Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3567/2023 20.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9201,52 manat məbləğində əsas borcun, 1395,13 manat məbləğində faiz borcunun, 143,64 manat məbləğində cərimə borcunun, cəmi 10740,29 manat borcun və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 28% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixində ödəniş edilmiş, təxminən bir ilə yaxındır ki, borcundan ümumiyyətlə ödəniş edilməmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, bankla iyul ayının 18-i telefon danışığı olmuş və onlara taksi sürücüsü kimi işə düzəldiyini və borcunu ödəyəcəyini bildirmişdir. Borcunun olduğunu qəbul edir və tələb edilən borc məbləğini mübahisələndirmir. Lakin borc məbləğini hissə-hissə ödəmək niyyəti vardır.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, İstanbul-NS klinikasında həkim işləmiş və aylıq əmək haqqı 690 manat olmuşdur. Lakin bu ilin yanvar ayından işdən çıxmışdır. İşdən çıxandan sonra dəfələrlə Bankın qaynar xəttinə zəng vuraraq hər ay 150-200 manat civarında ödəniş edə biləcəyini bildirmiş, hətta Banka bu barədə ərizə ilə də müraciət etmişdir. Lakin bankın səlahiyyətli nümayəndəsi onun təklifi ilə razılaşmamışdır. Daha sonra ödəniş vaxtını dəyişməyi barədə Banka müraciət etmiş, ödənişin vaxtın ayın 31-dən ayın 10 keçirtdilər. Kredit borcundan cəmi 8 ay ödəniş etmişdir. 2022-ci ilin noyabr ayınadək hər ay 350 manat ödəniş etmişdir. Atası onkoloji xəstədir, atasının əməliyyatından sonra kredit borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 30 dekabr 2021-ci il tarixli №CP/42931/84 saylı kredit sazişinə, ödəniş planına əsasən bank kredit alana 48 ay müddətinə, illik 28 % olmaqla 1000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 31 yanvar 2022-ci il, sonuncu ödəniş tarixi 30 dekabr 2025-ci il olaraq müəyyən edilmişdir.
7. İddiaçı ASC tərəfindən təqdim edilən məxaric orderinə əsasən 30 dekabr 2021-ci il tarixində Cavabdeh hesabına 10000 manat məbləğində kredit ödənişi edilmişdir.
8. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh 30 dekabr 2021-ci il tarixli №CP/42931/84 saylı kredit sazişi üzrə 03 may 2023-cü il tarixinə 9201,52 manat əsas borc, 1395,13 manat faiz borcu və 143,64 manat məbləğində cərimə borcu hesablanmışdır.
9. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 30 dekabr 2021-ci il tarixli №CP/42931/84 saylı saziş üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
10. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixində 123 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
11. Kredit verən İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında 30 dekabr 2021ci il tarixli №CP/42931/84 saylı kredit sazişi bağlanmış və ödəniş planına əsasən bank kredit alana 48 ay müddətinə, illik 28 % olmaqla 1000 manat məbləğində kredit vermişdir.
12. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona kredit müqaviləsi üzrə ümumilikdə 10740,29 manat borc hesablanmışdır. Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb edir.
13. Cavabdeh isə iddianı qəbul edir və borcu hissə-hissə ödəmək niyyətindədir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
17. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
19. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
20. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
21. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
22. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
24. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
25. İş materiallarında olan, mötəbər sübut kimi qəbul edilən bankın təqdim etdiyi maliyyə arayışı ilə borcalanın əsas borc üzrə 9201,52 manat, faiz borcu üzrə isə 1395,13 manat borcunun olduğu sübut edilir. Əsas və faiz borcunun əsassızlığı ilə bağlı iş materiallarında hər hansı şübhə doğuran məqam müəyyən edilməmişdir.
26. Məhkəmənin gəldiyi qənaətə görə, 30 dekabr 2021-ci il tarixli №CP/42931/84 saylı kredit sazişi üzrə borcalan Cavabdeh əsas borc üzrə 9201,52 manat, faiz borcu üzrə isə 1395,13 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
27. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, 30 dekabr 2021-ci il tarixli kredit sazişi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 143,64 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir.
28. Məhkəmə iddia tələbini cərimə borcunun tutulması hissəsində qismən əsaslı hesab edir.
29. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
30. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
31. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, dəbbə pulu hesablanarkən mütənasiblik qorunmamış və bu səbəbdən hesablanmış dəbbə pulunun məbləği azaldılaraq 30 dekabr 2021-ci il tarixli №CP/42931/84 saylı kredit müqaviləsi üzrə 50 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
36. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
37. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30 dekabr 2021-ci il tarixli №CP/42931/84 saylı kredit sazişi üzrə Cavabdeh əsas borca görə 9201,52 manat, faiz borcuna görə 1395,13 manat, cərimə borcuna görə isə 50 manat olmaqla, ümumilikdə 10646,65 manat məbləğində pul vəsaiti və 123 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 30 dekabr 2021-ci il tarixli №CP/42931/84 saylı kredit sazişi üzrə Cavabdeh əsas borca görə 9201,52 manat, faiz borcuna görə 1395,13 manat, cərimə borcuna görə isə 50 manat olmaqla, ümumilikdə 10646,65 (on min altı yüz qırx altı manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti və 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev