Məhkəmə qərarları › İş №e-2(001)-3278/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3278/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3278/2022 07.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 06 iyun 2022-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 01 fevral 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 577,9 manat əsas, 86,6 manat cərimə borcu, 20 aprel 2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 25,6 manat əsas, 3,8 manat cərimə borcu olmaqla hər iki müqavilə üzrə ümumilikdə 693,9 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, ********* saylı alğı – satqı müqaviləsinə əsasən sonuncu aldığı “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 53 manat olmaqla cəmi 948,9 manat, 20 aprel 2021-ci il tarixli, ********* saylı alğı – satqı müqaviləsinə əsasən sonuncu aldığı “Xiaomi” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 6 manat olmaqla cəmi 74,6 manat, ümumilikdə iki müqavilə üzrə 603,5 manat ödəməyi üzərinə götürsə də, müqavilənin şərtlərini pozaraq 01 fevral 2020-ci il tarixli, ********* saylı müqavilə üzrə sonuncu dəfə 23 avqust 2021-ci il tarixində 53 manat, 20 aprel 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə sonuncu dəfə 21 iyul 2021-ci il tarixdə 25 manat ödəniş etmiş, hər iki müqavilə üzrə cəmi 603,5 manat qalıq borcu qalmışdır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 904 manat təşkil etdiyi halda, humanizim prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi yəni 90,4 manat "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 01 fevral 2021-ci il tarixli, ********* saylı müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 948,9 manat olan “Samsung” markalı televizora görə 18 ay ərzində aylıq 53 manat ödəmək şərti ilə kreditlə almışdır. - 20 aprel 2021-ci il tarixli, ********* saylı müqavilədən görünür ki, sonuncu alğı-satqı qiyməti 74,6 manat olan “Xiaomi” markalı qulaqcığa 12 ay ərzində aylıq 6 manat ödəmək şərti ilə kreditlə almışdır. - 31 mart 2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 01 fevral 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 577,9 manat əsas, 86,6 manat cərimə və 20 aprel 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 25,6 manat əsas, 3,8 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrinə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cavabdeh 01 fevral 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 577,9 manat əsas, 86,6 manat cərimə borcu, 20 aprel 2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 25,6 manat əsas, 3,8 manat cərimə borcu olmaqla ümumilikdə 693,9 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul Cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar