Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3564/2023 26.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quliyev Vaqif Qulu oğlunun mirasını qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1604.95 manat əsas borcun və ödənilmiş 36.05 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, faktiki halları: "xxxx" ASCilə Quliyev Vaqif Qulu oğlu arasında xx.xx.2018-ci il tarixli BPM**********94 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Quliyev Vaqif Qulu oğluna illik 27 %lə, 36 ay müddətinə 1800 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 974680 nömrəli ölüm haqqımda şəhadətnaməyə əsasən, Quliyev Vaqif Qulu oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. 3 saylı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 418 nömrəli məktubdan görünür ki, Quliyev Vaqif Qulu oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 olduğu müəyyən edilmişdir. Bankın Binəqədi filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Quliyev Vaqif Qulu oğlunun xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 1604.95 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhum Quliyev Vaqif Qulu oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-12238/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini, həmin pulu birdəfəlik ödəməyə maddi imkanının olmadığını, həmin borcun hissə-hissə ödənilməsi üçün Banka müraciət etsə də, razılıq əldə edilmədiyini bildirmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, X5 Qulu oğlunun Bankdan qeyd edilən məbləği kredit götürdüyünü və xx.xx.2018-ci ildə vəfat etdiyini, onların onun vərəsələri kimi mirası qəbul etdiklərini və qardaşına bağışladıqlarını bildirmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, o, mərhum Quliyev Vaqif Qulu oğlunun doğma oğludur. X5 Qulu oğlu 28 dekabr 2018-ci ildə vəfat etmişdir. Sağlığında, yəni xx.xx.2018-ci il tarixdə "xxxx" ASC ilə Quliyev Vaqif Qulu oğlu arasında kredit müqaviləsi bağlanmış və X6 Qulu oğluna illik illik 27 %-lə, 36 ay müddətinə 1800 manat məbləğində kredit vermişdir. O və ailə üzvləri olan digər cavabdehlər mərhum Quliyev Vaqif Qulu oğlunun vərəsələridirlər. Belə ki, onlara atasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair onlara qanun üzrə X2 şəhadətnamə verilmişdir. Lakin sonra digər vərəsələr mənzilə olan hüquqlarını ona bağışlamışlar. O, atası öldükdən sonra Banka qalmış borcun hissə-hissə ödənilməsi ilə əlaqədar müraciət etsə də, iddiaçı onunla razılaşmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, mərhum Quliyev Vaqif Qulu oğlunun doğma qızıdır. X5 Qulu oğlu 28 dekabr 2018-ci ildə vəfat etmişdir. Onlara atasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair onlara qanun üzrə X2 şəhadətnamə verilmişdir. Lakin sonra onlar mənzilə olan hüquqlarını Cavabdeh1 bağışlamışlar. Atası Quliyev X3 qeyd edilən məbləği kredit götürmüşdür və onun Banka ödənilməmiş borcu qalmışdır. Ona görə də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli BPM**********94 nömrəli Kredit Müqaviləsindən görünür ki, Quliyev Vaqif Qulu oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 27 faizlə 36 ay müddətinə 1800 manat məbləğində kredit götürmüşdür. Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli adlandırılan və kredit müqaviləsinin əlavəsi olan sənəddən görünür ki, Quliyev Vaqif Qulu oğlu tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 73,5 manat olmaqla xx.xx.2021-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. xx.xx.2018-ci il tarixli kassa məxaric orderlərindən görünür ki, kredit məbləği Quliyev Vaqif Qulu oğlu tərəfindən bankın kassasından qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Quliyev Vaqif Qulu oğlunun xx.xx.2018-ci ildə bağlanmış kredit müqaviləsi üzrə banka 1604,95 manat əsas borcu yaranmışdır. AZ-İ seriyalı 974680 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Quliyev Vaqif Qulu oğlu 28 dekabr 2018-ci ildə essensial hipertenziya xəstəliyindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 yanvar 2019-cu ildə 11 nömrə ilə qeyd edilmişdir. 3 saylı “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin xüsusi notariusu X1 13 mart 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixində vəfat etmiş Quliyev Vaqif Qulu oğlunun vərəsələrinə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində arvadı Cavabdeh3, oğlu Cavabdeh1, qızı Cavabdeh2 və qızı Cavabdeh4 olan vərəsələrinə xx.xx.2022-ci il tarixində 2V/32 reyestr nömrəli “X2 şəhadətnamə” verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin 14 iyun 2023-cü il tarixli 968 №li məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş Quliyev Vaqif Qulu oğlunun vərəsələrinə, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2022-ci il tarixli 2V/32 reyestr nömrəli “Qanun üzrə X2 Şəhadətnamə” verilmişdir. Həmin məktuba əlavə edilmiş 2V-32 reyestr nömrəli, 16 yanvar 2022-ci il tarixli Qanun üzrə X2 şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci ildə vəfat etmiş Quliyev Vaqif Qulu oğlunun vərəsələri:- arvadı Cavabdeh3, oğlu Cavabdeh1, qızı Cavabdeh2 və qızı Cavabdeh4 miras əmlakdan ¼ hissədə miras almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1989-cu il tarixdə Quliyev Vaqif Qulu oğluna verilmiş 30/872 qeydəalma nömrəsi ilə 03Rəs nömrəli kitabın 307-ci səhifəsində qeyd edilmiş Qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 234.4 kv/m, yaşayış sahəsi 74.1 kv/m, yardımçı sahəsi 160.3 kv/m, 4 otaqlı olan fərdi yaşayış evinin mərhuma məxsus ½ hissəsindən ibarətdir. 16 yanvar 2022-ci il tarixli Bağışlama müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 xx.xx.2022-ci il tarixli 2V/32 reyestr nömrəli Qanun üzrə X2 şəhadətnaməyə əsasən miras əmlakdakı paylarını Cavabdeh1 bağışlamışlar. Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə iş materiallarında olan sübutlardan, tərəflərin izahatlarından mübahisəsiz qaydada təsdiq olunur ki, Quliyev Vaqif Qulu oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 isə Quliyev Vaqif Qulu oğlunun qanuni vərəsələri olduğundan ondan miras qalan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 234.4 kv/m, yaşayış sahəsi 74.1 kv/m, yardımçı sahəsi 160.3 kv/m, 4 otaqlı olan fərdi yaşayış evinin mərhuma məxsus ½ hissəsini qəbul etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Beləliklə, mirasın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası qəbul etmiş vərəsələrə qarşı irəli sürə bilər. Eyni zamanda mirası qəbul etmiş vərəsələrin daha sonra həmin əmlak barəsində sərəncam hüquqlarını həyata keçirmələri (yəni bağışlamaları) onları miras qoyanın kreditorları qarşısında məsuliyyətdən azad etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 1604,95 manat (min altı yüz dörd manat 95 qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 36,05 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 1604,95 manat (min altı yüz dörd manat 95 qəpik) manat məbləğində əsas borc, ödənilmiş 36,05(otuz altı manat 05 qəpik) manat məbləğində dövlət rüsumu və 0,40(qırx qəpik) manat bank xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3564/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3564/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver