Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-317/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı «X3» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «X3» MMC-nin Cavabdeh qarşı müqaviləyə xitam verilməsi və avtomobilin iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X3» MMC Cavabdeh qarşı müqaviləyə xitam verilməsi və avtomobilin iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixli K-438A-PCC-18 №-li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçındən Chevrolet Niva minik markalı 99AR022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (şassi X9L212300G0597492) satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin dəyəri 25144 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh həmin məbləğdən 5300 manat məbləğində olan hissəsini ilkin ödəniş kimi icra etmişdir. Qalan 19844 manat məbləğində pulun hissə-hissə olmaqla 36 ay müddətinə ödənilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də 2019-cı ilin dekabr ayından ödənişlərin icrasını tamamilə dayandırmışdır. Dəfələrlə cavabdehə öhdəliklərini icra etməsi barədə xəbərdarlıqlar edilməsinə və bununla bağlı onunla danışıqlar aparılmasına baxmayaraq cavabdeh bu günə qədər öhdəliklərini icra etməmişdir. İcra etməli olduğu ödənişləri icra etməməsi azmış kimi cavabdeh həm də qeyd edilən nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və İddiaçı MMC-nin etibarından sui-istifadə edərək sığorta şirkəti tərəfindən verilmiş sığorta ödənişini mənimsəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «X3» MMC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, o, 2019-cu ilin senytabr ayında qəza keçirsə də, həmin ilin dekabr ayınadək aylıq ödənişlərini vaxtı-vaxtında ödəmişdir. Həmin vaxt avtomobil təmirdə idi. Sığorta şirkətindən 5800 manat məbləğində pulu götürüb servisə vermək üçün ora yaxınlaşsa da, ondan 7900 manat tələb edildiyinə görə pulu özündə saxlamışdır. Sığorta şirkətindən götürdüyü pulu iddiaçıya vermədiyi üçün iddiaçı tərəfindən avtomobil ona qaytarılmamışdır. Bu səbəbdən də o, 2019-cu ilin dekabr ayından ödəniş etməyi dayandırmışdır. Hazırkı iddia tələbini qəbul etmir və hesab edir ki, ondan təmir üçün əlavə pul tələb edilməməli və avtomobil özünə qaytarılaraq, aylıq ödənişlərinin edilməsinə şərait yaradılmalıdır. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Avtomobilin müddətli satışı üzrə müqavilədən görünür ki, həmin müqavilə «X3» MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən dəyəri 25144,06 manat olan “Chevrolet Niva” markalı avtomobil saz vəziyyətdə Cavabdeh ilkin ödəniş 5300 manat və qalan məbləğ 36 ay müddətində hər ay 551 manat ödənilməsi şərtilə satılmışdır. Müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı ... öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək, avtomobili geri götürmək və ödənilmiş məbləği geri qaytarmamaq satıcının hüququ kimi müqavilədə öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 600-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə dəyəri hissə-hissə ödənilməklə «X3» MMC-dən avtomobil almış və 2019-cu ilin dekabr ayından həmin avtomobil üçün müqavilə ilə müəyyən edilmiş aylıq ödənişləri həyata keçirmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «X3» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, K-438A-PCC-18 saylı Avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilməli və “Chevrolet Niva” minik markalı, 99AR022 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq «X3» MMC-yə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. «X3» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, K-438A- PCC-18 saylı Avtomobilin müddətli satışı üzrə müqaviləyə xitam verilsin. “Chevrolet Niva” minik markalı, 99AR022 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq iddiaçı «X3» MMC-yə qaytarılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı «X3» MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-317/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-317/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver