Məhkəmə qərarları › İş №e-2(001)-3186/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3186/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3186/2024 03.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və ödənilməmiş aliment borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və ödənilməmiş aliment borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5774/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X9 onun himayəsində saxlanılmış və onların saxlanılması üçün hər uşağa 117 manat aliment müəyyən olunmuşdur. O, aliment miqdarının artırılması üçün 2022-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6160/2022 saylı qətnaməsinə əsasən hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat aliment müəyyən edilmişdir. Hal-hazırda X3 15 yaşı və X7 12 yaşı vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin atası Əlihüseyin vəfat etdiyinə görə hal-hazırda ona kömək edən heç kim yoxdur. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa vaxtında və düzgün ödəməmişdir. Uşaqların bütün qayğıları, ehtiyacları tamamilə onun tərəfindən çəkilir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının “2024-cü il üçün yaşayış minumumu haqqında” Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı nəzərə alaraq, o, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 235 manata çatdırılmalıdır. Cavabdeh ilə aralarında olan sonuncu məhkəmə zamanı cavabdeh məhkəməyə əlil olması ilə bağlı sənədlər təqdim edərək alimenti tam miqdarda ödəməkdən yayınmağa çalışmışdır. Həmçinin cavabdeh bildirmişdir ki, başqa övladı da var, onun da xərclərini o, ödəyir və heç bir yerdə işləmir. Lakin cavabdeh, yəni keçmiş həyat yoldaşı hal-hazırda Cəlilabad rayonunda yerləşən Gənclik restoranında operator işləyir. Belə ki, 2019-cu ildən bu günə qədər Dövlət Sosial Müdafiə Fondu cavabdehin əlillik müavinətindən hər ay üçün ümumilikdə hər iki uşağa görə cəmi 212 manat tutaraq ona ödəmişdir. Lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6160/2022 saylı qətnaməsinə əsasən hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat aliment müəyyən edilmişdir. Bu günə qədər məhkəmənin qətnaməsində olan 280 manat deyil ona 212 manat ödənilməklə hər ay üçün 68 manat məbləğində kəsir yaranmışdır. Bu isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-6160/2022 saylı qətnaməsinin düzgün icra edilmədiyindən xəbər verir. Bu gün dövlət tərəfindən hər uşaq üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdirsə, deməli onun hər iki övladını normal yaşatmağı üçün ona aylıq 470 manat lazımdır. Lakin o, hər iki uşağını 212 manatla yaşatmağa çalışır ki, bu da mümkün deyildir. Buna görə də o, çox əziyyət çəkir. Əgər cavabdeh əlildirsə və işləmirsə o zaman o, uşaqlarını 212 manat alimentlə necə yaşatmalıdır? Bu tamamilə ədalətsizlikdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi hər ay hər biri üçün 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsi və 2019-cu ildən bu günə qədər ödənilməyən aliment miqdarının müəyyən edilərək ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda cavabdehlə birgə nikahlarından olan övladlarının tələbatlarının artmasını, cavabdehin hazırki günədək 6000 manatadək aliment borcunun olmasını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, 22 avqust 2008-ci il təvəllüdlü X3 və 28 iyun 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2(001)-5774/2026 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00160 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:30-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini və 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavabdan məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5774/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahlarından 22 avqust 2008-ci il tarixdə doğulmuş X3 və 28 iyun 2011-ci il tarixdə doğulmuş X7 anaları X1 yanında saxlanılmalıdır. Onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay, hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməlidir. İcra sənədi icra olunmaq üçün Cəlilabad rayon İcra və probasiya şöbəsinin icraatına xx.xx.2016-cı il tarixdə daxil olmuşdur. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə və məhkəməyə göndərilmişdir. Borclunun adına əmlak və gəlirlərinin olmasını müəyyən etmək üçün müvafiq qurumlara sorğular göndərilmiş, tələbin yönəldilə biləcəyi əmlak və gəlirləri aşkar olunmamışdır. Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün xx.xx.2016-cı il tarixdə Cəlilabad Rayon Məhkəməsinə təqdimat göndərilmişdir. Cəlilabad rayon Məhkəməsinin 8(073)- 616/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. xx.xx.2017-ci il tarixdə borclu Cəlilabad rayon İcra və probasiya şöbəsinə dəvət edilmişdir. Borclunun izahatı alınmış, borcunun ödənilməsi tələb olunmuşdur. İcra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün borclu barəsində protokol tərtib edilərək baxılması üçün xx.xx.2017-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 3(073)-119/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən inzibati icraata xitam verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclunun pensiya aldığı məlum olmuşdur. Tələb xx.xx.2019-cu il tarixdə borclunun pensiyasına yönəldilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(106)-84/2017 sayli qərarına əsasən Cəlilabad Rayon Məhkəməsinin 3(073)-119/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmişdir, iş yenidən baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 3(073)-119/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarına əsasən borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində borclu Cəlilabad rayon İcra və probasiya şöbəsinə dəvət edilmişdir. Borclunun izahatı alınmış, borcunun ödənilməsi tələb olunmuşdur. İcra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün borclu barəsində protokol tərtib edilərək baxılması üçün xx.xx.2019-cu il tarixdə Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 3(073)- 429/2019 saylı, xx.xx.2019-ci il tarixli qərarına əsasən borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Tələbkarın xx.xx.2019-cu il tarixdə Cəlilabad rayon İcra və probasiya şöbəsinə daxil olmuş məktubunda borclunun cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə borclu Cəlilabad rayon İcra və probasiya şöbəsinə dəvət edilmişdir. Borclunun izahatı alınmış, borcunun ödənilməsi tələb olunmuşdur. Borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 1(073)- 175/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən borc tam ödənildiyi üçün cinayət işinə xitam verilmişdir. İcra sənədinin icrasını təmin etmək üçün 2022-ci ilin aprel ayından borclunun pensiya hesabına inkasso sərəncamı qoyulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001 )-6160/2022 saylı icra vərəqəsinə əsasən 22 avqust 2008-ci il təvəllüdlü X3 və 28 iyun 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5774/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməsi və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İcra sənədi icra olunmaq üçün Cəlilabad rayon İcra və probasiya Şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə və məhkəməyə göndərilmişdir. Borclunun adına əmlak və gəlirlərinin olmasını müəyyən etmək üçün müvafiq qurumlara sorğular göndərilmiş, tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixdə bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə qərar qəbul edilərək tərəflərə və məhkəməyə məlumat verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5774/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə tələb tam icra olunduğuna görə xx.xx.2023-cü il tarixdə qeyd olunan icra işinə xitam verilməsi barədə qərar qəbul edilərək tərəflərə və məhkəməyə məlumat verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində hər iki icra sənədi üzrə borclunun tələbkara yaranmış 23434 manat borcundan 21025 manat ödənilmiş, hal-hazırda 2409 manat borcu yaranmışdır. İcra işi nəzarətdədir, borcun ödənilməsi üçün icra tədbirləri davam etdirilir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh pensiya məbləği 337.77 manat təşkil edir. İş materiallarında olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 574947 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X4r. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən hər uşaq üçün 140 manat aliment müəyyən edilmişdir ki, bu məbləğdə uşaqların saxlanılması üçün kifayət etmir. Hazırda 2024-cü il üçün minimum yaşayış haqqında qanunun tələbini əsas gətirərək hər uşaq üçün ondan 235 manat məbləğində alimentin artırılmasını tələb etmişdir. O, etiraz ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. Yəni ən azı iddiaçıda onun qədər uşaqların saxlanılması üçün vəsait sərf etməlidir. Əgər həmin vəsait iddiaçı tərəfindən sərf edilərsə bir uşaq üçün 280 manat pul edir ki, bu vəsaitdə yaşayış minimum məbləğindən artıq edir. Belə ki, iddiaçının özü də əmək qabiliyyətli şəxsdir. Yəni müvafiq işlə məşğul ola bilər. Hansıki, uşaqların yaş həddi onun əmək fəaliyyəti ilə məşğul olmasına mane deyildir. Lakin iddia ərizəsindən məlum olur ki, iddiaçı uşaqlar ücün nəzərdə tutulmuş aliment məbləğindən özünün də saxlanılması üçün istifadə edir, bu da yolverilməzdir. O, özü də hazırda işsizdir, işlə təmin olunması üçün aidiyyəti orqanlara müraciət etmiş, hazırda iş axtaran kimi qeydiyyata alınmışdır. Himayəsində bir azyaşlı uşağı vardır. Yeganə gəlir mənbəyi 337.77 manat təşkil edir. Bu məbləğin böyük hissəsi aliment hesabına saxlanılır. O, özü də ailəni saxlamaqda çətinlik çəkir. Onun operator işləməsi ilə bağlı bildirmişdir ki, bu tam yalandır. Göstərilənləri nəzərə alaraq, cavabdeh ona qarşı irəli sürülmüş iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar, onların nikahları Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən 464 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X9 adlı iki övladları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 22 avqust 2008-ci il təvəllüdlü X3 və 28 iyun 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2(001)-5774/2026 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində müəyyən edilmişdir. Bununla yanaşı, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6160/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin (hər ay hər 140 manat məbləğində alimentin ödənilməsi) icrası başladıqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsə də, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Cavabdeh alimentin artırılmamasını xahiş etsə də, məhkəmə uşaqların mənafelərini rəhbər tutaraq, belə qənaətə gəlir ki, cavabdehin kifayət qədər qazanca malik olmaması onu uşaqları saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən, həmçinin uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Digər tələbə, yəni “2019-cu ildən bu günə qədər ödənilməyən aliment miqdarının müəyyən edilərək ona ödənilməsi” tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5774/2016 saylı, xx.xx.2016-cı il tarixli və 15 noyabr 2022-ci il tarixli, 2(001)- 6160/2022 saylı tarixli icra sənədləri icra edilməsi məqsədilə Cəlilabad rayon İcra və Probasiya şöbəsi göndərilmiş, həmin şöbə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuya cavabla da bir daha təsdiq edilmişdir ki, sözügedən icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə bir sıra icra tədbirləri həyata keçirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5774/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə tələbin tam icra olunması səbəbindən xx.xx.2023-cü il tarixdə qeyd olunan icra işinə xitam verilməsi barədə qərar qəbul edilərək tərəflərə və məhkəməyə məlumat verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində hər iki icra sənədi üzrə borclunun tələbkara yaranmış 23434 manat borcundan 21025 manat ödənilmiş, hal-hazırda 2409 manat borcu yaranmışdır. Eyni zamanda bildirilmişdir ki, borcun ödənilməsi məqsədilə icra tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106.1-ci maddəsinə əsasən icra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı (tələbkar) İddiaçı icra məmuru tərəfindən hesablanmış məbləğlə razı deyil, onun tərəfindən tərtib edilməklə məhkəməyə təqdim edilmiş cədvələ əsasən o, hesab edir ki, aliment borcu 5990 manat təşkil edir. Məhkəmə həmin hissədə hesab edir ki, iddia tələbləri “2019-cu ildən bu günə qədər ödənilməyən aliment miqdarının müəyyən edilərək ona ödənilməsi” hissəsində Azərbaycan Respublikasının Ailə Məcəlləsinin yuxarıda sadalanan normalarına əsasən təmin edilməməli, İddiaçı aliment borcunun müəyyən edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbləri “2019-cu ildən bu günə qədər ödənilməyən aliment miqdarının müəyyən edilərək ona ödənilməsi” hissəsində isə təmin edilməməli və İddiaçı aliment borcunun müəyyən edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məhkəməyə şikayət etmək hüququnun olması izah edilməlidir. Alimentin yeni məbləğdə tutulması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarına əsasən müəyyən edilmiş formada, yəni qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6160/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 42.80 manat dövlət rüsumu Azərbaycan Respublikasının dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı aliment borcunun müəyyən edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məhkəməyə şikayət etmək hüququ izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar