Məhkəmə qərarları › İş №e-2(001)-3351/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3351/2025

27.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3351/2025 27.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın qalıq məbləği olan 10205 manatın və avtomobilin bazar dəyərinin itirməsi nəticəsində isə dəymiş ziyan məbləği olan 8000 manat məbləğinin, cəmi 18205 (on səkkiz min iki yüz beş) manat ziyanın, həmçinin ödənilmiş 144.62 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və həmin avtomobil etibarnamə ilə onun həyat yoldaşı X4 tərəfindən idarə edilmişdir. xx.xx.2024-cu il tarixdə saat 15:30 radələrində iddiaçıya məxsus “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət nömrə nişanlı avtomobili 9 mkr. M.Cəlal küçəsində (65 nömrəli marşurut xəttin sonuncu dayanacağı kimi tanınan dairədə) minik avtomobillərinin parklanması üçün müəyyən edilmiş yerdə park edilmişdir. Həmin gün təxminən saat 15:45 radələrində avtonəqliyyat hadisəsi baş vermiş park halında olan sözügedən avtomobil Cavabdeh MMC-yə məxsus **-JK-*** dövlət nömrə nişanlı avtobus tərəfindən vurulmuş və demək olar ki, iddiaçının avtomobili yararsız hala düşmüşdür. İddiaçıya məxsus “Toyota Fortuner minik” markalı, **-FD-***dövlət nömrə nişanlı avtomobilə cavabdeh tərəfindən vurulmuş ziyanın məbləğinin çox olmasına baxmayaraq iddiaçı cəmi 10075.00 manat sığorta odənişi almışdır (cavabdeh öz məsuliyyətini bu həddə sığortalatdığından), dəymiş zərərin qalan hissəsinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh bugünədək hər hansı ödəniş etməmişdir. “X9” MMC tərəfindən “Toyota Fortuner minik” markalı, **-FD-***dövlət nömrə nişanlı avtomobilə ilkin texniki baxış keçirildikdən sonra avtomobilin təmiri,əvvəlki vəziyyətə qaytarılması və təmir xərcləri üçün cəmi 19300 (on doqquz min üç yüz) manat pul vəsaitinin lazım olduğu, təmir zamanı 980 (doqquz yüz səksən) manat əlavə xərc tələb edilə biləcəyi qeyd olunmuşdur. (sənəd əlavə edilir). İddiaçı avtomobilin təmirinə faktiki olaraq bu məbləğdən də çox xərc çəkmişdir, qəza ağır olduğundan təmirdən sonra belə avtomobildə fəsad olaraq təmir edilə bilməyən və tənasübsüz xərc tələb edən qüsurlar meydana çıxmışdır. Həmçinin qeyd etmək lazımdır ki, avtomobil ağır qəza keçirdiyindən o, hətta təmir edilərsə belə onun əmtəə dəyəri itmiş və bazar dəyəri xeyli aşağı düşmüşdür. Belə ki, iddiaçının avtomobili 2011-ci il istehsalı olub, çox yaxşı vəziyyətdə və tam kompektasiyada olmuşdur ki, həmin vəziyyətdəki avtomobilin bazar dəyəri hazırda təxminən ən azı 30000 manatdan başlayır, lakin ağır qəza keçirdiyindən və onu əvvəlki vəziyyətinə tam bərpa etmək mümkün olmadığından hazırda avtomobilin real dəyəri 22000 manatdan artıq deyildir. Bu da avtomobilin təxminən ən azı 8000 manat dəyər itirməsi deməkdir. Nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsi nəqliyyat vasitəsinin dəyərinin azalmasıdır ki, bu da avtomobilin xarici görünüşünün və istismar keyfiyyətlərinin erkən pisləşməsi nəticəsində baş verir. Bu, müəyyən hissələrin, detal və qurğuların, əlaqə və qoruyucu örtüklərin möhkəmliyinin və davamlılığının azalması yol-nəqliyyat hadisəsi və sonrakı təmir nəticəsində baş verir. Beləliklə, nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsi real ziyan kimi qiymətləndirilməlidir və bu, avtomobilin təmir xərcləri və ehtiyat hissələrinin dəyəri ilə yanaşı qiymətləndirilir, çünki onun istehlak dəyərinin azalması zərərçəkənə ziyan vurur və bu pozulmuş hüquq pul kompensasiyası ödənilməsi yolu ilə bərpa edilə bilər. Nəqliyyat vasitəsinin mülkiyyətçisi həmin kompensasiyanın alınması ilə bağlı tələblər irəli sürmək hüququna malikdir, çünki onun hüquqları yol-nəqliyyat hadisəsinin özü ilə pozulub. Yuxarıdakıları ümumiləşdirərək deyə bilərik ki, cavabdehə məxsus avtobusun törətdiyi qəza nəticəsində cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın əvəzi kimi ödənilmiş sığorta ödənişi məbləği çıxıldıqdan sonra 10205 manat və avtomobilin bazar dəyərinin itirməsi nəticəsində isə 8000 manat ödənilməlidir. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsi ilə iddiaya etiraz göndərərək göstərmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər əsassızdır və zərər məbləği hədindən artıq şişirdilmişdir. Zərərin məbləği qeyri-obyektiv və birtərəfli qiymətləndirilmişdir. Belə ki, iddiaçı zərər məbləğini birtərəfli qaydada, öz hesabına hazırlatdığı qiymətləndirmə aktı ilə əsaslandırmağa çalışır. Bu qiymətləndirmə müstəqil ekspert tərəfindən aparılmamışdır. Həmin sənədin obyektivliyi ciddi şübhə altındadır. Qəza nəticəsində avtomobilin dəyərini itirməsi ilə bağlı tələbdə əsassızdır, bununla bağlı hər hansı bir meyar mövcud deyil. Nəzərə alınmalıdır ki, avtobusu icbarı qaydada sığortalayan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən maddi zərər qiymətləndirilmiş və dəymiş zərərin əvəzi olaraq 10075 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verddi. Həmçinin bildirmişdir ki, iddiaçıya sığorta şirkəti tərəfindən 10075 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair ödəniş tapşırığı onlarda olmadığından, məhkəməyə təqdim etmək mümkün deyil. O, həmçinin bildirdi ki, mübahisə predmeti olan avtomobil hazırda iddiaçıdadır. Lakin həmin avtomobili əvvəlki vəziyyətinə gətirmək mümkün deyil. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ / 3 saylı ASAN x.m tərəfindən verilmiş AC 546893 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 “BC” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ var. Vəsiqənin etibarlılıq müddəti 25 yanvar 2028-ci il tarixədəkdir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 5 il, 5 ay, 20 gün müddətinə (xx.xx.2028-ci ilədək) X3 nəqliyyat vasitəsini idarə etmək hüququ vermişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Otokar Kent” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh MMC-nin mülkiyyətindədir. "xxxx" Sığorta Şirkəti ASC-yə məxsus **********7 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh MMC-yə məxsus “Otokar Kent” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobus 397 manat məbləğində sığorta haqqı ödənilməklə, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək sığortalanmışdır. “X8” MMC-yə məxsus xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan (görüləcək işlər və ehtiyat hissələri daxil olmaqla) ümumilikdə 19300 manat təşkil edir. Binəqədi rayon DYPŞ xx.xx.2024-cü il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən idarə olunan “Otokar Kent” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0221 saylı hesabatına əsasən; “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “X8” MMC-nin qüsur aktı nəzərə alınmaqla, saz vəziyyətə gətirməsi (təmiri) üçün tələb olunan vəsait tələb olunan vəsait tələblə təklifin qarşılıqlı təsiri nəticəsində yuvarlaq hesabla təxminən 16500 manat; “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin real bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla təxminən 25600 manat; “Toyota” minik markalı eyni parametrlərə və komplektasiyaya malik avtomobilin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla təxminən 28400 manat müəyyən edilmişdir. 03 aprel 2025-ci il tarixli, **********43 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün məhkəmənin hesabına 144,62 manat məbləğində dövlət rüsumu və ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan Cavabdeh MMC-yə məxsus **-JK-*** dövlət nömrə nişanlı avtobusun vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən X2 işəgötürəni və **-JK-*** dövlət nömrə nişanlı avtobusun mülkiyyətçisi olan Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Həmçinin iş materialları ilə müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 19300 manat məbləğində müəyyən edilmiş və sığorta şirkəti tərəfindən iddiaçıya 10075 manat məbləğində sığorta məbləği ödənilmişdir. Lakin məhkəmə araşdırması zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının xx.xx.2025-ci il tarixli rəyinə əsasən, “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 16500 manat, dəyər itkisi (orta və real bazar dəyəri) isə 2800 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qiymətləndirmə ekspertizasının xx.xx.2025-ci il tarixli rəyi mötəbər sübut hesab edilməklə, həmin rəy nəzərə alınaraq, “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 16500 manat müəyyən edilməli, həmin məbləğdən sığorta şirkəti tərəfindən ödənilmiş 10075 manat çıxılmaqla (16500-10075=6425) 6425 manat, dəyər itkisi (orta və real bazar dəyəri) isə (28400-25600=2800) 2800 manat müəyyən edilərək Cavabdeh MMC-dən tutulmaqla, iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 6425 manat maddi ziyan və avtomobilin bazar dəyərinin itirməsi nəticəsində dəymiş 2800 manat ziyan olmaqla, ümumilikdə 9225 (doqquz min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, idda qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 144,62 manat məbləğində dövlət rüsumunun 112,25 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Fortuner minik” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 6425 manat maddi ziyan və avtomobilin bazar dəyərinin itirməsi nəticəsində dəymiş 2800 manat ziyan olmaqla, ümumilikdə 9225 (doqquz min iki yüz iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 112,25 (yüz on iki manat 25 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar