Məhkəmə qərarları › İş №e-2(001)-3173/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3173/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3173/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 835,92 ABŞ dolları əsas, 168,25 ABŞ dolları faiz borcunun, cəmi 1.004,17 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli “Nağd pul lahiyəsi” müqaviləsinə əsasən bank borcluya 12 ay müddətinə, illik 28% olmaqla 1.350 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə vəsatəti əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin icrası müddəti xx xxxxxx 2015-ci il tarixdə başa çatmış, xx xxxx 2018-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən məhkəmə əmri çıxarılmışdır. Beləliklə də, iddia müddətinin axımı həmin tarixdə kəsilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Özü də burada söhbət məhkəməyə iddia irəli sürməkdən deyil, yekun məhkəmə qərarı olan əmrin çıxmasından gedir. Bu mənada hər bir halda ən azı əmrin ləğvi tarixindən yeni iddia müddətinin tədbiqi başlaya bilərdi. Eyni zamanda, iddia ərizəsinin sonradan baxılmamış saxlanmasının subyektiv deyil, obyektiv səbəbləri olmuşdur. Həmin obyektiv səbəb ondan ibarətdir ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq həmin kredit müqaviləsinin restrukturizasiya edilmək ehtimalı olmuşdur. Fərmana əsasən də, problemli kreditin restrukturizasiya edilməsinə şərait yaratmaq üçün iddia ərizələri baxılmamış saxlanılmaqla məhkəmələrdən geri götürülməli idi. İddiaçı da öz üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirərək restrukturizasiyaya düşən bütün işlərin baxılmamış saxlanılmaqla məhkəmələrdən geri götürülməsi barədə ərizələri məhkəməyə təqdim etmişdir. Bu faktiki əsaslarla iddia baxılmamış saxlanılmışdır. Cavabdeh bu kredit müqaviləsi üzrə Fərmanın təsir dairəsinə düşsə də, o, xx xxxxxx 2019-cu il tarixə qədər banka yaxınlaşmamış və bununla bağlı banka heç bir müraciət etməmişdir. Bankda eyni zamanda fərmanın icrası üçün ayrılmış müddət bitdiyi üçün restrukturizasiya edilməmiş işlərlə bağlı yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 2-3 ay ödəniş etmiş, sonradan ABŞ dollarının manata məzənnəsi dəyişdiyindən ödənişləri edə bilməmişdir. İddiaçının ona qarşı olan hazırkı tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(001)-4006/2028 saylı məhkəmə əmri ilə təmin edilmişdir. Daha sonra isə qeyd edilən məhkəmə əmri ləğv edilmiş, mülki iş üzrə iddia icraatına keçirilmişdir. Həmin məhkəmənin xx xxx 2018-ci il tarixli, 2(001)-4006/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və icraat dayandırılmışdır. Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, xx xxx 2019-cu il tarixli, 2(001)-349/2019 saylı qərardadı ilə isə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 381.1-ci maddələrinin tətbiq edilməsini və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli, CC/96702/46/11 saylı kredit Sazişindən və ödəniş cədvəlindən görünür ki, bank Cavabdeh illik 28% hesablanmaqla 12 ay müddətinə 1.350 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit məbləğinin ödəniş tarixinin əvvəli xx xxxxxx 2014-cü il tarixindən başlamaqla, xx xxxxxx 2015-ci il tarixinə qədər geri qaytarılması nəzərdə tutulmuşdur; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 835,92 ABŞ dolları əsas, 168,25 ABŞ dolları faiz borcu vardır; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-349/2019 saylı qərardadından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanmışdır; Elektron qaydada ödənilmiş ********* nömrəli ödəniş qəbzinə əsasən iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından müəyyən olunduğu kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Lakin göstərilənlərə baxmayaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, xx xxxxxx 2014-cü il tarixli, CC/96702/46/11 saylı kredit Sazişindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx xxxxxx 2015-ci il tarixdə bitmişdir. İddiaçının müraciəti əsasında xx xxxx 2018-ci il tarixdə məhkəmə əmri qəbul edilsə də, sonradan həmin əmr ləğv edilmiş və mülki iş üzrə iddia icraatına keçilmiş, daha sonra isə məhkəmənin xx xxx 2019-cu il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, iddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunmuşdur ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(001)-349/2019 saylı qərardadı ilə iddiaçının iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, yəni tərəflər məhkəməyə gəlmədiklərinə görə baxılmamış saxlanılmış, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın icrası ilə bağlı deyil. Bundan başqa, iddiaçı həmin qərardadı mübahisələndirməmiş, həmin Fərmanın icrası müddəti bitdikdən bir ildən artıq müddət keçdikdən sonra məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, qət e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar