Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3270/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Vəkil, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 2365 manat zərərin Cavabdeh və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43.65 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 13:40 radələrində Bakı şəhəri, Statistika dairəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “BMW 520” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil, zərərçəkmiş X2 idarə etdiyi, İddiaçı mülkiyyətçisi olduğu “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinmiş və haqqında xx.xx.2024-cü il tarixli inzibati tənbeh verməyə dair qərar tərtib edilmişdir. Həmin qərarla o İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (ara məsafəsi qaydalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Nissan” markasının ölkədəki rəsmi servisi “Nurgün Motors” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən,avtomobilə 6880 manat zərər dəymişdir (ƏDV xaric). “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti” tərəfindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortalanmışdır. Sığorta şirkəti tərəfindən əməkdaşlıq etdiyi “Avangard avto servis” tərəfindən tərtib edilmiş akta əsasən real zərərdən qat-qat aşağı olan, əsassız zərər miqdarı müəyyənləşdirilmiş və sığorta ödənişi olaraq 3530 manat təklif edilmişdir. Lakin sonrakı mərhələlərdə avtomobilə dəymiş real zərər nəzərə alınmaqla 4515 manat miqdarında sığorta ödənişi barədə razılığa gəlinmiş və qalan məbləği isə Cavabdeh tələb edilməsi bildirilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, avtomobil haqqında “Nurgün Motors”la xx.xx.2022-ci il tarixli, Nissan-QM- 003 saylı qarantiya və servis xitmətləri barədə 5 illik müqavilə bağlanmışdır. Həmin müqavilənin 7.1-ci bəndində əsasən, avtomobil hissələrinin “Nissan” servis mərkəzindən kənarda təmiri avtomobil sahibinin qarantiya hüquqlarına qarantiya müddəti bitənədək xitam verilməsinə əsasdır. Göründüyü kimi, “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Nurgün Motors”un xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 6880 manat zərər dəymişdir. Avtomobilin rəsmi servisdən kənar servisdə təmir olunmasının xx.xx.2022-ci il tarixli, Nissan-QM-003 saylı qarantiya və servis xitmətləri barədə müqavilənin xitam verilməsinə səbəb olacağından, avtomobil məhz “Nurgün Motors”un rəsmi servisində təmir olunmalıdır. Yaranmış zərərin 4515 manatlıq hissəsi Sığorta şirkəti tərəfindən qarşılanmışdır, qalan 2365 manat hissə isə Cavabdeh tutulmalıdır. Tərəfindən yuxarıda qeyd olunanlar dəfələrlə nəzərə çatdırılaraq Cavabdeh ilə telefon danışıqları aparılsa da, o, öz mülki məsuliyyətindən yayınaraq ödəniş etməyəcəyini bildirmiş və yekun olaraq zənglərə cavab verməməyə başlamışdır. Buna görə də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, iddiaçının avtomobilinə avtoqəza nəticəsində 6880 manat məbləğində ziyan dəymişdir. Həmin ziyanın 4515 manat məbləğində olan hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Göstərdiklərini nəzərə alaraq iddiaçıya ödənilməmiş 2365 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən iş üzrə Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, təmir üçün ondan eksprt rəyinə görə tələb olunan 5000 manat çoxdur. Onun avtomobili daha çox ziyan görüb, avtomobilinin təmiri üçün onun cəmi 4800 manat məbləğində xərci çıxıb. Qarşı tərəfin avtomobilinə təxminən 1500 manat məbləğində ziyan dəyib. İddiaçının maşın əvvəllərdə vurulub, təzə maşın olmayıb. Hazırda Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhəri X8 İdarəsi tərəfindən tərtib edilmiş TP 626049 nömrəli inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “BMW-520” markalı, 77XF-587 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (ara məsafəsi qaydalarının pozulması) nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsində “BMW-520” markalı, 77XF-587 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 təqsirli, həmin yol-nəqliyyat hadisəsində isə “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı zərərçəkən qismində tanınmışdır. X7 dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, “Nissan X-trail” markalı, **-EY- *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3530 manat məbləğində ziyan dəymişdir. Nurgün Motors şirkətinə məxsus xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 6880 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2024-cü il tarixli, 8/1568 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. İşə əlavə edilmiş 02 iyul 2024-cü il tarixli, 8/1568 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 8/4380 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “Nurgün Motors” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Nissan X-Trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 5280,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4370,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 910,00 manat. Avtoehtiyyat hissələrinə köhnəlmə faizi faizi tətbiq edilməklə təxminən 5021,00 manat müəyyən edilir. O, cümlədən Dəyişilməli hissələrin qiyməti – 4111,0 manat; Təmir-bərpa işlərinin qiyməti – 910,00 manat. İşə əlavə edilmiş 16 avqust 2024-cü il tarixli, 9/4380 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəə ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Məhkəmə mülki iş materiallarını təqdim edilmiş sübutlar əsasında tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı tələb üzrə Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlərə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir. Mülki Məcəllənin 1108-ci maddəsində nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur. Beləliklə, yüksək təhlükə mənbəyinin sahibi üçün iki əlamət xarakterikdir – hüquqi əlamət; maddi əlamət. Hüquqi əlamətin mahiyyəti ondan ibarətdir ki, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbəyə sahiblik etməsi, yəni müvafiq fəaliyyəti həyata keçirməsi üçün hər hansı qanuni titula (qanuni əsasa) əsaslanması tələb olunur. Hər şeydən əvvəl bu cür qanuni titul kimi mülkiyyət hüququ və digər əşya hüququ çıxış edə bilər. Mülkiyyətçinin iradəsi ilə müəyyən obyektə sahiblik mülki-hüquqi müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə keçə bilər ki, bu zaman onlar həmin obyektin qanuni sahibi olurlar. Söhbət icarə, əmlak kirayəsi, saxlama, daşıma və digər müqavilələrdən, nəqliyyat vasitələrinin idarəedilməsi üçün verilmiş etibarnamələrdən gedir. Mülki-hüquqi müqavilə yüksək təhlükə mənbəyinin sahibliyinin bir şəxsdən digərinə keçməsinə səbəb olur. Sahibliyin keçməsi ilə əlaqədar yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət də yeni sahibə keçir. Maddi əlamətin mahiyyəti ondan ibarətdir ki, təhlükəli obyektə faktiki sahiblik edən, öz sahibliyində real olaraq təhlükə mənbəyinə malik olan şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Bu əlamətə görə, zərər vurmaq xassəsinə malik olan obyektə, yəni yüksək təhlükə mənbəyinə faktiki sahiblik edən, bu obyektən istifadə edən şəxs vurulan zərər üçün məsuliyyət daşıyır. Maddi şərt yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən edilən hallarından belə görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 13:40 radələrində Bakı şəhəri, Statistika dairəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “BMW 520” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil, zərərçəkmiş X2 idarə etdiyi, İddiaçı mülkiyyətçisi olduğu “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya ziyan dəymişdir. Həmçinin müəyyən edilmişdir ki, Yol-nəqliyyat hadisəsi nəticəsində “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Nissan” markasının ölkədəki rəsmi servisi “Nurgün Motors” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 6880 manat zərər dəymişdir. “Nissan X-trail” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil “Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti” tərəfindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortalandığından, sığorta şirkəti tərəfindən iddiaçıya 4515 manat məbləğində sığorta ödənişi etmiş və iddiaçıya dəymiş ziyandan 2365 manat ödənilməmiş qalmışdır. Lakin məhkəmə tərəfindən hazırki iş üzrə iddiaçıya dəymiş ziyanın obyektiv hesablanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyində Avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5021,00 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə verilən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 8/4380 saylı rəyini və məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutları tədqiq edərək hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə (ekspert rəyi ilə müəyyən edilmiş 5021,00 məbləğdən, sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 4515 manat məbləğində pul vəsaiti çıxıldıqdan sonra) 506 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda qeyd olunanlardan görünüdüyü kimi cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, dəymiş maddi zərərin məbləği müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yəni iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş zərərin əvəzi olaraq (5021,00-4515=506) 506 (beş yüz altı) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 46,65 manat məbləğində pulun 30 manat məbləğində olan hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza xərci (hər iki rəy üzrə 50+50=100) 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 30 (otuz) manat hissəsi iddiaçıdan, 70 (yetmiş) manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq (5021,00-4515=506) 506 (beş yüz altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-əmtəə ekspertizalarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 30 (otuz) manat hissəsi İddiaçı, 70 (yetmiş) manat hissəsi isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3270/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3270/2024
30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver