Məhkəmə qərarları › İş №e-2(001)-3467/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3467/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3467/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 mart 2021-ci il tarixli 189655- CNS-21044 saylı kredit xətti müqaviləsinə əsasən 12 aprel 2022-ci il tarixə Banka borclu olduğu 2708,82 (iki min yeddi yüz səkkiz manat 82 qəpik) manat məbləğində əsas borc, 266,52 (iki yüz altmış altı manat 52 qəpik) manat məbləğində faiz borcu, 171,85 (bir yüz yetmiş bir manat 85 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3147,19 (üç min bir yüz qırx yeddi manat 19 qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 51,87 (əlli bir manat 87 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 mart 2021-ci il tarixli 189655-CNS-21044 saylı “Kredit Xətti müqaviləsi”nə əsasən cavabdehə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəlikləri icra etməmiş və nəticəsində cavabdehin Banka 2708,82 (iki min yeddi yüz səkkiz manat 82 qəpik) manat məbləğində əsas borcu, 266,52 (iki yüz altmış altı manat 52 qəpik) manat məbləğində faiz borcu və 171,85 (bir yüz yetmiş bir manat 85 qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 3147,19 (üç min bir yüz qırx yeddi manat 19 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, 29 aprel 2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: İş materiallarına əlavə edilmiş 30 mart 2021-ci il tarixli 189655-CNS-21044 №-li müqavilədən görünür ki, İddiaçı ASC Cavabdeh illik 22% hesablanması şərti ilə 48 ay müddətinə 3000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul edib, müqavilə ilə müəyyən edilən şərtlərlə və qaydada kreditdən istifadə etməyi və müqavilədə nəzərdə tutulmuş qaydada həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 12 aprel 2022-ci il tarixli arayışdan görünür ki, 30 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə 12 aprel 2022ci il tarixinə 2708,82 manat əsas borc, 266,52 manat faiz borcu və 171,85 manat faiz borcu olmaqla, cəmi 3147,19 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 51,87 manat dövlət rüsumu və xidmət haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2708,82 (iki min yeddi yüz səkkiz manat 82 qəpik) manat məbləğində əsas borc, 266,52 (iki yüz altmış altı manat 52 qəpik) manat məbləğində faiz borcu, 171,85 (bir yüz yetmiş bir manat 85 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3147,19 (üç min yüz qırx yeddi manat 19 qəpik) manat məbləğində pul vəsaiti və məhkəməyə müraciət etmək üçün ödənilmiş 51,87 (əlli bir manat 87 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar