Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3154/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (açar sözlər: mənzilə istifadə hüququ, yaşayış sahəsinə ehtiyac) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqlarıxx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı ş. Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 11 saylı evin 44-cü mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı ş. Binəqədi rayonu, H.Babaşov küçəsi 11 saylı evin 44-cü mənzili DƏD Reyestrinin Bakı Şəhər Ərazi İdarəsinin verdiyi xx.xx.2008-ci il tarixli, Seriya MH ******* №li çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. O, 2008-ci ildən hazıradək həmin mənzildə yaşayır. Cavabdehlərdən Cavabdeh1 oğlu, Cavabdeh2 isə gəlinidir. Onların birgə nikahdan X5, X6, X7 və X8 adlı 4 uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 33 saylı Vəkil Bürosuna göndərdiyi xx.xx.2025 tarixli, № 18/2-2268/2025 saylı məktubunda göstərilir: “Sizin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladığınız müraciətinizə cavab olaraq bildiririk ki, sorğu etdiyiniz xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, ev 2, mənzil 23-də, xx.xx.2011-ci il tarixdən hazıradək Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 11, mənzil 44-də; xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, ev 2, mənzil 23-də, xx.xx.2011-ci il tarixdən hazıradək Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 11, mənzil 44-də; xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Zəngilan şəhəri, Natəvan küçəsi, ev 4-də, xx.xx.2013-cü il tarixdən hazıradək Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsi, ev 11, mənzil 44-də; xx.xx.2013-cü il təvəllüdlü X5 xx.xx.2014-cü il tarixdən hazıradək, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il tarixdən hazıradək, xx.xx.2011-ci il təvəllüdlü X7 xx.xx.2014-cü il tarixdən hazıradək və xx.xx.2017-ci il təvəllüdlü X8 xx.xx.2018-ci il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar”. Cavabdehlər təxminən 2008-2009-cu illərdə rəsmi nikaha daxil olan gündən Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi ev 2 mənzil 23-də bir neçə il yaşamış, sonra köçüb yenə də onun mülkiyyətində olmuş, Bakı ş. Binəqədi rayonu, H.Babaşov küçəsi 11 saylı evin onun mülkiyyətində olmaqla səkkizinci mərtəbədə olan başqa mənzilində ayrı yaşamışlar. Sonra oradan da köçərək 2023-cü ilədək başqa ünvanda olan, ona məxsus mənzildə ayrı yaşamışlar. Oğlu V.Abbasov 2023-cü ildən ailə üzvləri ilə birlikdə mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr. ev 180, 180A və 180B saylı evin 169-cu mənzilində yaşayırlar. Həmin müddətlərdə bir gün də olsun onunla birgə yaşamamış, birgə təsərrüfat aparmamışlar. DƏDK və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 33 saylı Vəkil Bürosunun sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda da Bakı şəhəri, Kristal Abşeron MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr. ev 180, 180A və 180B saylı evin 169-cu mənzilinin xx.xx.2023-cü il tarixdən Cavabdeh1 mülkiyyətində olması göstərilmişdir. Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun sorğusuna Kristal Abşeron MTK-nın sədri İbrahim Dostumalıyevin verdiyi 07 mart 2025-ci il tarixli arayışla da təsdiq olunur ki, Cavabdeh1 həqiqətən Kristal Abşeron MTK tərəfindən inşa olunmuş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr. ev 180, 180A və 180B saylı evin 169-cu mənzilində yaşayır. Göründüyü kimi, cavabdehlər və onların yetkinlik yaşına çatmayan uşaqları onunla yaxın qohumluq münasibətlərində olmalarına baxmayaraq heç vaxt onunla birgə yaşayıb, birgə təsərrüfat aparmamışlar, onun ailə üzvü olmamışlar. Ona məxsus mənzildə cavabdehlərə məxsus hər hansı bir əşya yoxdur. Onların sadəcə qeydiyyatı mülkiyyətində olan mənzilədir ki, bu da son nəticədə onun mülkiyyətində olan mənzildən istədiyi formada istifadə etməyinə, habelə mənzilə dair müstəqil sərəncam verməyinə maneçilik törədir ki, bu da onun konstitusion mülkiyyət hüquqlarını pozur. Cavabdehlər 2008-ci ildə nikaha daxil olmaqla həmin vaxtdan daimi olaraq başqa ünvanda yaşadıqları üçün onların onun mülkiyyətində olan mənzildən istifadə hüququ həmin vaxtdan faktiki olaraq itirilmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdeh həyat yoldaşı və övladları ilə birlikdə hər dəfə bir neçə ay olmaqla mübahisəli mənzildə yaşamış, daha sonra fərqli ünvana köçmüş, 2023-cü il tarixdən isə daimi olaraq mənzili başqa yaşayış yeri seçməklə tərk etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh1 tanısa da, yaxın münasibətləri olmamışdır. Özü mənzilin yerləşdiyi binada avtoyuma yerində işləyir və avtomobillərin yuyulması xidmətini göstərir. 10 ildən artıq müddətdir ki, həmin ərazidə işlədiyinə görə tərəfləri tanıyır. Cavabdeh1 bir neçə dəfə atasıgilə ailə üzvləri ilə gəlmiş, avtomobilini yumaq üçün açarını ona təhvil vermiş, sabah isə açarı təhvil almaqla getmişdir. Cavabdehlərin daimi olaraq həmin ünvanda yaşamalarına şahid olmamışdır. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada (poçt və sms bildiriş, zəng vasitəsilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışdan surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 11 saylı evin 44-cü mənzilinə xx.xx.2008-ci il tarixdən İddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyatdan alınmışdır. - xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, X4 "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 180, 185A və 180 B saylı evin 169-cu mənzilində yaşayır. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh2, X5, X2, Cavabdeh1, X6, X7 və X1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2, X5, X2, Cavabdeh1, X6, X7 və X1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; - 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla və işin faktiki halları ilə müəyyən edilmişdir ki, ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər iddiaçının evində qeydiyyatdadırlar. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 iddiaçının gəlini, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 iddiaçının nəvələridir. Cavabdehlər halhazırdadək həmin ünvanda yaşamırlar. İşin mübahisələndirilən halları cavabdehlərin mübahisəli evə istifadə hüququnun mövcud olub-olmamasından, olmuşsa istifadə hüququna xitam verilməsinin mümkünlüyündən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməzdən əvvəl, cavabdehlərin həmin evə münasibətdə hazırda istifadə hüququnun mövcud olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. İddia ərizəsindən, iddiaçının nümayəndəsinin izahatından, şahid ifadəsindən mülki iş materialından belə qənaətə gəlmək olar ki, cavabdehlər mübahisəli mənzildə yaşamamışlar. Belə ki, iddiaçı iddia ərizəsində özü göstərir ki, cavabdehləri onun evinə formal olaraq qeydiyyata almışdır. Cavabdehlərin istifadə hüququna Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Cavabdehlərdən Cavabdeh1 və xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 iddiaçıya münasibətdə “ailə üzvü”, Cavabdeh2 isə “digər ailə üzvü” hesab olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbi baxımından ailə üzvlərinin, yəni oğlu və nəvələri yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarının yaranması üçün mübahisəli mənzildə mülkiyyətçi ilə birgə yaşamaları kifayət edərdi, əks halda Mülki Məcəllənin 228.1-ci maddəsinin tələbi baxımından mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması lazım gələrdi. Bu iki halın da mövcudluğu işin halları ilə təqzib olunur. Yəni sözügedən cavabdehlər mübahisəli evdə nə mülkiyyətçi ilə birgə yaşamır, təsərrüfat aparmır, nə də ki, onlarla mülkiyyətçi arasında bununla bağlı yazılı razılaşma bağlanılmışdır. Digər ailə üzvü hesab olunan Cavabdeh2 da istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində qeyd olunduğu formada razılığı olmamışdır. Yəni Cavabdeh2 da mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Bununla yanaşı istifadə hüququnun əmələ gəlməsinin təməl şərtlərindən birinin şəxsin yaşayış sahəsinə olan ehtiyacının mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq olduğunu, cavabdehlərin isə həmin evdə yaşamadıqlarını və sadəcə olaraq formal olaraq qeydiyyata düşdüklərini nəzərə alarsaq, istifadə hüququnun yaranmasından ümumiyyətlə söhbət gedə bilməz. Bundan başqa “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsində qeyd edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehlərin onun mülkiyyətində olan evə istifadə hüququnun yaranmasını və ya mövcud olmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehlərin iddiaçının mülkiyyətində olan evə qeydiyyata alınması onların həmin evə istifadə hüququnun yaranmasına hüquqi əsas olmadığından cavabdehlərin həmin evdən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə eyni zamanda mövcud mübahisənin həlli baxımından qeyd edir ki, cavabdehlərin həmin evdə pasport qeydiyyatında qalmaları iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən cavabdehlərin mübahisəli evdə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməli və onların həmin mənzildən istifadə hüququnun olmaması pasport qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bu Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları- xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid olunsun. Bu Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 uşaqları- xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-3154/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3154/2025
14.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver