Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-318/2023 03.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15303,57 manat əsas borc və 8138,42 manat faiz borcu olmaqla, cəmi 23441,99 manat borcun və 160,73 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı tələbini artıraraq, cavabdehlərdən müştərək qaydada 14106.58 manat əsas borc və 98885.25 manat faiz borcu olmaqla, cəmi 23991.83 manat borcun və 163.6 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2019 il tariхli, 105804-670906/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 30000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda bank və digər cavabdeh – Cavabdeh2 arasında 17 dekabr 2019 il tariхli, 105804-670906/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 17 dekabr 2019 il tariхli, 105804-670906/2 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 17 avqust 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 15303.57 manat məbləğində əsas bоrcu və 8138.42 manat faiz borcu оlmaqla, ümumilikdə 23441.99 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, kredit müqaviləsi üzrə əsas borcun iddia tələbi həddində, yəni 14106,58 manat məbləğində olduğunu etiraf edir. Lakin faiz borcunun ekspert rəyinə uyğun hesablanmasını xahiş edir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir.
7. Həmçinin Cavabdeh1 iddiaya etirazında göstərmişdir ki, kreditor məqsədli şəkildə məhkəməyə vaxtında müraciət etməyərək kredit faizlərinin artmasına rəvac vermişdir. Bele ki, kreditor bildirir ki, borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onlar borclarını ödəməmişdir. Göründüyü kimi iddiaçı "xxxx" ASC borclular tərəfindən borcun vaxtında ödənilmədiyini gördükdən sonra ən geci 3 ay müddətində məhkəməyə müraciət etmək əvəzinə Bank 9 aydan sonra məhkəməyə müraciət etmişdir. Nəticədə mənim 15303,57 manat məbləğində əsas borcuma 8138,42 manat faiz borcu hesablanmışdır. Mən bankdan 17 avqust 2019-cu il tarixdə 30.000 (otuz min) manat məbləğində kredit götürmüşəm və 2 ilə yaxın sabit ödədikdən sonra bu günə Bankın iddiasına görə borcum bu günə 23441,99 (iyirmi ü min dörd yüz qırx bir manat, 99 qəpik) manat təşkil edir. Bundan başqa tərəfindən ödənilən kredit borcları demək olar ki, əsasən mənim faiz borclarıma ödənilmişdir, əsas borcdan isə silinməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimə və faizlərin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Göründüyü kimi Kreditor öz ərizəsində qeyd etmişdir ki, borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onlar borclarını ödəməmişdir. Göründüyü kimi iddiaçı "xxxx" ASC borclular tərəfindən borcun vaxtında ödənilmədiyini gördükdən sonra ən geci 3 ay müddətində məhkəməyə müraciət etmək əvəzinə Bank 9 aydan sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda hesab edirəm ki, məhkəmə ədalətli qərar verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən mənə tənasübsüz surətdə hesablanmış faiz borclarının silinməsinə qərar verəcəkdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank kredit alana şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 21 % olmaqla 30000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 17 dekabr 2019-cü il, sonuncu ödəniş tarixi 17 dekabr 2022-ci il olaraq müəyyən edilmişdir.
9. İddiaçı ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan xx.xx.2019-cu il tarixli, 105804-670906/2 saylı zaminlik müqaviləsinə əsasən zamin 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsi üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.
10. İddiaçı ASC tərəfindən verilən kassa məxaric orderindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixində 30000 manat məbləğində kredit verilmişdir.
11. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsi üzrə 19 sentyabr 2022ci il tarixinə 14106,58 manat əsas borc, 9885,25 manat faiz borcu hesablanmışdır.
12. Expressbank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, borclulara 17 dekabr 2019-cu il tarixli 105804- 70906/2 saylı müqavilə üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, yaranmış borcun 12 may 2021-ci il tarixədək ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2511 saylı, 25 aprel 2023-cü il tarixli ekspert rəyi ilə xx.xx.2022-ci il tarixində Cavabdeh1 banka əsas borcu 11663,47 manat, faiz borcu isə 6,8 manat hesablanmış, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci ildən sonra da, ödəniş edildiyindən son hesablamalar nəticəsində banka əsas borcu 10539,96 manat, faiz borcu isə 6,80 manat hesablanmışdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2511 saylı, 25 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış, kassa mədaxil qəbzləri və tərəflər arasında bağlanmış 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 maliyyə arayışı verilən tarixə, yəni 19 sentyabr 2022-ci il tarixinə İddiaçı ASC-yə olan əsas borcu 10524,88 manat, faiz borcu 61,40 manat, ümumilikdə 10586,28 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır.
15. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 163,6 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
16. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh1 arasında 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsi bağlanmış, kredit alana şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 21 % olmaqla 30000 manat məbləğində borc vermiş, borc alan isə borcu qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür
17. Cavabdeh1 saziş üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona kredit müqaviləsi üzrə 19 sentyabr 2022-ci il tarixinə 14106,58 manat əsas borc, 9885,25 manat faiz borcu hesablanmışdır.
18. Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehlərdən tələb edir.
19. Cavabdeh1 tərəfindən tələb edilən borc məbləği mübahisələndirildiyindən, iş üzrə məhkəmə tərəfindən iki dəfə mühasibatlıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2511 saylı, 25 aprel 2023-cü il tarixli ekspert rəyi ilə xx.xx.2022-ci il tarixində Cavabdeh1 banka əsas borcu 11663,47 manat, faiz borcu isə 6,8 manat hesablanmış, Cavabdeh1 tərəfindən xx.xx.2022-ci ildən sonra da, ödəniş edildiyindən son hesablamalar nəticəsində banka əsas borcu 10539,96 manat, faiz borcu isə 6,80 manat hesablanmışdır.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2511 saylı, 25 aprel 2023-cü il tarixli ekspert rəyi Cavabdeh1 19 sentyabr 2022-ci il tarixinə İddiaçı ASC-yə əsas borcunun 10524,88 manat, faiz borcunun 61,40 manat olması müəyyən edilmişdir.
21. Sonuncu məhkəmə iclasında isə Cavabdeh1 iddia tələbini qismən etiraf etməsi barədə ərizə təqdim etməklə, əsas borcu məbləğinin iddia tələbi həddində, yəni 14106.58 manat olmasını etiraf etmiş, faiz borcunun isə sonuncu ekspert rəyinə uyğun hesablanmasını xahiş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
22. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
23. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
24. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
25. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;
26. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
27. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
28. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
29. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
30. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;
31. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;
33. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;
34. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
35. Göründüyü kimi, 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsi üzrə iddiaçı cavabdehin 14106,58 manat məbləğində əsas borcunun, 9885,25 manat faiz borcunun yarandığını iddia edir, cavabdeh isə əsas borca münasibətdə iddianı etiraf edir, faiz borcuna münasibətdə isə iddianı qəbul etməyərək, faiz borcunun sonuncu ekspert rəyinə uyğun hesablanmasını istəyir. Məhkəmə ilk olaraq cavabdeh tərəfindən iddianın əsas borca münasibətdə etiraf edilməsini qanuna uyğun hesab etmir.
36. Məhkəmə araşdırması dövründə borc məbləğinin düzgün hesablanması və işin obyektiv həlli üçün iki dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2511 saylı, 25 aprel 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixində Cavabdeh1 banka əsas borcu 11663,47 manat, faiz borcu isə 6,8 manatdır. Lakin xx.xx.2022-ci il tarixindən sonra xx.xx.2022-ci il tarixində 1280 manat ödəniş etmişdir. Bundan sonra Cavabdeh1 banka əsas borcu 10539,96 manat, faiz borcu isə 6,80 manatdır. Daha sonra bankın nümayəndəsi ekspertiza zamanı bankın təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışı dəqiqləşdirmə barədə ərizəsinin nəzərə alınmamasını iddia etdiyindən mülki iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2511 saylı, 25 aprel 2023-cü il tarixli ekspert rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə 19 sentyabr 2022-ci il tarixinə İddiaçı ASC-yə əsas borcunun 10524,88 manat, faiz borcunun 61,40 manat olması müəyyən edilmişdir. Ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinədək ümumilikdə 31970,13 manat məbləğində ödənişlər edilmişdir ki, həmin ödənilmiş 31970,13 məbləğində pul vəsaitinin 19475,1 manat məbləğinin əsas borca, 12494,8 manat məbləğinin isə faiz borcuna silinməsi müəyyən edilmişdir. Əsas və faiz borcundan silinmələr nəzərə alındıqda isə 10524,88 manat əsas, 61,40 manat faiz borcu hesablanmışdır.
37. Hazırki halda, məhkəmə keçirilmiş sonuncu ekspertiza tədqiqatının nəticəsi olan 9/2511 saylı, 25 aprel 2023-cü il tarixli ekspert rəyinə mötəbər sübut kimi qiymət verərək, hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun hesablanmalıdır. Bundan başqa əsas borclu borcu etiraf etmiş olsa da görünən odur ki, bu etiraf zamin- Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafeyini pozur. Belə ki, zamin əsas borclu ilə birlikdə kreditor qarşısında birgə borclu kimi çıxış edir və qətnamənin gələcəkdə icrası müştərək qaydada həyata keçiriləcəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin(borcalanın) etirafı üçüncü şəxslərin(zaminin) hüquqlarına toxunduğundan qəbul edilməməlidir.
38. Beləliklə, Cavabdeh1 öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh2 isə zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Tətbiq edilən prosessual normalar:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
40. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
41. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
42. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
43. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
45. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
46. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsi üzrə əsas borca görə 10524,88 manat, faiz borcuna görə 61,40 manat olmaqla, ümumilikdə 10586,28 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
47. Həmçinin mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
48. İddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 71 manat hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 17 dekabr 2019-cu il tarixli 105804-70906/2 saylı kredit müqaviləsi üzrə əsas borca görə 10524,88 manat, faiz borcuna görə 61,40 manat olmaqla, ümumilikdə 10586,28 (on min beş yüz səksən altı manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə 71 (yetmiş bir) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev