Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3348/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “X7 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı “X7 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nağıyev Alı Kərəm oğlunun qanun üzrə vərəsəlik olan, Cavabdeh əsas məbləğ üzrə borc: 1,310.22 AZN hesablanmış faiz borcu: 147.80 AZN cərimə borcu: 4,162.55 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 8.00 AZN bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 1.30 AZN olmaqla, cəmi borc: 5,629.87 AZN məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 76.30 AZN manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci ildə "xxxx" QSC və Nağıyev Alı Kərəm oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən X5 Kərəm oğluna istehlak yönümlü 1200 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Nağıyev Alı Kərəm oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. DİN-nin maps arayışına əsasən Nağıyev Alı Kərəm oğlunun xx.xx.2017-ci il tarixdə vəfat etməsi müəyyən edilmişdir. Buna görə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Bakı şəhəri 27 saylı notariat ofisinə sorğu verilərək cavabdeh/borclu Nağıyev Alı Kərəm oğlunun vərəsələri barədə məlumat alınmış və Nağıyev Alı Kərəm oğlunun vərəsəsi olaraq, Cavabdeh qanun üzrə vərəsəlik hüququnun xx.xx.2017-ci il tarixdə əldə etməsi haqqında Şəhədətnamə verilməsi barədə rəsmi məlumat əldə edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, maliyyə arayışında hesablanan həcmdə pulun tutulmasını tələb edir. Mərhum borcalanla müqavilə xx.xx.2015-ci il tarixində bağlanıb. Borcun ödənilməsi ilə bağlı pretenziya isə 2017-ci ildə göndərilib. Lakin sonradan məlum olmuşdur ki, borcalan ölmüşdür. Ona görə də, vərəsəsini cavabdeh kimi cəlb etmişlər. Müqavilə müddəti 2020-ci ildə bitib, ona görə də, bu məsələyə iddia müddəti tətbiq edilə bilməz. Ehtimal oluna bilər ki, kredit müqaviləsi müvafiq fərmanın təsir dairəsinə düşsün. Lakin bununla bağlı banka müraciət olunmayıb. Borcalanın vərəsəsinin olub-olmaması banka məlum olmayıb. Bu istiqamətda apardıqları araşdırmalardan sonra borcalananın vərəsəsinin olduğu məlum olub.
4. Məhkəmə iclasında iştira edən cavabdeh izahatında bildirmişdir ki, əri 6 ildir ki, vəfat edib. Həmin müddət ərzində bank tərəfindən ona borcun ödənilməsi ilə bağlı müraciət edilməyib. Ərinin banka kredit müqaviləsi üzrə borcunun olduğunu bilsə də, əri öləndən sonra da, həmin borcun qaldığından məlumatsız olmuşdur. Əgər bu barədə məlumatı olsaydı, borcundan hissə-hissə ödənişlər edə bilərdi. Qanun üzrə vərəsə kimi ərindən ona sadəcə 351 manat pul və 132 manat dəfn üçün vəsait verilmişdir. Hal-hazırda tələb edilən borcu ödəmək üçün maddi durumu yoxdur.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, kredit borcu həyat yoldaşı Nağıyev Alı Kərəm oğluna aid olmuşdur. Həyat yoldaşı xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Əri vəfat edəndən sonra qızı banka ərinin ölüm haqqında şəhadətnaməsini təqdim etmiş, bankın əməkdaşları isə qızına ərinin borcunun silinəcəyini bildirmişlər. Ailə başçısını itirdiyinə görə 327 manat pensiya alır. İddiaçı ərinin vərəsəsi kimi ona qarşı 6 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür. Qeyd edilənləri nəzərə alaraq iddia müddəti ötürüldüyü üçün iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. “X7 Azərbaycan” QSC ilə X5 Kərəm oğlu arasında bağlanmış 14 iyul 2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, bank borcalana istehlak məqsədləri üçün 5 il müddətinə, 1200 manat kartı limiti ayrılmış, borcalan isə verilmiş krediti qəbul etməyi, müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada qaytarmağı barədə öhdəlik götürmüşdür.
7. “X7 Azərbaycan” QSC tərəfindən verilən xx.xx.2023-cü il tarixlinə olan maliyyə arayışından görünür ki, cavabdehin banka xx.xx.2023-cü il tarixinə əsas məbləğ üzrə 1,310.22 AZN, hesablanmış faiz borcu üzrə 147.80 AZN, cərimə borcu üzrə 4,162.55 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 8.00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 1.30 AZN olmaqla, cəmi borc 5,629.87 AZN məbləğində kredit kartı borcu vardır.
8. “X7 Azərbaycan” QSC tərəfindən borclu Nağıyev Alı Kərəm oğluna xx.xx.2017-ci il tarixində ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya banka olan borcu icra etmədiyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdarlıq olunmuşdur.
9. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 76,30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
10. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Nağıyev Alı Kərəm oğlu xx.xx.2017-ci il tarixində vəfa
11. Bakı şəhəri 27 saylı Notariat ofisi tərəfindən verilən xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ölmüş X3 vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsindən verilmiş 952 saylı, xx.xx.2017-ci il tarixli məktuba əsasən 3 aylıq 351 manat müavinət pulundan və 132 manat dəfn pulundan ibarətdir.
12. Cavabdeh tərəfindən 27 saylı notariat kontoruna yazılan ərizənin surətindən görünür ki, Cavabdeh əri X2 miras qalan müavinət puluna dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. “X7 Azərbaycan” QSC ilə X5 Kərəm oğlu arasında 14 iyul 2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, bank borcalana istehlak məqsədləri üçün 5 il müddətinə 1200 manat kart limiti ayırmış, borcalan isə verilmiş krediti qəbul etmişdir.
14. X5 Kərəm oğlu xx.xx.2017-ci il tarixində ölmüşdür.
15. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında Cavabdeh əri X2 miras kimi qalan 351 manat muavinət pulunu və 132 manat dəfn pulunu qəbul etmişdir.
16. Hazırda iddiaçı isə borcalanın kredit müqaviləsi ilə banka borclu əsas məbləğ üzrə 1,310.22 AZN, faiz borcu üzrə 147.80 AZN, cərimə borcu üzrə 4,162.55 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 8.00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 1.30 AZN olmaqla, cəmi 5,629.87 AZN məbləğində kredit kartı borcunun tutulmasını xahiş edir.
17. Cavabdeh isə mərhum ərinin banka olan borcundan xəbərdar olsa da, bank əməkdaşlarının qızına ərinin ölümündün sonra borcun olmaması barədə verdiyi yanlış məlumata görə bu borcla maraqlanmadığını, ümumiyyətlə bankın ərinin ölümündən 6 il sonra ona qarşı iddia qaldırmaqla iddia müddətini ötürdüyünü, ərindən miras əmlak kimi 3 aylıq 351 manat müavinət pulun və 132 manat dəfn pulunu aldığını bildirməklə, iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
21. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
23. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
24. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
25. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
26. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
27. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
28. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
29. 1155.1-ci maddəsinə əsasən ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər.
30. 1155.2-ci maddəsinə əsasən miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi əmlak kimi qalır.
31. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.
32. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
33. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
34. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
36. Sadalanan normalardan aydın olduğu kimi əgər vərəsə miras qoyanın aktivini qəbul etmişsə, onun miras əmlak həcmində passivini də qəbul etmiş hesab olunur.
37. İşin hallarından göründüyü kimi X5 Kərəm oğlunun “X7 Azərbaycan” QSC qarşısında mötəbər sübut kimi qəbul edilən maliyyə arayışına əsasən icra edilməmiş kredit öhdəliyi olmuş və borclu Nağıyev Alı Kərəm oğlu kredit öhdəliyi bitmədən xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün arvadı Cavabdeh xx.xx.2017-ci il tarixində Bakı şəhəri 20 saylı notariat ofisinə müraciət etmiş, Bakı şəhəri 27 saylı Notariat ofisi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və miras əmlak mərhumun işlədiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsindən verilmiş 351 manat müavinət pulu və 132 manat dəfn xərcindən ibarət olmuşdur.
38. Bu səbəbdən də məhkəmə iddiaçının tələbini qismən əsaslı hesab edir. Odur ki, Cavabdeh borcalanın 351 manat həcmində miras aktivini qəbul etdiyindən onun məsuliyyətinin ölçüsü də həmin məbləğlə əhatə olunmalıdır. Dəfn xərcləri isə Mülki Məcəllənin 1155-ci maddəsinin tələbi baxımından miras aktivinə daxil olmadığından cavabdehin həmin ölçüdə məsuliyyəti istisna edilməlidir.
39. Cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməli olması ilə bağlı etirazına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
41. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
42. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;
43. Mübahisənin əsasını təşkil edən kredit müqaviləsi 14 iyul 2015-ci il tarixdə 5 il müddətinə bağlanmışdır və müqavilənin müddəti xx.xx.2020-ci il tarixində bitmişdir. Belə olan halda müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olması nəzərə alınarsa, xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmiş iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə dəlilləri əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
46. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
48. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
49. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14 iyul 2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə 351 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “X7 Azərbaycan” QSC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
50. İddianın təmin edilmiş hissəsinə münasibətdə 15 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X7 Azərbaycan” QSC-yə ödənilməlidir.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 14 iyul 2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə 351 (üç yüz əlli bir) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “X7 Azərbaycan” QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə münasibətdə 15 (on beş) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “X7 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev