Məhkəmə qərarları › İş №e-2(001)-3376/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3376/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3376/2021 06.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC Cavabdeh2 ilə bağlanmış 05.01.2014-cü il tarixli VİP 13080 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə satış qiyməti 1406 ABŞ dolları olan Apple iphone 5S 16GB silver B markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdehlə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 37 ABŞ dolları, 05.02.2014-cü il tarixdə 117 ABŞ dolları, 24.03.2019-cu il tarixdə isə cərimə borcundan 5 ABŞ dolları ödəmiş, lakin sonradan ödəniş qrafiki üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə 05.01.2014-cü il tarixli VİP 13080 saylı, Cavabdeh3 ilə 11.06.2014-cü il tarixli VİP 13080 saylı zaminlik müqavilələri bağlanmışdır. Ona görə də 05.01.2014-cü il tarixli VİP 13080 saylı nisyə alqı-satqı müqaviləsi üzrə əsas borca görə 1252 ABŞ dollarının, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 200 ABŞ dolları cərimə olmaqla, cəmi 1452 ABŞ dolları borcun və dövlət rüsumuna görə 30 manatın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış 05.01.2014-cü il tarixli VİP 13080 saylı müqavilədən müəyyən olunur ki, alıcı ümumi dəyəri 1406 ABŞ dolları olan Apple iphone 5S 16GB Silver markalı 1 ədəd mobil telefonu 37 ABŞ dolları ilkin ödəniş etməklə 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə satıcıdan nisyə almışdır. Müqavilənin 3.5-ci bəndindən müəyyən olunur ki, alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəməlidir. İddiaçı MMC-nin 05.01.2014-cü il tarixli VİP 13080 saylı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 37 ABŞ dolları ilkin ödəniş etməklə, 05.02.2014-cü il tarixdən 05.12.2014-cü il tarixə qədər olan dövr ərzində hər ay 114 ABŞ dolları, 05.01.2015-ci il tarixdə 115 ABŞ dolları olmaqla hissə-hissə ödənilməlidir. Satıcı İddiaçı MMC ilə zamin Cavabdeh1 arasında bağlanmış 05.01.2014-cü il tarixli VİP 13080 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin satıcı qarşısında borclu Cavabdeh2 05.01.2014-cü il tarixli VİP 13080 saylı müqavilə üzrə öhdəliyini tam həcmdə icra etməyi öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, bu müqavilə zaminliklə təmin edilmiş öhdəlik borclu tərəfindən satıcı qarşısında tam həcmdə icra edilənədək qüvvədədir. Satıcı İddiaçı MMC ilə zamin Cavabdeh3 arasında bağlanmış 11.06.2014-cü il tarixli VİP 13080 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin satıcı qarşısında borclu Cavabdeh2 05.01.2014-cü il tarixli VİP 13080 saylı müqavilə üzrə öhdəliyini tam həcmdə icra etməyi öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, zaminliklə təmin edilmiş öhdəlik borclu tərəfindən satıcı qarşısında tam həcmdə icra edilənədək qüvvədədir. İddiaçı MMC-nin 15.03.2021-ci il tarixli 01/95-18154 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 05.01.2014-cü il tarixli müqavilə üzrə əsas borca görə 1252 ABŞ dolları, ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 200 ABŞ dolları cərimə olmaqla, cəmi 1452 ABŞ dolları borcu vardır. İddiaçı MMC-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanladığı 21.08.2020-ci il tarixli pretenziyalardan müəyyən olunur ki, satıcı alıcıya və zaminlərə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh2 iddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində 05.01.2014-cü il tarixli VİP 13080 saylı müqavilə üzrə əsas borca görə 1252 ABŞ dolları borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının Cavabdeh2 qarşı 1252 ABŞ dolları tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin Cavabdeh2 borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 19.03.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 5 ABŞ dolları tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının zaminlərə qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilələr üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində (05.01.2016-cı il tarixinədək) iddiaçı zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də məhkəmə iddiaçının zaminlərə qarşı tələblərini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 05.01.2014-cü il tarixli VİP 13080 saylı müqaviləyə əsasən əsas borca görə 1252 ABŞ dolları, cəriməyə görə 5 ABŞ dolları olmaqla cəmi 1257 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar