Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3456/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas məbləğ üzrə 486,53 manat, faiz borcu üzrə 10,31 manat, cərimə borcu üzrə 79,17 manat olmaqla, cəmi 576,01 manat kredit borcunun, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üçün 3,40 manat, dövlət büdcəsinə ödənilən 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1 Azərbaycan” QSC iddia tələbini onunla əsaslandırmışdır ki, 12 sentyabr 2019-cu ildə “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 5000 manat məbləğində pul ayrılmışdır. O, 24 ay müddətində kreditin əsas məbləği və ona illik 18 % dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, borcalan Cavabdeh oğu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən banka əsas məbləğ üzrə 486,53 manat, faiz borcu üzrə 10,31 manat, cərimə borcu üzrə 79,17 manat olmaqla, cəmi 576,01 manat kredit borcu vardır. Göstərilənlərin nəzərə alınmasını və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdehin ünvanda yaşamaması səbəbindən ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: “X1 Azərbaycan” QSC ilə borcalan Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019cu il tarixli, 260310 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqaviləyə əsasən bank borcalana bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə 24 ay müddətinə, illik 18 % olmaqla 5000 manat məbləğində kredit verməyi, borcalan isə kredit üzrə almış olduğu bütün pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olaraq müəyyən edilmişdir. 21 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli, 260310 saylı kredit müqaviləsinə əsasən cavabdehin “X1 Azərbaycan” QSC-yə əsas məbləğ üzrə 486,53 manat, faiz borcu üzrə 10,31 manat, cərimə borcu üzrə 79,17 manat olmaqla, cəmi 576,01 manat kredit borcu vardır; 13 oktyabr 2021-ci il tarixli Bildiriş-Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “X1 Azərbaycan” QSC-yə olan borcunu 5 iş günü müddətində icra etməməsi təqdirdə kredit borcunun ödənilməsi məqsədi ilə aidiyyatı orqanlara müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; Poçt qaiməsinin surətindən görünür ki, cavabdehə məktubun göndərilməsi üçün cəmi 3,40 manat məbləğində vəsait ödənilmişdir; 19 noyabr 2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi haqqında ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında 12 sentyabr 2019-cu il tarixli, 260310 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən “X1 Azərbaycan” QSC tərəfindən cavabdehə 24 ay müddətinə, illik 18 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit məbləğini qaytarmağı, barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı hazırda öhdəliyin lazımınca yerinə yetirilməməsi nəticəsində cavabdehin borcunun yarandığını iddia edir və cavabdehdən əsas məbləğ üzrə 486,53 manat, faiz borcu üzrə 10,31 manat, cərimə borcu üzrə 79,17 manat olmaqla, cəmi 576,01 manat kredit borcunun, bildirişlərin göndərilməsi üçün çəkdiyi xərcləri və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulmasını xahiş edir. Borcun mövcudluğunu isə maliyyə arayışı ilə təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İş materiallarında olan maliyyə arayışı ilə cavabdehin borcunun olduğu öz təsdiqini tapır. Məhkəmə cavabdehdən tələb edilən cərimə məbləğinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Odur ki, məhkəmə iddia tələbinin cərimə məbləğinin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən müqavilə üzrə hesablanmış cərimə məbləği endirilməli və 24 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 12 sentyabr 2019-cu il tarixli, 260310 saylı kredit müqaviləsi üzrə əsas borca görə 486,53 manat, faiz borcuna görə 10,31 manat, cərimə borcuna görə 24 manat olmaqla, cəmi 520,84 manat məbləğində pul vəsaiti, cavabdehə bildirişlərin göndərilməsi üçün 3,4 manat poçt xərci və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 sentyabr 2019-cu il tarixli, 260310 saylı kredit müqaviləsi üzrə əsas borca görə 486,53 (dörd yüz səksən altı manat, əlli üç qəpik) manat, faiz borcuna görə 10,31 (on manat, otuz bir qəpik) manat, cərimə borcuna görə 24 (iyirmi dörd) manat olmaqla, cəmi 520,84 (beş yüz iyirmi manat, səksən dörd qəpik) manat məbləğində pul vəsaiti, cavabdehə bildirişlərin göndərilməsi üçün 3,4 (üç manat, qırx qəpik) manat poçt xərci və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-3456/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3456/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver