Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3548/2024 23.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə kredit üzrə 2449,30 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 578.81 manat faiz borcu olmaqla, cəmi 3028,11 manat borc, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən kart limiti üzrə 287,78 manat əsas borc və 99,02 manat faiz borcu olmaqla, cəmi 386,80 manat borcun və ödənilmiş 54,15 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya illik 24 faizlə 36 ay müddətinə 300 manat məbləğində kart limiti verilmişdir. Əlavə olaraq "xxxx" ASC-nin Binəqədi filialı ilə X5 arasında bağlanmış BPM**********20 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən X3 illik 23 faizlə 48 ay müddətinə 2800 manat məbləğində kredit verilmişdir. N.Əliyev xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X2 vərəsəsi kimi tanınmışdır və o miras əmlakdan tam hissədə pay almışdır. Qeyd edilənlərə əsasən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, vərəsəlik üzrə aldığı 2464,43 manat məbləğində pulu mərhum atasının dəfn xərcləri üçün sərf etdiyini və hazırda imkanının olmadığını bildirərək iddia ərizəsində qeyd olunan kredit borcunun qardaşından tutulmasını xahiş etdi. Belə ki, atası həmin krediti qardaşının ehtiyacları üçün götürmüşdü. Mülki işin materialları: - "xxxx" ASC ilə borclu X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********20 saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 23 faiz dərəcəsi olmaqla 2800 manat məbləğində kredit verilmiş, N.Əliyev xx.xx.2021-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək hər ay 89,75 manat (sonuncu ay 89,15 manat) ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" ASC ilə borclu X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Bank Kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən sonuncuya 36 ay müddətinə illik 24 faiz dərəcəsi olmaqla, 300 manat məbləğində kredit xətti açılmışdır. - maliyyə arayışına əsasən X2 xx.xx.2021-ci il tarixli Bank Kartına kredit limitinin təyin olunmasına dair Razılaşma üzrə xx.xx.2024-cü il tarixə 287,78 manat əsas borc və 99,02 manat faiz borcu olmaqla, cəmi 386,80 manat borcu, xx.xx.2021-ci il tarixli BPM**********20 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2449,30 manat əsas borc və vəfat etdiyi tarixə qədər hesablanmış 578.81 manat faiz borcu olmaqla, cəmi 3028,11 manat borcu vardır. - ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2023-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-ci il tarixdə 106 nömrə ilə qeyd edilmişdir. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə üzrə verilən miras əmlak isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 3-17-1/2-180523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən 2464,43 manat məbləğindən ibarətdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X5 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X5 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, X5 xx.xx.2023cü il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. - 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor N.Əliyev öldükdən sonra son haqq-hesab olaraq 2464,43 manat məbləğində pul miras qalmışdır. İddiaçı ilə X5 arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında qəbul etdiyi miras payına mütənasib surətdə məsuliyyət daşıyır, ona görə də o, iddia tələbini həmin məbləğdə ödəməlidir. Məhkəmə cavabdehin tələb olunan məbləğin ondan deyil, qardaşından tutulmasına dair dəlilinə isə tənqidi yanaşır. Belə ki, cavabdeh mərhum atasının krediti qardaşının ehtiyası üçün götürdüyünü qeyd etsə də vərəsəlik haqqında şəhadətnamədən görünür ki, cavabdeh mərhumun mirasını tam şəkildə qəbul etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2464,43 manat məbləğində pul tulularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddianın təmin edilən hissəsinə müvafiq olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2464,43 (iki min dörd yüz altmış dörd manat qırx üç qəpik) manat və 44,65 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-3548/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3548/2024
23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver