Məhkəmə qərarları › İş №e-2(001)-3131/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-3131/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3131/2022 28.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27000 manat əsas borcun, bu əsas borcun 1 il 8 ay gecikdirilməsi səbəbi ilə üzərinə Mərkəzi Bankın uçot faiz dərəcəsi olan, illik 7 % əsasında işləyən 2500 manat gecikmə faizi, 500,0 manat hüquqi xidmət xərcinin, cəmi 30000 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi, vəkil iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək, Cavabdeh1 27000 manat əsas borc, həmin borcu 1 il 8 ay gecikdirdiyi üçün Mülki Məcəllənin 445.7-ci maddəsi əsasında illik 5 % dərəcəsi ilə gecikmə faizi olan 2250 manat pul vəsaitinin, ümumilikdə 29250 manat pulun tutulmasını xahiş etmiş, həmçinin Cavabdeh2 Gülağa oğluna münasibətdə isə bütün iddia tələblərindən imtina etdiyini(cavabdehlər sırasından çıxarıldığını) bildirmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh1 xx.xx.2019-cu ildə Bakı şəhəri 3 Saylı Asan Xidmət mərkəzindəki Notariat Ofisi tərəfindən təsdiqlənmiş Kredit Müqaviləsi əsasında 27 000 manat məbləğində borc pul vermişdir. Tərəflər Kredit müqaviləsi üzrə həmin borc pulun geri qaytarılma vaxtının xx.xx.2020-ci il olduğunu təyin ediblər. İddiaçı xx.xx.2020-ci il tarixindən sonra dəfələr ilə həmin pulu Cavabdeh1 tələb etsə də o, həmin pulu hələ də qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər.

6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. İddiaçının nümayəndəsi, vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3131/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alana 27000 manat məbləğində pul borc verməyi, borc alan isə krediti xx.xx.2020-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür.

9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı ilə Cavabdeh1 arasında 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 27000 manat məbləğində borc verilmişdir.

11. Cavabdeh1 borc məbləğini qəbul etmiş və xx.xx.2020-ci il tarixinədək borcu qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür.

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27000 manat əsas borcun, bu əsas borcun 1 il 8 ay gecikdirilməsi səbəbi ilə üzərinə Mərkəzi Bankın uçot faiz dərəcəsi olan, illik 7 % əsasında işləyən 2500 manat gecikmə faizi, 500,0 manat hüquqi xidmət xərcinin, cəmi 30000 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Hazırda isə iddiaçının nümayəndəsi, vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbini azaltmış və Cavabdeh1 tərəfindən borcun ödənilmədiyini iddia etməklə 27000 manat əsas borc məbləğinin və 2250 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunu Cavabdeh1 tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

16. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

17. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

18. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

19. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;

20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

21. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

22. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

23. 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;

24. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş öhdəliyini icra etsə də, Cavabdeh1 müqavilə öhdəliyini yerinə yetirməyərək iddiaçıya zərər vurmuşdur. Bu baxımdan öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə üzrə aldığı 27000 manat pul məbləğini iddiaçıya qaytarmalıdır.

26. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

28. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

29. İşin faktiki halları ilə də müəyyən edilir ki, kredit müqaviləsinin müddətinin bitdiyi, yəni xx.xx.2020-ci ildən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxta kimi 1 il 8 ay müddət keçmişdir. Yəni borclu müqavilənin müddətinin bitdiyi vaxtdan əsassız olaraq saxladığı pul məbləğini borcverənə qaytarmalı olduğu halda bunu etməmişdir. Odur ki, əsas borcun 27000 manat olduğu və gecikdirilmiş müddətin 20 ay olduğu nəzərə alındıqda həmin məbləğ 2250 manat(27000x5%/12x20) təşkil edir.

30. Beləliklə, əsas borca görə 27000 manat məbləğində, illik 5 faizlə hesablanmış faiz borcuna görə 2250 manat məbləğində, cəmi 29250 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.

31. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

36. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

37. 218.3-cü maddəsinə əssən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

38. 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır.

39. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

40. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

41. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həddində dövlət rüsumu ödənilir. Nəticə:

42. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 27000 manat məbləğində əsas borc, 2250 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 29250 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.

43. İddiaçının ödəməkdən azad olduğu 177,75 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir.

44. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 27000 (iyirmi yeddi min) manat məbləğində əsas borc, 2250 (iki min iki yüz əlli) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 29250 (iyirmi doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad olduğu 177,75 (yüz yetmiş beş manat, yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar