Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3249/2022 17.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7, İddiaçı X2 nümayəndəsi və vəkili X11, Cavabdeh1 vəkili X8 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" MMC və X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 470.240 manat məbləğində pulun və ödənilmiş 760,24 manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə "xxxx" MMC və X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi və vəkili X13 iddianı müdafiə edərək, bildirmişdir ki, iddiaçı ilə "xxxx" MMC-nin direktoru Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il, 2 ədəd xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilələrə əsasən ünvan 1də inşa edilmiş hündürmərtəbəli binanın müvafiq olaraq 37 nömrəli mənzili 112.320 manata, 74 nömrəli mənzili 126.240 manata, 172 nömrəli mənzili 71.680 manata və 89 nömrəli mənzili 160.000 manata iddiaçıya satılmış və bu mənzillərin dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışları verilmişdir. Lakin qeyd edilən mənzillər iddiaçıya təhvil verilməmişdir. Sonradan isə iddiaçıya məlum olmuşdur ki, bu mənzillər başqa şəxslərə satılmış və təhvil verilmişdir. Bu hərəkətlərə yol verdiyinə görə həmin cəmiyyətin sədri Cavabdeh1 və hüquqşünası Cavabdeh2 barəsində Azərbaycan Respublikası baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış və sonradan məhkəməyə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Eyni zamanda, Cavabdeh2 da Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Belə ki, hökmə əsasən 172, 74 və 89 nömrəli mənzillərin satışına dair sənədlərdə olan əl yazılarını öz xətti ilə binada Cavabdeh1 tapşrığı ilə Cavabdeh2 tərtib etmiş, Cavabdeh1 isə təsdiq etmişdir. Həmçinin, hökmdə iş üzrə zərərçəkmiş şəxs olan iddiaçı X4 ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsinə dair və əldən çıxmış fayda ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbləri ilə təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2, habelə digər şəxslərə qarşı müvafiq məhkəmə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Bununla belə, iddiaçı qeyd edilən müqavilələr üzrə 4 mənzilə görə ümumilikdə 470.240 manat pul ödəməsinə baxmayaraq, cavabdehlər ona qarşı dələduzluq cinayəti törədərək, onun pullarını mənimsəmişlər və mənzilləri ona təhvil verməyərək, ona maddi zərər vurmuşdular. Hazırda da iddiaçı müqavilələr üzrə ödədiyi pulun cavabdehlərdən tutulmasını tələb edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili X12 (ona verilmiş etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir) iddianı qəbul etməyərək, bildirmişdir ki, Cavabdeh1 X10 ilə hər hansı münasibəti olmamış, onu ümumiyyətlə tanımır. X2 X9 adlı şəxslə iş birliyi olmuş və həmin iş birliyi çərçivəsində sonuncu binanın inşası ilə bağlı Cavabdeh1 müxtəlif tikinti materialları, o cümlədən beton və taxta ilə təmin etmişdir. Həmin materialların dəyərinin əvəzi olaraq və məhz X3 tapşırığı əsasında iddiaçının adına qeyd edilən müqavilələr tərtib edilmişdir. X1 tərəfindən verilmiş materialların dəyəri ilə mənzillərin müqavilə üzrə müəyyən edilmiş dəyəri arasında pul fərqi yaranmışdır və bu fərqin əvəzi olaraq X9 tərəfindən Cavabdeh1 20.000 manat, 20.000 manat, 50.000 manat və 30.000 manat, həmçinin sayğacların quraşdırılması və kommunal xidmətlərin göstərilməsi üçün hissə-hissə 17.000 manat, cəmi 137.000 manat məbləğində pul ödənilmişdir. X10 tərəfindən isə Cavabdeh1 hər hansı məbləğdə pul ödənilməmişdir. Müqavilələr və maliyyə arayışları cəmiyyətin adından verilmiş və alınmış pullar da Cavabdeh1 tərəfindən mənimsənilməmiş, cəmiyyət tərəfindən aparılan tikinti işlərinə sərf edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın Cavabdeh1 aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2, üçüncü şəxslər X5 və "xxxx" MMC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən bu cavabdeh və üçüncü şəxs X9 məhkəmə iclaslarında iştirak etməmiş, üçüncü şəxs "xxxx" MMC isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda, üçüncü şəxs X9 məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, nə X6, nədə ki, Cavabdeh1 tanımadığını, onların biri-birinə olan tələblərindən xəbərinin olmadığını, bu məsələlərdə iştirak etmədiyini, onların işləri barədə məlumatlı olmadığını bildirmişdir. Məhkəmə işə bu cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Cavabdeh1 direktor oğludu "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmişdir. İddiaçı X10 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilələrə əsasən "xxxx" MMC ünvan 1 ünvanında tikilməkdə olan binanın müvafiq olaraq 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140,4 kv.m. olan 2 otaqlı, 37 nömrəli mənzilini, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 157,8 kv.m. olan 3 otaqlı, 74 nömrəli mənzilini, 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 157,8 kv.m. olan 3 otaqlı, 89 nömrəli mənzilini iddiaçıya verməyi, iddiaçı isə bu mənzilləri qəbul edib onların müqavilələr üzrə müəyyən edilmiş dəyərini, yəni müvafiq olaraq 112.320 manat, 126.240 manat və 160.000 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdülər. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışlarına əsasən qeyd edilən mənzillərin dəyərini təşkil edən 112.320 manat, 126.240 manat və 160.000 manat məbləğində pul müqavilələr imzalanan tarixlərdə iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. Hazırda iddiaçı bu müqavilələrdən başqa "xxxx" MMC ilə xx.xx.2016-cı il tarixdə 172 nömrəli mənzillə bağlı da eyni adlı müqavilənin bağlandığını və bu mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin, yəni 71.680 manat məbləğində pulun ödənilməsi barədə də cəmiyyət tərəfindən ona maliyyə arayışının verildiyini (lakin digər 3 müqavilə və maliyyə arayışından fərqli olaraq 172 nömrəli mənzillə bağlı sənədləri məhkəməyə təqdim edə bilmir), lakin həmin müqavilələrin predmeti olan mənzillərin ona təhvil verilmədiyini, bu mənzillərin tarix etibarı ilə daha əvvəl "xxxx" MMC ilə digər şəxslər arasında bağlanmış müqavilələrə əsasən həmin şəxslərə təhvil verildiyini, belə təkrar müqavilələrin digər şəxslərlə də bağlanmasına yol verildiyindən həmin cəmiyyətin direktoru Cavabdeh1 və hüquqşünası Cavabdeh2 barəsində cinayət işinin başlandığını və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini, Cavabdeh2 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilindiyini, onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif, o cümlədən 178.3.2, 29, 178.3.2 və 308.2-ci maddələri ilə əsas və əlavə cəzaların təyin edildiyini, nəticədə onların barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, həmin hökmlə onun tərəfindən irəli sürülmüş iddianın baxılmamış saxlanıldığını və ona vurulmuş maddi ziyanın ödənilməsinə dair və əldən çıxmış fayda ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ilə təqsirləndirilən şəxslər Cavabdeh1 və Cavabdeh2, həmçinin digər şəxslərə qarşı müvafiq məhkəməyə müraciət etmək hüquqlarının olduğunun izah edildiyini bildirir və qeyd edilən hökmə istinad edərək, 4 mənzilin müqavilə üzrə müəyyən edilmiş ümumi dəyərinin, yəni 470.240 (112.320 + 126.240 + 160.000 + 71.680) manat məbləğində pulun, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 760,24 manat pulun əvəzinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasını tələb edir. Cavabdeh1 vəkili iddianı qəbul etmir, Cavabdeh1 iddiaçı X10 ilə hər hansı münasibətinin olmadığını, onu ümumiyyətlə tanımadığını, iddiaçının X9 adlı şəxslə iş birliyi olduğunu və həmin iş birliyi çərçivəsində sonuncunun binanın inşası ilə bağlı Cavabdeh1 müxtəlif tikinti materialları, o cümlədən beton və taxta ilə təmin etdiyini, həmin materialların dəyərinin əvəzi olaraq və məhz X3 tapşırığı əsasında iddiaçının adına qeyd edilən müqavilələrin tərtib edildiyini, X1 tərəfindən verilmiş materialların dəyəri ilə mənzillərin müqavilə üzrə müəyyən edilmiş dəyəri arasında pul fərqinin yarandığını və bu fərqin əvəzi olaraq X9 tərəfindən Cavabdeh1 20.000 manat, 20.000 manat, 50.000 manat və 30.000 manat, həmçinin sayğacların quraşdırılması və kommunal xidmətlərin göstərilməsi üçün hissə-hissə 17.000 manat, cəmi 137.000 manat məbləğində pulun ödənildiyini, X10 tərəfindən isə Cavabdeh1 hər hansı məbləğdə pulun ödənilmədiyini, müqavilələrin və maliyyə arayışlarının cəmiyyətin adından verildiyini və alınmış pulların da Cavabdeh1 tərəfindən mənimsənilmədiyini, cəmiyyət tərəfindən aparılan tikinti işlərinə sərf edildiyini bildirir və iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). İddiaçı da öz tələbində "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2016-cı il, 2 ədəd xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilələrə və mənzillərin həmin müqavilələr üzrə müəyyən edilmiş dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışlarına, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsaslanaraq, həmin mənzillərin başqa şəxslərə məsxus olduğunu və ona təkrarən satıldığını, bu səbəbdən təhvil verilmədiyini, bu hərəkətlərə yol verdiyinə görə cavabdehlər Cavabdeh1 ("xxxx" MMC-nin direktoru) və Cavabdeh2 ("xxxx" MMC-nin hüquqşünası) barəsində cinayət işinin başlandığını və onların belə əməllərə yol verdiklərinin və ona maddi zərər vurduqlarının məhkəmə qaydasında sübuta yetirilməsi səbəbindən onların təqsirli bilindiklərini bildirir və mənzillərin müqavilə üzrə müəyyən edilmiş ümumi dəyərini təşkil edən 470.240 manat məbləğində pulun bu cavabdehlərdən tutulmasını tələb edir. Lakin "xxxx" MMC ilə onun arasında 172 nömrəli mənzillə bağlı xx.xx.2016-cı il tarixdə bağlanmış müqaviləni, həmin müqaviləyə əsasən 71.680 manat məbləğində pulun ödənilməsini təsdiq edən maliyyə arayışını, habelə istinad edilən hökmün qanuni qüvvəsini alıb-almaması barədə məlumatı, o cümlədən məsələ ilə bağlı yuxarı instansiya məhkəməsinin müvafiq aktlarını məhkəməyə təqdim edə bilmir. Halbuki, qeyd edilən sənədlərin və məlumatın təqdim edilməsi tərəflərə, xüsusilə də iddiaçı tərəfə təklif edilmişdir. Bu səbəbdən məhkəmə həmin hökmü mötəbər sübut kimi qəbul etməyərək, hazırki mübahisəyə hüquqi qiymət verərkən hökmün məcburiliyini nəzərə almır. Bununla belə, məhkəmə mövcud sübutları nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli müqavilədən irəli gələn münasibətlər iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında deyil, məhz "xxxx" MMC arasında yaranmış və bu münasibətlərdə Cavabdeh1 qanuni təmsilçi olaraq məhz cəmiyyəti təmsil etmişdir. Bu baxımdan həmin müqavilənin predmeti olan mənzilləri iddiaçıya təhvil verməməklə Cavabdeh1 deyil, məhz "xxxx" MMC müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Bu da öz növbəsində iddiaçıya müqavilələrdən irəli gələn öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin "xxxx" MMC-dən tələb etmək hüququnu yaradır. İddia üzrə cavabdeh qismində müəyyən edilmiş Cavabdeh2 isə ümumiyyətlə bu münasibətlərin iştirakçısı olmamışdır. Hüquqi nəticə etibarı ilə Cavabdeh1 və Cavabdeh2 mövcud vəziyyətdə ümumiyyətlə hazırki iddiaya cavab verməli olan şəxslər deyil. Bu səbəbdən iddiaçı qeyd edilən mənzillərin (xüsusilə də 172 nömrəli) müqavilələr üzrə müəyyən edilmiş dəyərini bu cavabdehlərdən tələb edə bilməz (iddiaçı tərəfə cavabdehləri əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı tərəf Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə istinadən irəli sürülmüş tələbləri müdafiə etmişdir. Həmin hökm isə yuxarıda qeyd edilən səbəblərdən sübut kimi nəzərə alınmamışdır). Bu da iddianın rədd edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçı X4 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı X4 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-2(001)-3249/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3249/2022
17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver