Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3205/2023 28.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1nə (MMC) qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Seyidov X2 Sadiq Rza oğluna və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərin əvəzi kimi cəmi 13200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı icarə müqaviləsi əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 noyabr 2022-ci il tarixdə saat 00:30-da Sumqayıt-Bakı köməkçi yolu ilə hərəkətdə olarkən Cavabdeh1 MMC-yə məxsus “Hyundai HD 78” markalı xüsusi təyinatlı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 ara məsafəsi saxlama qaydalarını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törədərək onun idarə etdiyi avtomobili arxadan vurmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinin yararsız vəziyyətə düşməsi nəticəsində ona 3474,58 manat ziyan dəymişdir. “Toyota Bakı Mərkəzi”nin tərtib etdiyi kalkulyasiyaya uyğun olaraq onun avtomobilinin təmir işləri üçün 5084,75 manat xərc müəyyənləşdirilmişdir. Habelə, qiymətləndirmənin keçirilməsi üçün iddiaçı tərəfindən 150 manat pul ödənilmişdir. İddiaçının əmlakına vurulmuş ziyanın ümumi miqdarı 10100 manat təşkil edir. Bundan əlavə, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı avtomobildən istifadəyə görə MMC-yə gündəlik 25 manat pul ödəməlidir. 12 noyabr 2022-ci il tarixdən bugünə qədər avtomobil yararsız olduğundan istifadəsiz qalmışdır. İddiaçı icarə haqqından əlavə özü gündəlik 30 manat gəlir əldə etmişdir, lakin hazırda bu gəlirdən də məhrum olmuş və MMC ondan ödəməli olduğu gündəlik 25 manatı tələb edir. Yəni, o, MMC-yə 1300 manat ödəməlidir, əldən çıxmış fayda isə 3100 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, Cavabdeh2 idarə etdiyi, digər cavabdehə məxsus xüsusi təyinatlı nəqliyyat vasitəsinin onun idarə etdiyi, "xxxx" MMC-yə məxsus avtomobillə toqquşması nəticəsində onun idarə etdiyi avtomobilə ciddi ziyan dəymiş, avtomobil faktiki olaraq hadisə baş verdiyi tarixdən istifadəyə yararsız olaraq qalmaqdadır. Avtomobilin təmir-bərpa xərcləri mütəxəssis rəyi ilə müəyyənləşdirilmişdir. O, avtomobili icarə müqaviləsi əsasında idarə etmiş, mülkiyyətçiyə icarə haqqı kimi gündəlik 25 manatdan əlavə özü üçün 30 manat gəlir əldə etmişdir. Avtomobilin hadisə baş verdiyi gündən istifadəyə yararsız olması nəticəsində o, gəlir əldə edə bilmir, nəticədə icarə haqqını da ödəyə bilmir. Buna görə "xxxx" MMC ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də o, cavabdehlərdən həm avtomobilin təmir xərclərini, həm avtomobilinin mülkiyyətçisinə ödəməli olduğu icarə haqqının əvəzini, eləcə də əldən çıxmış faydanı tələb edir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Hər iki cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada (həm poçt vasitəsilə, həm “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılmış elektron kabinetlə, həm də SMS vasitəsilə bildiriş göndərilməklə) məlumatlandırılmalarına baxmayaraq, məhkəmədə iştirak etməmiş, iddiaya öz yazılı münasibətlərini bildirməmişlər. İş materiallarında olan: - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli "xxxx"ndən görünür ki, MMC mülkiyyətində olan “Toyota Prius” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manat icarə haqqı ödənilmək şərti ilə İddiaçı təhvil vermişdir. - 01 noyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, “Hyundai HD 78” markalı xüsusi təyinatlı, **-JX-*** dövlət qeydiyyat nişanlı evakuator Cavabdeh1 MMC-nin mülkiyyətindədir. - “İnzibati tənbeh vermə haqqında” 14 noyabr 2022-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh2 12 noyabr 2022-ci il tarixdə, saat 00:30-da Sumqayıt-Bakı köməkçi yolu ilə idarə etdiyi “Hyundai HD 78” xüsusi təyinatlı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ara məsafəsi qaydalarını pozmaqla yolnəqliyyat hadisəsi törətmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli, QXM 435 M saylı rəydə göstərilmişdir ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində “Toyota Prius” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin miqdarı usta xərcləri ilə birlikdə 3950 manat müəyyən edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(011)- 5181/2023 saylı bildirişindən və ona qoşma edilmiş iddia ərizəsindən görünür ki, "xxxx" MMC İddiaçı müqavilə üzrə ödənilməmiş 350 manat icarə haqqı, vurmuş olduğu 1210 manat maddi zərər, 206 manat inzibati cərimə, habelə 37 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1803 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə 08 iyun 2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki iddia tələbi aşağıdakı hissələrdən ibarətdir: - Avtomobilin zədələnməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi; - Qiymətləndirmənin keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş pulun tutulması; - İcarə haqqı kimi ödəməli olduğu məbləğin tutulması; - Əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 12 noyabr 2022ci il tarixdə idarə etdiyi, Cavabdeh1 MMC-nin mülkiyyətində olan evakuatorla İddiaçı idarə etdiyi, "xxxx" MMC-nin mülkiyyətində olan avtomobillə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Hadisə nəticəsində iddiaçının avtomobilinə dəymiş zərər qiymətləndirici şirkətin rəyinə əsasən 3950 manat müəyyən edilmişdir. Habelə, yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçı onu idarə edə bilməmiş, nəticədə "xxxx" MMC-nin ona qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyi iddia tələbindən görünür ki, 08 iyun 2023-cü il tarixə, yəni icarə müqaviləsinə xitam verildiyi tarixə 350 manat icarə haqqı borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia 12 noyabr 2022-ci il tarixdə Cavabdeh1 MMC-yə məxsus “Hyundai HD 78” markalı xüsusi təyinatlı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 yol-hərəkəti qaydalarını pozması nəticəsində ara məsafəsi saxlama qaydalarını pozması nəticəsində “Toyota Prius” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Göründüyü kimi hazırkı halda deliktin əmələ gəlməsi Cavabdeh1 MMC-yə məxsus “Hyundai HD 78” markalı xüsusi təyinatlı, **-YX-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin şirkətin etibarnaməsi əsasında idarə edən Cavabdeh2 tərəfindən törədilən inzibati hüquq pozuntusuna əsaslanır. Belə olduğu halda məhkəmə hesab edir ki, Toyota Prius” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə vurulmuş zərərin əvəzinin tutulması hissəsində qiymətləndirici şirkətin rəyinə uyğun olaraq 3950 manat həcmində, avtomobilin yararsız vəziyyətdə olması səbəbindən iddiaçı tərəfindən həmin avtomobilin mülkiyyətçisinə ödənilməyən icarə haqqının əvəzi kimi 350 manat həcmində təmin edilməli, qalan hissələrdə rədd edilməlidir. Məhkəməin təşəbbüsü ilə avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün qiymətləndirici şirkət dəvət etdiyindən və həmin şirkətin rəyini sübut olaraq qəbul etdiyindən iddia qiymətləndiriciyə ödənilmiş 150 manatın cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir. İddiaçı tərəfindən idarə etdiyi avtomobilin mülkiyyətçisi olan "xxxx" MMC-yə ödənilməli 1300 manat icarə haqqının cavabdehlərdən tutulması hissəsində iddiaya münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə "xxxx" MMC-nin icarə haqqına görə İddiaçı 350 manat pul tələb etdiyi müəyyən edilir. Həmin pul tərəflər arasında müqavilə münasibətlərinə xitam verildiyi tarixədək hesablanmışdır. Tərəflər arasında yeni müqavilənin bağlanmasına dair isə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, iddia bu hissədə 350 manat həcmində təmin edilməlidir. Əldən çıxmış fayda kimi cavabdehlərdən 3100 manat pulun tutulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında belə nəticəyə gəlinmişdir ki, “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur.”. Qeyd olunmalıdır ki, əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. İddiaçı məhz 3100 manat məbləğində pulun idarə etdiyi avtomobilə dəymiş zərər nəticəsində itirdiyinə dair məhkəməyə sübut təqdim etmədiyi halda əldən çıxmış fayda kimi bu məbləği cavabdehlərdən tələb etməsi əsaslı deyildir, buna görə də iddia bu hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilin təmirbərpa xərcləri olaraq 3950 manat, gecikdirilmiş icarə haqqı öhdəliyi olaraq iddiaçıya vurulmuş zərərin əvəzi kimi 350 manat olmaqla, ümumilikdə 4300 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş 139 manat dövlət rüsumunun əvəzi kimi 65 manat, iddiaçı tərəfindən qiymətləndirici şirkətə ödənilmiş 300 manat rüsumun əvəzi kimi isə 170 manat məbləğində pul vəsaiti də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Avtomobilin təmir-bərpa xərcləri olaraq 3950 manat, gecikdirilmiş icarə haqqı öhdəliyi olaraq vurulmuş zərərin əvəzi kimi 350 manat olmaqla, ümumilikdə 4300 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh2 və Cavabdeh1ndən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 139 manat dövlət rüsumunun əvəzi kimi 65 manat, qiymətləndirici şirkətə ödənilmiş 300 manat rüsumun əvəzi kimi isə 170 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh2 və Cavabdeh1ndən İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3205/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3205/2023
28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver