Məhkəmə qərarları › İş №e-2(001)-3505/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3505/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3505/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nə əsasən xx.xx.2022-ci tarixli “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 2828,48 manat məbləğində əsas borc, 405,52 manat məbləğində faiz borcu, 316,15 manat cərimə borcu olmaqla, cəmi 3550,15 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 55,50 (əlli beş manat 50 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 26% hesablanması şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 3550,15 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını(“Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 11.1.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, Həmin şərtlərin 11.1-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən 16 may 2023cü il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30(otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir: İş materiallarına əlavə edilmiş tərəflər arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən bank tərəfindən borcalana illik 26% faiz hesablanması şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, gecikdirilmiş borc üzrə hər tam və ya natamam 10 manat üçün 0,05 manat məbləğində cərimə hesablanması nəzərdə tutulmuşdur. Həmin müqavilədən görünür ki, www.vtb.az saytına yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” haqqında müqavilənin ümumi şərtləri, tariflər, valyuta məzənnəsi və aparılan bütün bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə müştəri tanış olmuş və qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 349647-CNS-37126 saylı kredit müqaviləsinə 1 №-li əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 120,98 manat olmaqla, xx.xx.2025-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli, 349647-CNS-37126 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixinə 2828,48 manat əsas borc, 405,52 manat faiz borcu, 316,185 manat cərimə borcu olmaqla, cəmi 3550,15 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə borclunun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Ona görə də hesab edirəm ki, 2828,48 manat məbləğində əsas borcun və 405,52 manat məbləğində faiz borcunun tutulması hissəsində əsaslıdır. Digər tərəfdən, iddiaçı bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən müvafiq olaraq 316,15 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2828,48 manat əsas borca görə 316,15 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 316,15 manat məbləğində hesablanmış cərimə məbləğinin 200 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş 55,50 manat dövlət rüsumunun 53 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 2,50 manat məbləğində hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 2828,48 (iki min səkkiz yüz iyirmi səkkiz manat 48 qəpik) manat məbləğində əsas borc, 405,52 (dörd yüz beş manat 52 qəpik) manat məbləğində faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə, 53 (əlli üç) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3487 (üç min dörd yüz səksən yeddi) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar