Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3141/2022 22.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D i M: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 25.915,79 manat olmaqla – bundan 24.506,65 manat əsas və 1.409,14 manat faiz borcu, iş üzrə ödənilmiş 167 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 135 manat rüsumun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.9 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra 1 ay sonra boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş): 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır; 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər; 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Bundan başqa, istinad olunan Qanunun 36.2.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə həmçinin ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq da əks etdirilməlidir. İddia ərizəsinə əlavə edilmiş sonrakı ipoteka müqaviləsindən görünür ki, sonrakı ipoteka müqaviləsi16 yanvar 2021-ci il tarixdə, yəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdən sonra bağlanmışdır. Qeyd olunan Qanunun yuxarıda istinad edilən imperativ normalarından göründüyü kimi, iddiaçı (ipoteka saxlayan) ilk növbədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməli, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tərəfindən tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədiyi təqdirdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilməlidir. Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş 16 yanvar 2021-ci il tarixli, 10/0174/KBK nömrəli sonrakı ipoteka müqaviləsinin 8-ci maddəsində də göstərilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi notarisusun icra qeydi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2020-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının 1-1-ci maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün notariat orqanına təqdim edilməli olan sənədlər göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Təsvir olunanlara əsasən belə qənaətə gəlirəm ki, hazırki iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsini qəbul edilməsindən imtina edilməli və iddiaçıya hazırki tələbi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq notoriat kontoruna müraciət etmək hüququ izah edilməli, habelə iddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 167 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 114, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırki tələbi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq notariat kontoruna müraciət etməli olduğu izah edilir. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 167 (bir yüz altmış yeddi) manat məbləğində (18.04.2022-ci il tarixdə ********* №-li qəbz) dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3141/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3141/2022
22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver