Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3453/2025 24.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin birgə qaydada borcalanlardan tutulması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" X3 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli DKM/017N05A02997124 №-li Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankı qarşısında 17 853,87 (on yeddi min səkkiz yüz əlli üç manat 87 qəpik) manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 870,45 (səkkiz yüz yetmiş manat 45 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 21 (iyirmi bir) manat məbləğində penya, cəmi 18 745,32 (on səkkiz min yeddi yüz qırx beş manat 32 qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixindən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, 2) iddia ərizəsinin verilməsinə görə 146,30 (bir yüz qırx altı manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə cavabdehlər Cavabdeh2 (Borc alan) və Cavabdeh1 (Birgə borcalan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli DKM/017N05A02997124 №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borcalanlara (“Borc alan” və “Birgə borcalan” bundan sonra birlikdə “Borcalanlar”) 48 (qırx səkkiz) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 20 000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olanAnnuitet ödəniş cədvəlinə əsasən cavabdehlər hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdehlər bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə Cavabdehlərin Bank qarşısında gecikdirilmiş borcu18 724,32 (on səkkiz min yeddi yüz iyirmi dörd manat 32 qəpik) manat təşkil edir ki, bunun da 17 853,87 (on yeddi min səkkiz yüz əlli üç manat 87 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 870,45 (səkkiz yüz yetmiş manat 45 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdehlər kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 5 % (beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 21 (iyirmi bir) manat məbləğində təşkiledir. Kredit müqaviləsi üzrə Cavabdehlər tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdehlərin üzərilərinə götürdükləri öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən Cavabdehlər ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2024-cü il tarixli QB-XO4.11.2024-001 №-li Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdehlər arasında bağlanmışKredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki:“Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faizformasında zərərin (realzərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
3. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş (25-ci abzas) hüquqi mövqeyinə görə borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması kreditorla borclu arasında müqavilə münasibətlərinə xitam verilməsinə səbəb olmur. Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarda gəldiyi nəticəyə görə məhkəmə qətnaməsi qəbul olunmasına qədər əsas borc məbləği ödənilmədikdə, həmin məhkəmə qətnaməsində onun qəbul olunduğu günədək faizlərin və penyanın hesablanmalı olduğunun göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmənin qətnaməsi ilə tərəflər arasındakı müqavilə münasibətlərinə müəyyənlik gətirildiyi üçün (müqavilənin ləğv edilib-edilməməsi ilə bağlı) Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq hesab edirlər ki, xx.xx.2025-ci il tarixindən etibarən qətnamə qəbul edilənədək kredit müqaviləsi üzrə əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada Borcalanlardan İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbi əsaslı və qanunvericiliyin tələblərinə uyğundur və buna görə də məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Mülki Məcəllədə olan dəyişikliklərdən sonra cərimənin məbləği üçün bank uçot dərəcəsi əsas götürülür. Müqavilə üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixində ödəniş edilib. Tərəflərindən isə müqavilədən xx.xx.2025-ci il tarixində imtina edilib.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
6. "xxxx" X3 Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 arasında 26 yanvar 2024-cü il tarixli, DKM/017N0A02997124 saylı kredit müqaviləsi bağlanmış və birgə borcalanlara borc öhdəliklərinin bağlanması üçün 48 ay müddətinə, illik 12 % olmaqla 20000 manat məbləğində kredit verilmişdir. Birgə borcalanlar kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsi və əsas borc məbləğinin qaytarılması ilə bağlı annuitet ödəniş cədvəlinə müvafiq olaraq hər ay banka 526.68 manat ödəməli idi.
7. Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən borcalanlar tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, Borcalanlar Banka ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5 faiz dərəcəsi ilə hesablanan peniya ödəməlidirlər. Penya ödənilməsi gecikdirilən borcun yarandığı gündən 180 təqvim günündən çox ola bilməz.
8. Müqavilənin 5.4-cü bəndində qeyd edilmişdir ki, qüvvədə olan qanunvericiliyə və ya bu müqaviləyə əsasən yaranmış hüququna müvafiq olaraq Bank kreditin vaxtından əvvəl qaytarılmasını tələb etdikdə, Borcalanlar isə 3.4.3-cü yarımbəndində müəyyən olunan müddətdə kredit üzrə əsas borcu və hesablanmış faizləri tam həcmdə ödəmədikdə, qeyd olunan müddətin bitdiyi andan Bank kredit üzrə cari tarixə mövcud olan əsas borc məbləğini vaxtı keçmiş əsas borc kateqoriyasına aid etmək hüququna malikdir. Bu hal baş verdikdə Borcalanlar həmin məbləğə kreditdən istifadəyə görə müəyyən edilmiş adi faizlərlə yanaşı bu müqavilənin 5.2-ci bəndi ilə müəyyənləşdirilən miqdarda və qaydada hesablanan penya ödəməlidirlər.
9. Bundan başqa müqavilənin 3.1.4-cü maddəsində qeyd edilmişdir ki, kredit üzrə ödənişlərin gecikdirilməsinə görə Banka dəyən zərər bu müqavilənin 5.2-ci bəndində nəzərdə tutulan peniyanın məbləğindən çox olduğu təqdirdə, həmin məbləğdən çox olan hissədə zərərin əvəzinin ödənilməsini Borcalandan tələb etmək. Zərərin əvəzi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıqlanan istehlak kreditləri üzrə orta faiz dərəcəsi əsas götürülməklə hesablanır.
10. Bank borcalanlara xx.xx.2024-cü il tarixdə xəbərdarlıq göndərərək, həmin tarixə kredit müqaviləsi üzrə 17999.82 manat borcun yarandığını bildirmiş, bunun 16975.58 manatı kredit üzrə əsas borc məbləği, 878.29 manatı vaxtı keçmiş əsas borc məbləği, 144.71 manatı adi faiz borcu, 0.88 manatını isə vaxtı keçmiş adi faiz borcu, 0.36 manat vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış cərimə faizləri təşkil etdiyini göstərmişdir. Eyni zamanda həmin xəbərdarlıqda bildirilmişdir ki, yaranmış borc məbləğini xx.xx.2024-cü il tarixədək ödənilmədikdə kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb etmək hüquqları vardır.
11. Borcalanlar bundan sonra xx.xx.2024-cü il tarixdə 100.48 manat, xx.xx.2025ci il tarixdə isə 100 manat olmaqla ödəniş etmişlər.
12. Bank iddia ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və xx.xx.2025-ci il tarixə tərtib edilən maliyyə arayışına görə vaxtı keçmiş 17853.87 manat əsas borcun, 870.45 manat hesablanmış adi faiz borcunun, 21 manat peniyanın tutulmasını, eyni zamanda xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edildiyi tarixə əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 faiz dərəcəsi ilə hesablanan penyanın birgə borcalanlardan tutulmasını xahiş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə):
14. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
16. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
19. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
20. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
21. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
22. 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
23. 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
24. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
25. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
26. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
27. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.
28. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
29. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.
30. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
31. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissəhissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); və.s
32. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
33. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
34. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
35. 745.6. Əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər bu Məcəllənin 745.5-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər.
36. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
37. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
38. 746-5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
39. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında mahiyyətinə uyğun olaraq istehlak krediti müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birgə borcalanlar müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməyərək, öhdəliklərini pozmuşlar. Bu səbəbdən də kreditorun həm müqavilənin, həm də qanunvericiliyin tələbinə uyğun olaraq kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ əsaslıdır. Belə ki, borcalanlar öz risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyırlar.
40. Buna görə də məhkəmə maliyyə arayışını mötəbər sübut kimi qəbul edir və izahlı tərtib edilmiş hesabdan çıxarışda göstərilən məlumatlarda hər hansı şübhə doğuran(şişirdilmə və.s) hal müəyyən etməyərək, hesab edir ki, kredit üzrə əsas borca görə 17853.87 manat, ona hesablanmış faizə görə 870.45 manat, dəbbə pulu(penya) kimi hesablanmış 21 manat vəsait birgə borcalanlardan tutularaq iddiaçıya ödənilməlidir.
41. Bununla belə, məhkəmə xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə 12 faiz dərəcəsi ilə hesablanan faizlər və illik 5 faiz dərəcəsi ilə hesablanan penyanın tutulması hissəsində iddianı qismən əsaslı hesab edir.
42. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. MM-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir.
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarlarında qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasını gecikdirməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.
44. İddia tələbindən də müəyyən edilir ki, kreditor maliyyə arayışının tərtib edildiyi və məhkəməyə müraciət etdiyi tarixdən müqavilədən imtina etmiş və həmin vaxtda qədər hesablanmış kredit üzrə əsas borcun və faizlərin tutulmasını tələb etmişdir. Bununla belə, kreditor müqavilənin 5.4-cü bəndinə əsaslanaraq, kreditdən istifadəyə görə müəyyən edilmiş adi faizlərlə yanaşı, həmin müqavilənin 5.2-ci bəndi göstərilən əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5% dərəcəsi ilə hesablanan penyanı da tələb edir.
45. Bununla bağlı məhkəmənin mövqeyi belədir ki, kreditorun xx.xx.2025-ci il tarixdən qətnamə qəbul edilən tarixə əsas borc məbləğinə illik 12 faiz dərəcəsi ilə pul tələbi kredit müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizdir (gecikdirilmə faizidir) və istehlak krediti üzrə gecikdirmə faizini tələb edən kreditor bundan əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edə bilməz. Məhkəmənin bu mövqeyi Mülki Məcəllənin yuxarıda qeyd edilən 745.5, 746-5-ci maddələrinin əlaqəli təhlilindən irəli gəlmişdir. Hansı ki, digər kredit müqavilələrində kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır və yalnız bu həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilməsi istisna edilsə də, istehlak kredit müqaviləsində isə istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməsi onun iradəsi ilə şərtləndirilmiş və əlavə dəbbə pulu tələb edilməsi imkanı həmin həddən asılı olmayaraq məhdudlaşdırılmışdır .
46. Bununla belə, borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir.
47. Beləliklə, məhkəmə iddianı həmin hissədə qismən əsaslı hesab edir və qətnamənin gələcəkdə icrası zamanı qeyri-müəyyənliyin yaranmaması üçün qətnamənin qəbul edildiyi tarixə gecikdirmə faizinə görə cavabdehlərdən 357(əsas borc 17853.87 x 12%:12ay x 2 ay(qətnamənin qəbul edildiyi tarixə keçən müddət)) manat tutulmalı olduğu qənaətinə gəlir. Tətbiq edilən prosessual normalar:
48. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
49. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
50. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
51. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
52. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
53. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Nəticə:
54. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2024-cü il tarixli DKM/017N05A02997124 №-li Kredit müqaviləsi üzrə əsas borca görə 17853.87 manat, faiz borcuna görə 870.45 manat, peniya borcuna görə 21 manat olmaqla, cəmi 18745.32 manat, xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edildiyi tarixə gecikdirilmə faizinə görə 357 manat cavabdehlər(birgə borclular) Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" X3 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
55. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146.3 manat cavabdehlər(birgə borclular) Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" X3 Cəmiyyətinə ödənilməlidir.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli DKM/017N05A02997124 №-li Kredit müqaviləsi üzrə əsas borca görə 17853.87 manat, faiz borcuna görə 870.45 manat, peniya borcuna görə 21 manat olmaqla, cəmi 18745.32 manat, xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edildiyi tarixə gecikdirilmə faizinə görə 357 manat cavabdehlər(birgə borclular) Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" X3 Cəmiyyətinə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146.3 manat cavabdehlər(birgə borclular) Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" X3 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev