Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3336/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanov Manaf Emil oğlunun katibliyi ilə İddiaçı LPO QSC Bank Standart KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı LPO QSC Bank Standart KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, QSC Bank Standart KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/126330/14 saylı müqaviləyə əsasən bank cavabdehə illik 25% hesablanması şərti ilə 24 ay müddətinə 2042 manat məbləğində kredit vermişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin banka 277,10 manat əsas borcu, 175,01 manat faiz borcu, 207,68 manat cərimə borcu, 92 manat gecikdirilmiş vaxtın faizi olmaqla, ümumilikdə 751,79 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə QSC Bank Standart KB tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər bank tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Ona görə də QSC Bank Standart KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/126330/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 277,10 manat, faiz borcuna görə 175,01 manatın, cərimə borcuna görə 207,68 manatın, gecikdirilmiş vaxta görə 5% faiz dərəcəsi ilə 92 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı LPO QSC Bank Standart KB-nin nümayəndəsi A.V.Hüseynov iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Borcverən QSC Bank Standart KB ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/126330/14 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 24 ay müddətinə qaytarmaq, illik 25% dərəcəsi və illik 50% dərəcəsi cərimə məbləği ödəmək şərti ilə 2042 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. QSC Bank Standart KB-nin xx.xx.2014-cü il tarixli 1xx/xx/126330/14 saylı kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh müqavilə üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək əsas borca görə 2042 manatı, faizə görə 573,64 manatı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. LPO QSC Bank Standart KB-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2014-cü il tarixli 1xx/xx/126330/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 277,10 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizə görə 175,01 manat, cəriməyə görə 207 manat, gecikdirilmiş vaxt üçün hesablanan faizə görə 92 manat olmaqla ümumilikdə 751,79 manat borcu vardır. Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışından müəyyən olunur ki, Cavabdeh restrukturizasiya olunması təklif olunan kreditlərinə LPO QSC Bank Standart KB ilə bağladığı kredit müqaviləsi üzrə əsas borcu 277,10 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan kredit müqaviləsi bütün tələblər üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşsə də, iddiaçı istinad olunan Fərmanın tələblərinə əsasən, cavabdehlə güzəştli kredit müqaviləsinin bağlanması üçün heç bir tədbir görməmişdir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1,-5.3-cü bəndlərinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir.Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X1 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iddiaçının faiz, cərimə, 5% tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib cavabdehlə güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda cavabdehə qarşı faiz, cərimə, 5% tələbi irəli sürməsi hüquqdan sui-istifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının cavabdehdən əsas borca görə 277,10 manat tələbi əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 1xx/xx/126330/14 saylı kredit müqaviləsi üzrə əsas borca görə 277,10 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 307,1 manat LPO QSC Bank Standart KB-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-3336/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3336/2023
19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver