Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3350/2024 21.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi (artırılması)” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi (artırılması)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 19 sentyabr 2008-ci il tarixdə Abşeron rayon VVADQ şöbəsində onunla Cavabdeh arasında nikah qeydə alınmışdır. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 3137/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş və xx.xx.2011-ci il təvəllüdlü X2 onun yanında saxlanılması, azyaşlı övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qərara alınmışdır. Hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği övladlarının saxlanılması üçün günün tələbatını əks etdirmir. Belə ki, azyaşlı qızı məktəbdən kənar əlavə dərslər üçün 2 müəllim yanına hazırlığa gedir. Bu isə hər ay ona kifayət qədər maddi sıxıntı verir. Hazırda övladlarını o, tərbiyə edir, onun həm maddi, həm mənəvi tələbatını təkbaşına təmin etməyə çalışır. Bundan başqa, cavabdeh rəsmi olaraq “Oceaneering İnternational Services” LTD şirkətində çalışır və aylıq əmək haqqısı kifayət qədər yüksəkdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3137/2020 saylı qətnaməsi ilə sabit pul şəklində müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2011ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda nümayəndə əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəf 25 il müddətinə ipotekaya mənzil götürmüşdür. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, hazırda yeni ailə qurmasını və həmin ailədən 16 yanvar 2023-cü il təvəllüdlü övladının olmasını, ipoteka müqaviləsinin nikah dövründə bağlanılmasını, 2017ci ildən ipotekanın ödənişlərində iştirak etməsini, həmin mənzillə bağlı tələbinin olmamasını, eyni zamanda onun da banklar qarşısında öhdəliklərinin olmasını, hazırda əlavə gəlir olan evin ikinci ailəsinin köməyi ilə əldə etdiyini əsas gətirməklə yaşayış minumumu haqqında qanuna müvafiq olaraq sabit pul məbləğində alimentin, həmçinin övladının təhsil xərci ilə bağlı əlavə olaraq da 100 manat, ümumilikdə 335 manat pul vəsaitinin ondan tutularaq, iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası təmin edilmiş, X10 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış, 461 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçı X4 yanında saxlanılması və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 may 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat alimentin sabit pul məbləğində tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-00348 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00-da Bakı 18 saylı Mediasiya təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 398181 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Kaxirova (Yusubova) Təranə Azad qızı arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və nikaha xx.xx.2020ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 346 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Yusubova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 20-İP-AİF-1-0-166-17 saylı kredit müqaviləsinə əsasən məlum olur ki, Təranə Kaxirova ilə "xxxx" İKB ASC arasında həmin tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən X5 istehlak məqsədləri üçün 300 ay müddətinə illik 8% ödəmək şərti ilə 79900 manat məbləğində ipoteka krediti verilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, Cavabdeh 808-Y-2-0-2257-24 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında 5045.50 manat öhdəliyi qalmışdır və xx.xx.20204-cü il tarixinə heç bir gecikməsi yoxdur. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh “X1 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialında işləməklə, aylıq vəzifə maaşı 2019.67 manat təşkil edir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı “X9” MMC-də işləməklə, aylıq vəzifə maaşı 4212.57 manat təşkil edir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 544435 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Kaxirova (Əskərova) Lalə Kamil qızı arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış və 4153 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 839046 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə X8r. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Konstitusiyada təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması sahəsində, eləcə də cəmiyyətin və şəxsiyyətin gələcək inkişafı ilə bağlı ölkəmizdə mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X3 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin məcəlləınin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında və 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah etmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Yusubova (Kaxirova) Təranə Azad qızı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış, 461 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuş, tərəflərin birgə nikahlarında olan övladları xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçı X4 yanında saxlanılması və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 may 2020-ci il tarixdən başlanmaqla Cavabdeh hər ay 200 manat alimentin sabit pul məbləğində tutularaq, iddiaçı X5 ödənilməsi müəyyən edilmiş, hazırki günədək cavabdeh tərəfindən aliment öhdəlikləri icra edilmişdir. Bununla yanaşı təsdiq edilir ki, tərəflərin hər ikisi, istər iddiaçı, istərsə də cavabdeh işləyirlər və onların əmək haqqları müvafiq olaraq iddiaçıya münasibətdə 4212.57 manat, cavabdehə münasibətdə isə 2019.67 manat təşkil edir. Bundan başqa, iddiaçı tərəf birgə nikah dövründə "xxxx" İKB ASC ilə kredit müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən istehlak məqsədləri üçün 300 ay müddətinə illik 8% ödəmək şərti ilə 79900 manat məbləğində ipoteka krediti verilmişdir. Cavabdeh də öz növbəsində "xxxx" ASC-dən 12 ay müddətinə 11.7 faiz olmaqla 5000 manat kredit götürmüş, həmin kredit müqaviləsi üzrə onun 5045.50 manat öhdəliyi qalmışdır. Bundan əlavə Cavabdeh ilə Kaxirova (Əskərova) Lalə Kamil qızı arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanmış və onun xx.xx.2023-cü il təvəllüdlü X6 adlı bir övladı da dünyaya gəlmişdir. Cavabdeh yaşayış minumumu haqqında qanuna müvafiq olaraq sabit pul məbləğində alimentin, həmçinin övladının təhsil xərci ilə bağlı əlavə olaraq da 100 manat, ümumilikdə 335 manat pul vəsaitinin ondan tutularaq, iddiaçıya ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Göstərilənləri nəzərə alaraq, məhkəmə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri daşımaları prinsipinə əsaslanmaqla hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, qismən əsaslı olduğu, tərəflərin hazırki (real) maddi imkanları (iddiaçının əmək haqqının 4212.57 manat məbləğində olması), cavabdehin yeni ailə qurması və həmin nikahdan da bir övladının olması nəzərə alınmaqla, dəyişdirilməsi (artırılması) xahiş edilən alimentin miqdarı ailə qanunvericiliyinin 76.1-ci maddəsinə əsasən bir uşağa görə deyil, məhz iki uşağa görə nəzərdə tutulan, yəni - cavabdehin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilməli olduğundan iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh uşağın saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/6 hissəsi miqdarında (2019.67 / 3 = 673.22; 673.22 / 2 (uşaqların hər biri nəzərə alınmaqla) = 336.6 manat) aliment iddiaçı Yusubova (Kaxirova) Təranə Azad qızının xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3137/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, Cavabdeh uşağın saxlanması üçün hər ay bir uşağa görə qazancının və (və ya) başqa gəlirlərinin 1/6 hissəsi miqdarında aliment iddiaçı Yusubova (Kaxirova) Təranə Azad qızının xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 36.32 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-3350/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3350/2024
21.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver