Məhkəmə qərarları › İş №e-2(001)-3358/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3358/2022

28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3358/2022 28.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 43,50 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 173,90 manatın tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı AG Telekom MMC (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 43,50 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 173,90 manatın tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, KATV 1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG X1 Cəmiyyəti Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Televiziya və radio yayımı haqqında Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Binəqədi rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar AG Telekom MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə AG Telekom MMC ilə Ədalət- A hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə bağlanmışdır. 106 №-li MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 255 №-li arayışdan görünür ki, cavabdeh qanunsuz qoşulmanın həyata keçirdiyi Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr Fərman Məlikov küçəsi 53 saylı evin, 5 saylı mənzilində qeydiyyatdadır və həmin mənzilin sahibidir. xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olur ki, ünvan 1 ünvanında yaşamış Xəlilov Bəhmən arasında bağlanmış müqavilə əsasında adıçəkilən mənzil xx.xx.2010-cu il tarixdə AG Telekom MMC-nin şəbəkəsinə qoşulmuş xx.xx.2011-ci ilədək son ödənişini etmiş və xx.xx.2011-ci ildə 28 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra ilk dəfə xx.xx.2011-ci il tarixdə Ədalət-A hüquq firmasının Rabitə Nazirliyinin və KATV1 kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləsən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 0627 D saylı akt tərtib olunmuşdur. xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7 mkr, F.Məlikov küçəsi 53 saylı evin 5 nömrəli mənzilinə 1714 KA saylı akt tərtib edilənə kimi sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmişdir. Baxış keçirilən zaman qanunsuz qoşulma halı müəyyən edilməmişdir. Bundan sonra yəni ikinci dəfə xx.xx.2013-cü il tarixdə Ədalət-A hüquq firmasının, Rabitə Nazirliyinin və KATV1 kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə 1714 KA saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş aktlardan görünür ki, cavabdehə məxsus mənzil KATV1 kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində AG Telekom MMC-yə maddi ziyan dəymişdir. Baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə sonuncu baxış keçirildiyi xx.xx.2012-ci ildən, qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2013-cü ilədək olan müddət 145 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə 43,50 manat təşkil edir. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilmiş məktub qəbul edilmişdir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsəydi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından və elektron qaimədən görünür ki, AG Telekom MMC ilə Ədalət-A hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında 100 manat pul ödəmişdir. Ona görə də Cavabdeh KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG Telekom MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 43,50 mаnаt abunə haqqı qismində vurulmuş maddi zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün Ədalət-A MMC-yə ödənilmiş 100 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 173,90 manat məbləğində vurulmuş maddi ziyanın alınaraq iddiaçı AG Telekom MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı AG Telekom MMC-nin (KATV1) direktoru S.T.Qurbanov ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı iddia tələbi üzrə mülki işə iddiaçının iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Bakı şəhəri Binəqədi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 106 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 755 №-li arayışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr F.Məlikov küçəsi 53 saylı evin 5 saylı mənzilinin sahibi Cavabdehdur. Ədalət-A hüquq firmasının əməkdaşı N.A.Quliyevin, AG Telekom MMC-nin (KATV1) əməkdaşı Ə.Ə.Təhməzov, Azərbaycan Respublikası Rabitə Nazirliyinin əməkdaşı S.Məmmədovun iştirakı ilə tərtib olunmuş AG Telekom MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2011-ci il tarixli 0627 saylı KA aktın surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr F.Məlikov küçəsi 53 saylı evin 5 saylı mənzilinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyərkən mənzil sakini olan xanım içəridən KATV1 kabel televiziyasına baxdığına etiraz etmiş, qapını açan olmamışdır. Ədalət-A hüquq firmasının əməkdaşı O.S.Əsgərov, AG Telekom MMC-nin (KATV1) əməkdaşı Z.M.Əhmədov, Azərbaycan Respublikası Rabitə Nazirliyinin əməkdaşı S.Məmmədovun iştirakı ilə tərtib olunmuş AG Telekom MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2013-cü il tarixli 1714 saylı aktın surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr F.Məlikov küçəsi 53 saylı evin 5 saylı mənzilinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyərkən qapını açan olmamış, 6 saylı qonşu mənzilin qapısını döyən zaman təqribən 50-55 yaşlarında kişi qapını açmış, 5 saylı mənzildə kirayəçilərin yaşadığını bildirmiş, aktın surəti və bildiriş 5 saylı mənzilin qapısına qoyulmuşdur. AG Telekom MMC-nin xx.xx.2019-cu il tarixli arayışından müəyyən olunur ki, AG Telekom MMC ilə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr F.Məlikov küçəsi 53 evin 5 saylı mənzilində yaşayan Xəlilov Bəhmən arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2010-cu il tarixdə bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2011-ci il tarixdə son ödəməsini edərək xx.xx.2011-ci il tarixdə 20,40 manat borcla şəbəkədən ayrılmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi istinad olunan maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə 10 il əvvəl qanunsuz qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal sübuta yetirilməmişdir. Belə ki, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktların surəti, apardığı video görüntü ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutları cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Belə ki, cavabdehin iştirakı olmadan 10 il əvvəl tərtib edilən aktlar, hansı binada, hansı ünvanda nə vaxt çəkiliş aparılması müəyyən olunmayan video çəkiliş iddiaçının iddia tələbində istinad etdiyi halların sübuta yetirilməsi üçün mötəbər, təkzib olunmaz sübut kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ AG Telekom MMC-nin (KATV1) Cavabdeh qarşı kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə 43,50 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 173,90 manatın tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar