Məhkəmə qərarları › İş №e-2(001)-349/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-349/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-349/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyanın ödənilməsi Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Verdiyev Elcan Elşad oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş 8306,25 manat (səkkiz min üç yüz altı manat iyimi beş qəpik) məbləğində maddi zərərin və ödənilmiş 104 (bir yüz dörd) manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq iddiaçının mülkiyyətində olmaqla idarə etdiyi “Chevrolet Camaro minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq iddiaçıya maddi zərər vurmuşdur. Hadisə ilə bağlı xx.xx.2023-cü il tarixli protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vemə haqqında qərar əsasında Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Hadisə zamanı iddiaçının avtomobilinə 12800 (on iki min səkkiz yüz) manat məbləğində zərər dəymişdir. Həmin zərərin 4493,75 manat (dörd min dörd yüz doxsan üç manat yetmiş beş qəpik) məbləğində hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilib. İddiaçı qalan məbləği, yəni 8306,25 manatı dəfələrlə tələb etsə də cavabdehlər tərəfindən dəymiş ziyanın əvəzi ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən onun günahı ucbatından yol-nəqliyyat hadisəsi baş verib. Lakin iddiaçının tələb etdiyi məbləğ çoxdur, avtomobilə dəymiş zərər ərizədə yazılan qədər olmayıb.

5. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

6. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmiş işin halları ondan ibarətdir ki:

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi RPİ X4 Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, saat 02:45-də “Toyota Prius (Hibrid) minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərar əsasında Cavabdeh2 müvafiq inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir.

8. xx.xx.2022-ci il tarixli ƏN-Vİ №370126 seriya nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Toyota Prius (Hibrid) minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək səlahiyyət vermişdir. (Etibarnamə Cavabdeh1 adından X2 tərəfindən imzalanmışdır.)

9. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir.

10. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Camaro minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.

11. Cavabdeh2 Binəqədi RPİ-nə verdiyi izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 02:45-də etibarnamə əsasında idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı, **-EA-*** nömrəli avtomaşınla M.Cəlal küçəsində hərəkətdə olarkən qarşısına maneə çıxdığı üçün sağdan sola yerdəyişmə edərkən idarəetməni itirib yolu iki hissəyə ayıran səki, işıq dirəyi, yol nişanı və yolun əks istiqamətində park halında olan “Chevrolet Camaro” markalı **-HK-*** nömrəli avtomaşının sol arxa yan hissəsi ilə toqquşduğunu və “Chevrolet Camaro” markalı maşının sağ arxa yan tərəfinin səki ilə toqquşduğunu bildirmişdir.

12. İddiaçı Binəqədi RPİ-nə verdiyi izahatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə, saat 02:45 radələrində özünə məxsus “Chevrolet Camaro minik” markalı, **-HK-*** nömrəli avtomaşınla yolun sağ kənarında park halında olarkən, sonradan ona məlum olmuşdur ki, hərəkətdə olan “Toyota Prius (Hibrid) minik” markalı, **-EA-*** nömrəli avtomaşın idarəetməni itirərək yolu iki hissəyə ayıran səkiyə, işıq dirəyinə, yol nişanına toqquşaraq sonra onun dayanmış maşınının sol arxa hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən maşınının sağ arxa yan hissəsi səkiyə dəyib.

13. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 174701 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Hesabat”dan görünür ki, “Chevrolet Camaro minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci ümumilikdə 12.800 (on iki min səkkiz yüz) manat (material və ehtiyat hissələrinin xərci 9.498,46 manat, görüləcək işlərin xərci 3.301,54 manat) təşkil edir.

14. "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Sığorta Aktından və ödəniş sənədindən görünür ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “Chevrolet Camaro” markalı, **-HK-*** nişanlı avtomobilinə dəymiş zərər məbləği 12800 manat, sığorta ödənişi isə 4493,75 manat müəyyən edilərək, zərərçəkən İddiaçı təqdim etdiyi hesaba köçürülmüşdür.

15. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8023-8/3214 nömrəli və xx.xx.2024-cü il tarixli, 9/3464 8/1405 nömrəli ekspert rəylərindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 174701 nömrəli qiymətləndirməyə dair hesabat məlumatlarına əsasən 2018-ci il buraxılışlı, “Chevrolet” markalı, “Camaro” modelli, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 12484 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti – 9484 manat, təmir-bərpa işlərinin qiyməti – 3000 manat; dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10732,99 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti – 7732,99 manat, təmir-bərpa işləirnin qiyməti – 3000 manat təşkil edir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız işa aid, mümkün və mötəbər sübutlardan istifadə oluna bilər.

19. Məlum olduğu kimi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri mülki hüquq pozuntusu (delikt) nəticəsində başqa şəxsə zərər vurulmasıdır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında mülki hüquq pozuntusundan (deliktdən) əmələ gələn öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

24. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

25. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edildiyini və həmin hüquqi mövqelərin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması ilə bağlı hüquqi mövqeyin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında qeyd edilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

28. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyəti təqsirsiz məsuliyyətdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

29. Beləliklə, hüquqa zidd əməli törətmiş ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.

30. Göstərilən hüquqi mövqelərə əsaslanaraq və yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərinin hazırki işin faktiki hallarına tətbiqi baxımından müəyyən olunur ki, Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə müşayiət olunan hüquqa zidd əməl (yol-nəqliyyat hadisəsi) törədilmişdir. Məhkəmə bununla əlaqədar olaraq hesab edir ki, Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq məhkəmə üçün məcburi olmasa da yolnəqliyyat hadisəsinin məhz Cavabdeh2 tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmişdir. 31.Cavabdeh tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi nəticəsində İddiaçı əmlakına (mülkiyyətində olan “Chevrolet Camaro minik” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilə) zərər vurulmuşdur. Bu hal Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8023-8/3214 nömrəli və xx.xx.2024-cü il tarixli, 9/3464 8/1405 nömrəli ekspert rəyləri, tərəflərin izahatları və işin digər materialları ilə tam sübuta yetirilmişdir. 32.İddiaçının əmlakına vurulmuş zərər məhz cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, yəni zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə vardır. Bu hal da tərəflərin izahatlar, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunur; 33.Yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyəti təqsirsiz məsuliyyət olduğundan, hazırki iş üzrə cavabdehin təqsirinin olub-olmamasının araşdırılmasına lüzum yoxdur. Bununla belə məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar ilə Cavabdeh2 hüquq zidd əməli (müvafiq inzibati xətanı) törətməkdə təqsirli bilinmişdir.

34. Zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi hər hansı sübutla müəyyən edilmir.

35. Beləliklə, məhkəmə qeyd edir ki, idarə etmək hüququna dair etibarnamə əsasında yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik edən Cavabdeh2 ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində iddiaçının əmlakına zərər vurulmasına səbəb olan mülki hüquq pozuntusu törətmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh törədilmiş mülki hüquq pozuntusu nəticəsində iddiaçının əmlakına vurulan zərərin əvəzini tam həcmdə ödəməyə borcludur.

36. Bundan başqa məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini də nəzərə alaraq qeyd edir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zəruri maddi şərt şəxsin yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olması, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəətinin olması və ondan yararlanması lazımdır. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

37. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, mülki hüquq pozuntusu (yol nəqliyyat hadisəsi) Cavabdeh2 tərəfindən törədilmiş və mülki hüquq pozuntusu törədilən zaman yüksək təhlükə mənbəyi üzərində faktiki hakimiyyətə də məhz o malik olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 qanuni əsaslarla idarə etdiyi avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 münasibətdə təmin edilə bilməz.

38. Bundan başqa məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ziyan dəyməsi işin mübahisəsiz halı olsa da və buna görə vurulmuş ziyan iddiaçıya ödənilməli olsa da vurulmuş ziyanın həcminə münasibətdə iddia tələbi qismən təmin edilməlidir.

39. Belə ki, iş üzrə keçirilmiş məhkəmə avtotexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının eyni məzmunlu xx.xx.2023-cü il tarixli, 9/8023-8/3214 nömrəli və xx.xx.2024-cü il tarixli, 9/3464 8/1405 nömrəli rəylərindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 174701 nömrəli qiymətləndirməyə dair hesabat məlumatlarına əsasən 2018-ci il buraxılışlı, “Chevrolet” markalı, “Camaro” modelli, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10732,99 manat, o cümlədən, dəyişilməli hissələrin qiyməti 7732,99 manat, təmir-bərpa işlərinin qiyməti 3000 manat müəyyən edilmişdir. Məhkəmə zərər vurulmuş avtomobilin 2018-ci il buraxılışlı olmasını və 5 ildən artıq müddət ərzində istifadədə olduğunu nəzərə alaraq ekpert rəylərinin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə zərər məbləğinin müəyyən edilməsi hisssəsini əsaslı hesab edir.

40. Ona görə də iddia tələbinin avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Belə ki, ekspert rəyi ilə iddiaçının avtomobilinə vurulmuş zərər məbləğinin 10.732,99 manat müəyyən edildiyi və zərər məbləğinin 4.493,75 manat hissəsi sığorta tərəfindən iddiaçıya ödənildiyi üçün qalan zərər məbləği, yəni 6.239,24 manat (10.732,99 - 4.493,75 = 6.239,24) pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğu qeyd edildiyindən və hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 104 (bir yüz dörd) manat məbləğində dövlət rüsumunun 84 (səksən dörd) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

42. Bundan başqa məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iş üzrə 160 manat ekspertiza xərci də cavabdehdən tutulmalıdır.

43. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 6.239,24 manat (altı min iki yüz otuz doqquz manat iyirmi dörd qəpik) məbləğində pul vəsaiti və 84 (səksən dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

42. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. MPM-nin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 6.239,24 manat (altı min iki yüz otuz doqquz manat iyirmi dörd qəpik) məbləğində pul vəsaiti və 84 (səksən dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqatının dəyərini təşkil edən 160 (bir yüz altmış) manat ekspertiza xərci Cavabdeh2 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar