Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3532/2025 31.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı X1 da üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı X1 da üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, hazırki iş üzrə Cavabdeh özünü lazeroq və kosmetoloq kimi təqdim edərək lazer avadanlığı alıb işlətmək üçün ona yalan vəd verərək iş qurmaq adı ilə 5000 manat pul vəsaitini ələ keçirərək mənimsəmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə yazılı ərizə ilə müraciət edərək, hazırki iş üzrə cavabdeh olan Cavabdeh barəsində qanunamüvafiq tədbirlər görülməsini və dəymiş ziyanın qaytarılmasını xahiş etmiş, aparılmış təhqiqat araşdırması zamanı izahatı alınmış hazırki iş üzrə Cavabdeh izahat verərək bildirmişdir ki, 2020-ci ildən münasibəti olan hazırki iş üzrə İddiaçı açacağı gözəllik salonu ilə bağlı 5000 manat pul dəstəyi etməsini istəmiş, iddiaçı bir müddət bəzi bəhanələr gətirsə də, sonradan pulun hazır olduğunu deyərək, cavabdehin yaşadığı ünvana gəlmiş, anasının yanında pulu ona vermiş, cavabdeh həmin məbləği lazer aparatı almaq üçün ilkin ödəniş etmiş, daha sonra bilərəkdən qəsdən yalan ifadə verərək, iddiaçını ifşa edərək, guya iddiaçı ilə aralarında şəxsi münasibətləri olduğu üçün iddiaçının həmin məbləği ona təmənnasız olaraq verdiyini etiraf etmiş, aparılmış təhqiqat araşdırması nəticəsində xx.xx.2024-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bununla da sübut olunur ki, cavabdeh onun hüquqlarını pozmuş, ona maddi zərər yetirmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.2, 21.1 və 21.2-ci maddələri ilə əsaslandıraraq, iddia tələbinin təmin olunaraq, Cavabdeh 5000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, nümayəndə “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlanmış etiraz ərizəsini müdafiə edərək, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə bildirmişdir ki, cavabdeh tərəf ərizəsində tərəflər arasında olan şifahi əqdin müddətin keçməsi səbəbindən etibarsız sayılmasını tələb etmişdir. Lakin qeyd edilməlidir ki, bunun üçün əsas yoxdur. Belə ki, tərəflər arasında hazırki mübahisə predmeti ilə bağlı olan “Whatsapp" yazışmaları 2022-ci ilin oktyabr ayında baş tutmuş, həmin müddətdən hesablansa, o zaman iddia müddətinin sonunun 2025-ci ilin oktyabr ayında bitməsi nəzərə alınmalıdır. Bundan başqa, cavabdehə qarşı məhkəməyə müraciət olunmamışdan öncə Binəqədi rayon 4-cü Polis Bölməsinə müraciət olunmuşdur. Həmin bölmədə hazırki iş üzrə cavabdehin izahatı alınarkən o, iddiaçıdan 5000 min manat pul vəsaitini almasını etiraf etmiş, mülki xarakterli olduğu üçün bu barədə Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi tərəfindən “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 25 avqust 2024-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdeh ərizəsində məhz bu halı da qeyd edir ki, hüquq mühafizə orqanlarına müraciətlərindən də müddət ötmüşdür, halbuki Binəqədi RPİ-nin 4cü Polis Bölməsinin qərarı 2024-cü ilin avqust ayında qəbul olunmuşdur, cavabdehin mülahizəsi ilə yanaşsaq hazırki məsələyə, o, hesab edir ki, bu halda da iddia müddəti tərəflərindən ötürülməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia müddəti tətbiq edilməklə, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh eyni zamanda iddiaçı ilə 3 il ailə kimi yaşadıqlarını, iddiaçı tərəfindən 5000 manat pul məbləğinin ona borc məqsədilə deyil, köməklik məqsədilə təmənnasız şəkildə verildiyini, hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxsi tanımadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, izahatı alınmış Cavabdeh, 2020-ci ildən münasibəti olan İddiaçı açacağı gözəllik salonu ilə bağlı 5000 manat pul dəstəyi etməsini istədiyini, o, bir müddət bəzi bəhanələr gətirsə də, daha sonra pulun hazır olduğunu deyərək yaşadığı ünvana gələrək anasının yanında pulu ona verdiyni, daha sonra həmin məbləği lazer aparatı almaq üçün ilkin ödəniş etdiyini, Elvinlə münasibətlərinin 2023-cü ilin avqust ayından etibarən sonlandığını, daha sonra Elvin tərəfindən ona zorakılıq edilərək pulun geri tələb edildiyini, Elvinin pulu ona şəxsi münasibətləri olduğu üçün verdiyini, Elvin və Siyavuşun qeyd etdiyi xüsusatların yalan olduğunu, Elvinin ona pulu təmənnasız olaraq verdiyini bildirmişdir. İş materiallarında olan X1 izahatından görünür ki, İddiaçı onun yaxın dostudur. Onunla təxminən 20 ildir ki, bir-birlərini tanıyırlar. 2022-ci ilin oktyabr ayında Elvin ona bildirmişdir ki, tanışı Cavabdeh biznes məqsədilə “Alexandr” Lazer aparatı almaq istəyir. O, Elvinə Aynurun irəli sürdüyü təkliflə maraqlanmağı bildirmişdir. Belə ki, onun tanışı Cavabdeh lazeroloq olması barədə məlumatı olmuşdur. Lakin onunla heç bir şəxsi tanışlığı olmamışdır. Elvin Aynurdan şərtlər barədə öyrənmiş, bir neçə gün sonra ona məlumat vermişdir. Məlumat verdikdə ona məlum olmuşdur ki, Cavabdeh ona lazer aparatı almaq üçün verəcəyi 5000 manat pulun qarşılığında ona lazerin 700 manat krediti ödənildikdən sonra ümumi qazancın 50 faizini aparat işlədiyi müddətədək Elvinin vasitəsilə verəcəkdir. O, Aynurun Elvin vasitəsilə ona irəli sürdüyü şərtlərlə razılaşmış 5000 manat pulu Bakı şəhəri Binəqədi rayonunda yerləşən Soliton mağazasının qarşısında əlbəəl vermişdir. Elvin növbəti gün ona zəng edərək sözügedən məbləği lazeroloq tanışı Aynur adlı şəxsə çatdırdığını bildirmişdir. Daha sonra Elvin ona bildirmişdir ki, Aynur məhz aparatı alaraq, Binəqədi rayonu Zəngəzur küçəsində icarəyə götürdüyü Lazer adlı gözəllik salonunda fəaliyyətə başlamışdır. Üstündən təxminən 1 ay keçdikdən sonra o, Elvinə zəng edərək, Aynurun ödəniş etməli olduğu barədə məlumat vermişdir. Lakin Elvin, ona zəng edərək, Aynurun üstünə düşən öhdəliyin icrasından boyun qaçırdığını və işlərin zəif olmasına dair müxtəlif bəhanələr gətirdiyini bildirmişdir. O, Elvinin xətrinə bir müddət pulun arxasına düşməmişdir. Sonuncu dəfə Elvin ona zəng edərək, Aynurun ona “Siyavuş tanıyıram mən? mən ondan almışam?” deyə bilərəkdən sual verdiyini və pulu qaytarmayacağını bildirdikdə o, Elvindən xahiş etmişdir ki, bu barədə polis şöbəsinə müraciət etsin. O, müdafiəçi vasitəsilə 4-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. O, Cavabdeh Elvinin 2022-ci ilin oktyabr ayında verdiyi 5000 manat məbləğində vəsaitin ona məxsus olduğunu bildirmişdir. Bu səbəbdən də, o, qərara gəlmişdir ki, rəsmi şəkildə ərizə ilə müraciət etsin. İş materiallarında olan whatsapp yazışmalarından məlum olur ki, həmin yazışmalarda Cavabdeh pul vəsaitinin lazım olması, İddiaçı da ona köməklik göstərəcəyi bildirilmişdir. İş materiallarında olan fotoşəkillərdən məlum olur ki, tərəflər arasında dostluq və yaxın münasibətlər olmuşdur. İş materiallarında olan hazırki iş üzrə üçüncü şəxs qismində cəlb olunmuş X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, S.Axundov ərizəsində hazırki iddia tələbində qeyd olunan xüsusatlarla tanış olduğunu, hüquq mühafizə orqanlarında bununla əlaqədar izahat da verdiyini, iddia ərizəsində göstərilənlərlə razı olduğunu, lakin xidməti fəaliyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini göstərmişdir. İş materiallarında olan kreditor-girov saxlayan "xxxx" ASC ilə borclu-girov qoyan Cavabdeh arasında bağlanmış 20 sentyabr 2024-cü il tarixli MQxxxxxxx-107523 nömrəli kredit və girov müqaviləsindən görünür ki, tərəflər arasında həmin tarixdə kredit və girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 823 manat məbləğində pul vəsaiti 18 ay müddətinə illik 45 faiz olmaqla Cavabdeh verilmiş, öhdəliyin icrasının təmin edilməsi məqsədilə Cavabdeh məxsus qızıl-zinət əşyaları "xxxx" ASC qarşısında girov olaraq qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (maddə 739.2) Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. (maddə 439.4) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2) Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. (maddə 1092.3) Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. (maddə 1093.1) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında faktiki münasibətlər olmuş, 2022-ci ilin oktyabr ayında lazer aparatı almaq üçün iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində pul vəsaiti verilmişdir. Həmin məbləğdə pul vəsaitinin verilməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh həmin məbləğdə pul vəsaitinin verilməsini mübahisələndirməmiş, əksinə istər məhkəmə iclasında, istərsə də, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən aparılmış araşdırma zamanı həmin faktı təsdiq etmişdir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı tərəf həmin pul vəsaitinin biznes qurmaq, yəni lazer aparatı alınması məqsədilə borc verildiyini iddia edir, cavabdeh tərəf isə həmin məbləğin ona borc məqsədilə deyil, iddiaçı ilə yaxın münasibətlərinin olması səbəbindən təmənnasız şəkildə verilməsinə əsaslanır. Bununla yanaşı iddiaçı tərəfindən üçüncü şəxs qismində prosesə cəlb olunmuş X3 polisdə veridiyi izahatında hazırki mübahisənin predmeti olan pul vəsaitinin ona məxsus olduğunu bildirsə də, iddiaçı yaxud cavabdehə qarşı məhkəməyə iddia ərizəsi təqdim etməmişdir. Beləliklə, iddiaçı tərəf həmin məbləğin lazer aparatının alınması məqsədilə məhz borc olaraq verilməsini iddia etsə də, həmin faktı mötəbər sübutlarla təsdiq edə bilməmiş, Siyavuş Axundovun təhqiqat orqanında verdiyi izahatla pul vəsaitinin hazırki iş üzrə iddiaçıya deyil, məhz ona aid olmasını bildirmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması təsdiq edilmədiyindən hazırki mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir. Məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiyin yuxarıda sadalan normalarına əsaslanaraq, belə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin bağlanması mülki işdə olan sübutlarla təsdiq edilmədiyindən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı X1 da üçüncü şəxs qismində cəlb olunduğu “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-3532/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3532/2025
31.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver