Məhkəmə qərarları › İş №e-2(001)-3246/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3246/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3246/2023 06.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İlk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşağın atanın yanında saxlanması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 03 mart 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından 29 yanvar 2019-cu il tarixdə X7 doğulmuşdur. Daha sonra münasibətlərinin kəskin pisləşməsi səbəbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə nikahın pozulması və X5 ananın himayəsinə verilməsinə dair 2(001)-1071/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnamə çıxarılmışdır. Məhkəmənin həmin qərarı ilə X1 üçün 170 manat məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Lakin həmin dövrdən etibarən cavabdehin maddi imkanı xeyli yaxşılaşmış, sahibkarlıq fəaliyyətini genişlənmişdir. Hazırda cavabdehə məxsus “Sparta” adlı sahibkarlıq subyekti istilik sistemlərinin satışı ilə məşğuldur. Həmin subyekt “**********” saylı VÖEN-lə Dövlət Vergi Xidmətində qeydiyyatdadır. Digər tərəfdən, bu ötən müddətdə dünyada və ölkədə kəskin qiymət artımları baş vermişdir. Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatlarının ödənilməsinə yetmir. Uşaq böyüdükcə onun baxılması üçün çəkilən xərclər də artır. Eyni zamanda, məhkəmə qətnaməsi çıxarılan tarixdən bəri yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu artırılmış, 220 manata çatdırılmışdır. Cavabdeh isə qazancını (gəlirlərini) gizlətdiyinə görə, məhkəmə onun gəlirlərini müəyyənləşdirərək ona uyğun müvafiq qərar qəbul etməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşağın atanın yanında saxlanması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1071/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İbadova (Məmmədova) Səidə Əziz qızı arasında xx.xx.2018-ci il tarixdə 419 nömrəli akt qeydi ilə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 anası İbadova (Məmmədova) Səidə Əziz qızının yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 31 yanvar 2023-cü il tarixli əmri ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Səfirliyin ştat cədvəlinə uyğun olaraq birinci katib vəzifəsinə təyin edilmiş və Pekin şəhərinə ezamiyyətə göndərilmişdir. Yəni iddiaçı Çin Xalq Respublikasına müvəqqəti getməmiş, həmin ölkəyə işləmək üçün uzun müddətli ezam olunmuşdur. Halhazırda da Pekin şəhərindədir. İddiaçı ezamiyyəti ilə əlaqədar olaraq Çin Xalq Respublikasına getdiyi üçün 09 aprel 2023-cü il tarixdən etibarən X11 atası Cavabdeh ilə birlikdə yaşamaqdadır. X11 ilə atası Cavabdeh arasında bağılılıq hissi olduğu üçün uşağın anası ilə birlikdə Çin Xalq Respublikasına getməsi uşağın üstün mənafeyinə ziddir. Uşağın atası, hər iki nənəsi, dayısı və digər qohumları hamısı Azərbaycan Respublikasında yaşamaqdadır. Uşağın tək anası ilə Çin Xalq Respublikasında yaşaması onun emosional, sosial, fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. Uşaq məhkəmə qaydasında ananın yanında saxlanılmasına baxmayaraq, hazırda atasının yanında qalır. Bununla belə, uşaq hüquqi baxımdan ananın himayəsində qalmaqla faktiki olaraq atanın himayəsindədir. Buna görə də, məhkəmə qaydasında uşaq atanın yanında saxlanılması müəyyən edilməsi daha uyğun olardı. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı izahatında məhkəməyə bildirdi ki, iddiasına dair sənədlər vəkil tərəfindən onun Çinə getmək məsələsi həll edilənədək hazırlanmış, aprel ayından o, məcbur qalaraq işi ilə əlaqədar Çinə çıxıb getmiş, Cavabdeh uşağı onunla buraxmadığına görə, uşaq burada nənəsinin yanında qalmışdır. Sonradan atası uşağı nənəsinin yanından aparmış və bir daha geri qaytarmamışdır. O, hazırkı iddiadan əvvəl Ucar Rayon Məhkəməsinə uşağın atanın icazəsi olmadan ölkə xaricinə aparılması barədə iddia ərizəsi ilə müraciət etmiş, lakin həmin iş üzrə icraat bu işə görə dayandırılmışdır. Hal-hazırda o, məhkəmə prosesinə görə məzuniyyət götürmüş və noyabr ayının ortasınadək Bakı şəhərində olacaq. Ölkəyə gələn kimi elə hava limanından gedib uşağını götürmüş və burada olduğu bütün müddət ərzində qızı onun yanında olacaq. Geri qayıtmağa məcburdur və qayıdanda da qızını yenə də atasına qaytarmalı olacaq. Bu onun seçimi deyil, işidir və qaydalara tabe olmağa məcburdur. Lakin hesab edir ki, dörd yaşında qız uşağının uzun müddət anasız atanın yanında qalması düzgün deyil. Ata bütün günü işdədir, uşağa səhhətində ciddi problemlər olan nənəsi baxır. Bağçaya da nənəsi aparırgətirir. Evlərində pişik var, uşaqda isə allergik reaksiyalar olur. Dəfələrlə bunun uşağa ziyan verə biləcəyini desə də, atası tərəfindən dediklərinə əhəmiyyət verilmir. Uşağın atası ilə ünsiyyətinə heç vaxt mane olmayıb. İndi də etiraz etmir. İşindən icazə alıb - həm özü tez-tez uşağı atası ilə ünsiyyətdə olması üçün Azərbaycana gətirə bilər, həm də Cavabdeh özü işi ilə əlaqədar mütəmadi olaraq Çində olur - uşaqla görüşə bilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 izahatında məhkəməyə bildirdi ki, uşaq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ananın himayəsinə verilmiş və İddiaçı hal-hazırda işi ilə əlaqədar müvəqqəti olaraq Çinə getməli olması uşağın ondan alınması üçün əsas deyil. Çində dövlət tərəfindən uşaq üçün çox gözəl şərait yaradılıb, bütün bunlar barədə Qəyyumluq və himayəçilik Komissiyasına məlumat verilmişdir. Eyni zamanda uşağın anası ilə də münasibəti çox yaxşıdır. Bunu təsdiq edən şəkillər və video yazılar məhkəməyə təqdim edilib. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, ilk iddia üzrə iddiaçı Çinə getdikdən sonra tərəflərin birgə nikahından doğulmuş uşaq nənəsinin yanında qalmışdı. Cavabdeh həmin ərəfədə ondan soruşdu ki, uşağı görüşdükdən sonra nənəyə qaytarmaq kimi öhdəliyi varmı, o da Cavabdeh izah etdi ki, uşaq məhkəmə qətnaməsi ilə ananın himayəsinə verilib, nənənin deyil və ana ölkədə olmadığı təqdirdə, onun belə bir vəzifəsi yoxdur, uşağı yanında saxlaya bilər. Həmin vaxtdan uşaq faktiki olaraq atanın himayəsindədir. Uşaq bağçaya gedir, ona atası və nənəsi baxır. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən İddiaçı ilkin olaraq belə təklif verilmişdir ki, uşaq 3 və ya 6 ay növbə ilə atanın və ananın yanında qalsın, lakin ilk iddia üzrə iddiaçı buna razılaşmamış, indi isə həmin təklif artıq aktual deyil. Qarşılıqlı iddia üzrə iddiaçı ümumiyyətlə uşağın ana ilə Çinə getməsinə razı deyil. Belə ki, uşağına çox bağlıdır və ondan ayrı qalmaq istəmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk və qarşılıqlı iddia ərizələri rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1071/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İbadova (Məmmədova) Səidə Əziz qızı arasında xx.xx.2018-ci il tarixdə 419 nömrəli akt qeydi ilə 2 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuş; nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 anası İbadova (Məmmədova) Səidə Əziz qızının yanında saxlanılmış; xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək anası İbadova (Məmmədova) Səidə Əziz qızı üçün hər ay 100 manat pul məbləğinin Cavabdeh tutularaq iddiaçı İbadova (Məmmədova) Səidə Əziz qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2023-cü il tarixli rəyində aşağıdakılar göstərilmişdir: “ ... Komissiya iclasında iştirak edən İbadov X3 olarkən ona verilən suallara cavab olaraq qeyd etdi ki, ali təhsillidir, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur, övladı ilə birlikdə Bakı şəhərində yaşayır. İddiaçı ilə nikahları 2021-ci ildə pozulub, birgə nikahdan dünyaya gələn övladı anasının himayəsində qalıb. Ayrı yaşadıqları vaxtdan qızı ilə hər zaman maraqlanıb, ata kimi üzərinə düşən öhdəlikləri yerinə yetirib. İddiaçı cari ilin aprel ayında Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində 1-ci katib vəzifəsinə təyin olunub, ən azı 3 il müddətinə ora gedib. Ölkədən getməzdən əvvəl qarşı tərəf uşağı özü ilə apara bilməsi üçün ondan razılıq istəyib, övladının başqa ölkədə böyüməsini və özündən uzaqda yaşamasını istəmədiyi üçün İddiaçı notariat qaydada razılıq verməyib. Övladı ilə növbəti görüş üçün 9 aprel tarixində uşağın ana tərəfdən nənəsinin evinə getdiyi zaman qızının gərgin olduğunu müşahidə etmişdir. Övladı ilə təklikdə olan zaman qızı ağlayaraq anasının onu atıb getdiyini, ana nənəsinin ona yaxşı baxmadığını və bundan sonra nənəsinin evinə geri qayıtmaq istəmədiyini bildirmişdir. Həmin gündən qızı Səda onun himayəsində yaşayır, valideynləri də uşağa baxmağa ona kömək edir. Ötən müddət ərzində keçmiş qayınanası uşağı görmək üçün 2 dəfə onlara gəlmiş, hər dəfə isə uşaq ona qarşı soyuq davranmış və ünsiyyətdə olmaq istəməmişdir. İddiaçı Çinə getdikdən sonra uşaqla telefon vasitəsilə ünsiyyətdə olur, adətən isə uşağın anası ilə danışması üçün özü ona zəng edir. İddiaçı uşaqla danışarkən, ona nənəsinin yanında qalmasını bildirsə də, Səda razılaşmamışdır, uşağın fikrini və onları çox istədiyini qarşı tərəf özü də görmüşdür. Səda anası ilə yaşadığı vaxtlarda Səidə karyerasına daha çox diqqət ayırdığı üçün qızının allergiyasının olmasından və vitamin çatışmazlığından əziyyət çəkməsindən məlumatsız olmuşdur. Belə ki, uşaq ən azı ayda iki dəfə xəstələnirdi və əlinin içinin dərisi soyulurdu. Özü uşağı həkimə aparıb müayinə etdirdikdən sonra məlum olmuşdur ki, qızının toza, bəzi tərəvəzlərə və s. allergiyası, habelə vitamin çatışmazlığı var. Gigiyenik qaydalara riayət etdikdən və “Aevit” vitamini qəbul etdikdən sonra uşağın sağlamlığı yaxşılaşmışdır. Övladı onun yanında qalmağa başladıqdan sonra münasibətləri daha da yaxşılaşıb, qızı ondan ayrı yatmaq istəmir, birlikdə çox yaxşı yola gedirlər, hətta uşaq bağçaya getməyə və onun işə getməsinə narazılıq edir. İşdə olduğu vaxtlarda anası qızına baxır, bütün qayğıları ilə məşğul olur, işdən gəldikdən sonra isə vaxtını qızma ayırır. O, izahatının sonunda övladını çox istədiyini, uşağın da ona çox bağlı olduğunu, bundan sonra da qızının anası ilə ünsiyyətdə olmasına şərait yaradacağını və onu öz himayəsində saxlamaq iqtidarında olduğunu qeyd edərək, övladı xx.xx.2019-cu il təvəllüdlü X6 onun himayəsində qalması barədə rəy verilməsini Komissiyadan xahiş etdi. Yetkinlik yaşma çatmayan xx.xx.2019-cu il təvəllüdlü X2 olarkən aparılan müşahidələrlə müəyyən edilmişdir ki, onun atasına qarşı psixo-emosional bağlılığı çoxdur, uşaq anası üçün darıxmır, atasının himayəsində qayğı ilə əhatə olunub və yüksək əhvaliruhiyyədədir. ... Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası, yuxarıda qeyd olunanları, uşağın atanın himayəsindən alınması üçün əsaslı səbəblərin olmamasını, habelə azyaşlı uşağın valideyn qayğısına daha çox ehtiyacının olmasını və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58-ci və 60-cı maddələrini nəzərə alaraq, uşağın mənafeyinin üstünlüyü baxımından xx.xx.2019-cu il təvəllüdlü X6 atası - Cavabdeh himayəsində qalmasını məqsədəmüvafıq hesab edir”. Məhkəmə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2023-cü il tarixli rəyinə tənqidi yanaşır. Belə ki, halhazırda baxış predmeti uşağın atanın himayəsindən alınması deyil, ananın himayəsindən alınmasıdır və Komissiya məhz bunun üçün əsasların olub-olmamasını müəyyən etməli idi. Uşaq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ananın himayəsinə verilmiş və ana işi ilə əlaqədar ölkədən getmək məcburiyyətində qaldıqda ata uşağı ana nənəsinin yanından aparıb, yanında saxlamışdır. Dörd yaşında olan uşağın atasına bağlı olması, atasını çox istəməsi, an etibarilə xoş əhval-ruhiyyədə olması uşağın ana üçün darıxmaması və anaya ehtiyacının olmamasına dəlalət etmir. Yəni uşağın valideynlərdən birinə bağlılığı, pozitiv emosiyaları və xoş yanaşması, digər valideynə də analoji hisslərin olmasını mümkünsüz etmir. Əksinə, normal vəziyyətdə məhz belə də olmalıdır: uşaq hər iki valideyni sevməli, hər iki valideynə bağlı olmalı, uşağın hər iki valideyndən diqqət və qayğı almaq imkanı olmalıdır. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Analoji işlərə baxılarkən mübahisənin keçmiş ər-arvad arasında barışmaz şəxsi münasibətlərdən irəli gələrək bir-birinə qarşı təsir vasitəsi kimi istifadə olunmasının qarşısı alınmalıdır. Bunun üçün hər bir tərəfin uşağın mənafeyindən çıxış etməsi ilə bağlı diqqətəlayiq hallar aydınlaşdırılmalıdır. ... cavabdeh valideynin uşaqla ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu uşaqların həmin valideynin icazəsi olmadan ölkə hüdudlarından kənara çıxarılmasına dair iddia tələblərinin rədd edilməsi üçün müstəqil əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası (10-cu maddəsinin 2-ci bəndi) valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququnu tanıyır. Digər tərəfdən, uşaqlardan ayrı yaşayan valideynin onlarla ünsiyyət hüququ ilk növbədə uşaqların tərbiyə və təhsili, onların fiziki, psixi sağlamlığı, əxlaqi inkşafına xidmət etməklə, uşağın mənafeyinə zidd olmamalıdır. ... uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. ... iddiaçı uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədi ilə də əsaslandıra bilər. Belə əsas iddianın özü-özlüyündə rədd edilməsinə səbəb ola bilməz”. Hazırkı araşdırmanın predmeti uşağın ölkədən getməsinə icazənin verilməsi olmasa da, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən uşağın hal-hazırda onun himayəsinə verilməsi tələbi məhz ilk iddia üzrə iddiaçının işi ilə əlaqədar Çin Xalq Respublikasına ezam olunması və uşağını özü ilə aparmaq niyyəti ilə bağlıdır. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1071/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X8 anası İbadova (Məmmədova) Səidə Əziz qızının yanında saxlanılmış və həmin vaxtdan 2023-cü ilin aprel ayınadək anası ilə yaşamışdır. 2023-cü ilin aprel ayında ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində birinci katib vəzifəsinə təyin olunmuş və işi ilə əlaqədar ölkədən getmək məcburiyyətində qalmışdır. Həmin vaxt uşağın atanın razılığı olmadan ölkədən aparılmasına icazəyə dair iş məhkəmənin icraatında olsa da, yekun məhkəmə aktı qəbul edilməmiş, sonradan isə iş üzrə icraat hazırkı işə görə dayandırılmışdır. Ana ölkədən gedərkən ata uşağın ana ilə getməsinə icazə verməmiş, uşaq ana nənəsi ilə qalmış, sonradan ata uşağı nənədən alaraq öz yanında saxlamışdır. Ana ölkəyə qayıdan gündən uşaq ata tərəfindən anaya qaytarılmış və ana ölkədən gedənədək onun yanında qalacaqdır. Yəni, hazırkı vəziyyətdə atanın uşağın onun himayəsinə verilməsi üçün yeganə arqumenti ananın Çin Xalq Respublikasına ezam olunması və bir neçə ilə orada qalmalı olmasıdır. Nə qarşılıqlı iddia ərizəsində, nə də ki, məhkəmə iclaslarında hər hansı başqa dəlil irəli sürülməmişdir. Məhkəmə “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 13 saylı qərarının müddəalarını (*ümumi konsepsiyasını) nəzərə alaraq həmin arqumentləri əsaslı hesab etmir. Belə ki, atanın uşaqla ünsiyyət hüququnun olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ananın himayəsinə verilmiş dörd yaşlı uşağın ananın başqa ölkədə işləməsi əsası ilə anadan alınması üçün tutarlı əsas kimi qəbul edilə bilməz. Ata ilə uşağın ünsiyyət qaydasının tənzimlənməsi ayrıca məhkəmə araşdırılmasının predmeti ola bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 60-cı maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 61-ci maddəsinə müvafiq olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları Bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə əsasən, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 saylı qərarında göstərilmişdir ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinə qaldıqda, məhkəmə həmin tələbi də əsaslı hesab etmir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 2023-cü ilin aprel ayından uşağın ehtiyaclarını ata qarşılayır. Belə olan halda ananın xx.xx.2023-cü ilin may ayında alimentin artırılması ilə bağlı müraciət etməsi ağlabatan deyil. Ailə Məcəlləsinin aşağıda istinad edilən normasına əsasən, ilk iddia üzrə iddiaçının xeyrinə hazırkı vəziyyətdə alimentin dəyişdirilməsi üçün hər hansı qanuni əsasın olması iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır". Beləliklə, qeyd olunanları nərəzə alaraq məhkəmə belə qənaətə gəlir, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşağın atanın yanında saxlanması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı uşağın atanın yanında saxlanması tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar