Məhkəmə qərarları › İş №e-2(001)-3368/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3368/2023

10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3368/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması" tələbinə dair iddia ərizəsi ilə və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinn 2(001)-13823/2017 saylı qətnaməsi ilə xx.xx.2012ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində təyin edilmiş alimentin məbləğinin dəyişdirilməsi, yəni hər ay 220 manat məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi, Binəqədi Rayon Məhkəməsinn 20 iyun 2018-ci il tarixli, 2(001)-5185/2018 saylı qətnaməsi ilə Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün əlavə olaraq hər ay 70 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilməsi, yəni hər ay 100 manat sabit pulməbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi, mediasiya xərci kimi ödənilmiş 60 manat pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi, vəkil üçün ödənilmiş 130 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı Cavabdeh ilə 23 dekabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X17 doğulmuşdur. xx.xx.2012-ci il təvəllüdlü X17 TSEKnın qərarı ilə sağlamlıq imkanları məhdud olan hesab edilmişdir. Binəqədi Rayon Məhkəməsinn 2(001)- 13823/2017 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X11 anasının, yəni Ayazlı (Nəsibova) Türkanə Tariel qızının yanında saxlanması, uşağın saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməsi qət olunmuşdur. Binəqədi Rayon Məhkəməsinn 20 iyun 2018-ci il tarixli, 2(001)-5185/2018 saylı qətnaməsilə Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün əlavə olaraq hər ay 70 manat sabit pul məbləğində alimentin Ayazlı (Nəsibova) Türkanə Tariyel qızının xeyrinə tutulması qət olunmuşdur. Hesab edir ki, ona bir qadın olaraq tək başına sağlamlıq imkanları məhdud olan uşağı böyütmək müəyyən çətinliklər törədir. Belə ki, o, Füzuli rayonundan məcburi köçkün kimi Binəqədi rayonunda qeydiyyatda olmaqla yaşayır. Cavabdehin kifayət qədər gəlirləri vardır və hesab edir ki, qanunla müəyyən olunmuş alimenti rahatlıqla ödəyə bilər. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün 220 manat miqdarında müəyyən olunub. Əlavə olaraq bildirmək istəyir ki, o, hüquqlarının qorunması üçün vəkilə müraciət etmiş və ödəniş olunmuşdur. Bu barədə müvafiq sənədlərin (hüquqi yardımın göstərilməsi haqqında müqavilə və ödəniş qəbzi) surətlərini də iddia ərizəsinə əlavə edir. Əlavə olaraq qeyd etmək istəyir ki, “alimentin artırılması” tələbinə dair Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən mediasiya prosesi keçirilmiş və ona müvafiq Arayış təqdim olunmuşdur. Cavabdeh iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddianı qəbul etmir, hesab edir ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ilə olan nikahı pozulduqdan sonra X9 ilə faktiki nikaha daxil olmuş, nikahılarını xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Uğur adlı bir oğlu olmuşdur. Hal-hazırda da heç bir yerdə işləmir. Ailəsinin saxlanılmasına çətinlik çəkdiyindən valideynlərinin köməyindən istifadə edir. Hazırda iddiaçıya 224 manat alimenti çətinliklə qazanıb ödəyə bilir. Digər tərəfdən iddiaçı ilə birgə nikahından olan uşağı uşaqlıqdan fiziki qüsurla doğulduğundan əlilliyə görə dövlət tərəfindən iddiaçıya 220 manat pensiya ödənilir, bundan başqa iddiaçı məcburi köçkün olduğundan məcburi köçkünlərə yemək xərci üçün dövlət ona və uşağa görə hər ay üçün 120 manat məbləğində aylıq müavinət (çörək pulu) ödənilir. Göründüyü kimi iddiaçıya hər ay üçün 224 manat sabit pul məbləğində aliment ödəyir. Həmin vəsaiti də gecikdirmədən mütəmadi ödəyir. Əlavə olaraq iddiaçı dövlətdən 340 manat pul alır, üst-üstə bu 564 manat pul edir. O isə işəmədiyindən demək olar ki, gəliri yoxdur, üstəlik də ailəlidir və bir uşağı da vardır. Belə olan halda alimen artırılandan sonra həmin vəsaiti ödəmək iqtidarında olmadığından borc yığılıb qalacaqdır. Bu da ona, ailəsinə eləcə də idiaçıya problemlər yaşadacaqdır. İddiaçı məhkəmədən təyin edilmiş alimentin miqdarının artırılmasını xahiş etsə də, lakin kifayət qədər gəlirinin olması barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. Ona görə də hesab edir ki, iddia əsasız olduğundan təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh əlavə xərclərə cəlb edilərək ondan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 70 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2018-ci il tarixdən hesablanması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(001)-13823/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə 1468 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X11 anası X3 yanında qalması, xx.xx.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 136 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu sektorunun xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Ayazlı X7 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunun və ona əlavə edilmiş çıxarışın surətlərindən görünür ki, Cavabdeh adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X24 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun ona əlavə edilmiş çıxarışın surətlərindən görünür ki, Cavabdeh adına qeydiyyatdan keçmiş avtomobillər qeydiyyatdan çıxarılmış, hazırda Cavabdeh adında qeydə alınmış avtomobil aşkar edilməmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı ilə Vəkil1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “hüquqi yardımın göstərilməsi” haqqında müqavilənin surətindən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Milli idman tibb və reabilitasiya Elmi-Praktiki İnstitutunun xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023 tarixli qaimələrindən görünür ki, X17 nevroloji xəstəliklə bağlı müayinələrdən keçmiş, müayinələr üçün 24,54,24,54 və 47.2 manat məbləğlərdə ödənişlər edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Bakı şəhəri 20 saylı vəkil bürosuna 150 manat məbləğində xidmət haqqı ödəmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş: AZ-İİ seriyalı 501800 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında olan nikah 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış və 1194 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Nəsibova” soyadı verilmişdir. AZ-İV seriyalı 768480 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X12 atası Cavabdeh, anası X6r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(001)-13823/2017 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən 136 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Daha sonra, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh əlavə xərclərə cəlb edilmiş və ondan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay 70 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 136 manat sabit pul məbləğində alimentin tutulması haqqında Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(001)-13823/2017 saylı qətnaməsinin qəbul edilməsindən 5 ildən çox müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin əmək münasibətlərinin olmadığını, cavabdehin ikinci dəfə nikaha daxil olduğunu və bu nikahdan bir uşağının olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(001)- 13823/2017 saylı qətnaməsi ilə tutulan 136 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə əlavə xərclərin artırılması ilə əlaqədar isə qeyd edir ki, məhkəmənin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, əlavə xərclər uşağın əziyyət çəkdiyi psixi xəstəliyə görə tutulmuşdur. Hazırda iddiaçı tərəfindən uşağın müalicə xərclərinin artdığı, başqa sözlə hazırda hər ay tutulan 70 manat məbləğin uşağın müalicə xərclərini qarşılamadığı barədə iddia ərizəsinə hər hansı sübut əlavə edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, uşaqların qayğısına qalmaq hər iki valideynin borcudur. Ona görə də məhkəmə iddia tələbininin bu hissədə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, eyni zamanda Cavabdeh 60 manat məbləğində mediasiya xərci, 130 manat vəkilə ödənilmiş xidmət haqqı (AR MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(001)- 13823/2017 saylı qətnaməsi ilə tutulan 136 manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60 (altmış) manat məbləğində mediasiya xərci, 130 (yüz otuz) manat vəkilə ödənilmiş xidmət haqqı tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar