məsuliyyət daşıyır. X4 pul krediti üzrə məsuliyyətlə bağlı 1.3-cü bəndindən görünür ki, müştəri müqavilə üzrə ödəniş öhdəliklərinin Odəniş cədvəlinə əsasən vaxtında ödənilməməsinə görə 5 gündən sonra növbəti 85 gün ərzində, ödənişin hər gecikdirildiyi gün üçün əsas borc məbləğinin 1(bir) faizi həddində, kreditin valyutasından asılı olaraq 0.50 manatdan/ABŞ dollarından /Avrodan az olmamaq şərtilə Banka cərimə ödəyir. İddiaçı ASC-nin 26 aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərinin 6.9-cu bəndindən görünür ki, Zamin tam məsuliyyət daşıdığı zaminliklə təmin edilmiş öhdəliklərə -10.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızının hesabına 7000 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. -10.02.2021-ci il tarixli RK/07828/79/10 saylı Kredit müqaviləsinə 1 №-li əlavə olan ödəniş cədvəlindən görünür ki, Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızı tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 248,47 manat olmaqla, 10.06.2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. -13.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızının İddiaçı ASC-yə 10.02.2021-ci il tarixli müqavilə üzrə 6636,91 manat məbləğində əsas borcu, 1175,1 manat məbləğində faiz borcu və 189,75 manat cərimə borcu vardır. -İddiaçı tərəfindən 04.04.2022-ci il tarixdə cavabdehlərə ünvanlanmış bildirişlərdən və bildirişlərin göndərilməsini təsdiq edən qaimələrdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi İddiaçı ASC ilə cavabdeh Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızı arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmçinin, Əlixanova X2 (Əlixanova) Nərgiz Ədalət qızının müqavilə üzrə ödəliklərinin icrası üçün üzərinə məsuliyyət götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 10.02.2021-ci il tarixli, RK/07828/79/10 saylı kredit müqaviləsindən irəli gələn 6636,91 manat əsas borc, 1175,1 manat faiz borcu və 189,75 manat cərimə olmaqla, cəmi 8001,76 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, həmçinin cavabdehlər Cavabdeh1 və Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızı ilə İddiaçı ASC arasında bağlanmış 10.02.2021ci il tarixli, RK/07828/79/10 saylı kredit müqaviləsi ləğv edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 101 (bir yüz bir) manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızından müştərək qaydada 6636,91 (altı min altı yüz otuz altı manat 91 qəpik) manat məbləğində əsas borc və 1175,1 (min yüz yetmiş beş manat 10 qəpik) manat məbləğində faiz borcu, 189,75 (yüz səksən doqquz manat 75 qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 8001,76 (səkkiz min bir manat 76 qəpik) manat məbləğində borc və 101 (bir yüz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Mirzəyeva (Əlixanova) Nərgiz Ədalət qızı, və Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 10.02.2021-ci il tarixli RK/07828/79/10 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar