Məhkəmə qərarları › İş №e-2(001)-3435/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3435/2022

29.04.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3435/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi cəlb edilməklə) “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi (Qurtuluş 93 Residence) yaşayış kompleksinin bina 8 B2-ci blok, 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 71.1 kv.m olan 37 saylı mənzilin onunla cavabdehin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməklə həmin mənzilin ½ hissəsində onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci madəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia ərizəsindən görünür ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş mənzilə pay hüququnun müəyyən edilməsini xahiş edir, göründüyü kimi qeyd olunan ərizə qiymətləndirilməyən iddia ərizəsi olduğundan bu ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı hazırki mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və bununla bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Belə olan halda, iddiaçı ilkin mediasiya prosesinə çəkdiyi 50 manat xərc həddində dövlət rüsumundan azad edilsə də, hazırki iddianın məhkəmədə qaldırılması üçün qalan 50 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, dövlət rüsumunun qanunvericiliyə uyğun olaraq məbləğdə ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Mənzil Tikinti Kooperativi cəlb edilməklə) “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, dövlət rüsumunun qanunvericiliyə uyğun olaraq məbləğdə ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar