Məhkəmə qərarları › İş №e-2(001)-3501/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3501/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3501/2022 18.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat əsas, 802.08 manat faiz borcu, 450 manat cərimə borcu və 62.92 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2021-cı il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq BOKT "xxxx" QSC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - müqaviləyə və ödəniş cədvəlinə əsasən, tərəflər arasında xx.xx.2021-ci il tarixli 171- TEL-0101-21 nömrəli kredit müqaviləsi bağlanmış və cavabdehə 12 ay müddətinə illik 35 faiz hesablanmaqla, 3.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh götürdüyü krediti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 300 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh banka 3000 manat əsas, 802.08 manat faiz, 450 manat cərimə borcu olmaqla, cəmi 4252,08 manat borcu mövcuddur. - son xəbərdarlıq bildirişindən görünür ki, cavabdehə BOKT "xxxx" QSC tərəfindən borcun tam olaraq 5 (beş) gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi əsas borc və faiz borcunun tutulması hissəsində tam təmin edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 450 manat məbləğində deyil, 100 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 3000 manat əsas, 802,08 manat məbləğində faiz və 100 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçı BOKT "xxxx" QSCyə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 62.92 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 manat əsas, 802,08 manat məbləğində faiz və 100 manat cərimə borcu olmaqla, cəmi 3902,08 manat (üç min doqquz yüz iki manat səkkiz qəpik) məbləğində borc və 62,92 (altmış iki manat doxsan iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar