Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-357/2023 24.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh1 iştirakı ilə X2 (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə 24 fevral 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1978,27 manat əsas, 1184,9 manat faiz, 2160,12 manat cərimə, 276,61 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 5599,5 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76 manatın müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2014-cü il tarixli, 67031147 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28 faizlə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 26 fevral 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, KM051T04160037S01 saylı “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. 28 aprel 2016-cı il tarixli Əlavə Sazişə əsasən “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” kredit müqaviləsinə çevrilmiş, kreditorun borcalana verdiyi kreditin məbləği 386,89 manat təşkil etmiş, kreditin müddəti 18 ay müəyyən edilmişdir. 29 sentyabr 2017-ci il tarixli Əlavə Sazişə əsasən 26 fefvral 2014-cü il tarixli və 28 aprel 2016-cı il tarixli müqavilələri üzrə öhdəliklər birləşdirilmiş, kreditlərin qalıq məbləğinin cəmi 2252,63 manat təşkil etmiş, kreditin müddəti 29 sentyabr 2019-cu il tarixədək müəyyən edilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 18 iyul 2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5599,5 manat təşkil edir. Bundan 1978,27 manat əsas, 1184,9 manat faiz, 2160,12 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən, hesablanmış 276,61 manat faiz borcu təşkil edir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsində göstərilənləri təsdiq etdiklərini, iddianı müdafiə etdiklərini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, iddianın yalnız əsas borca münasibətdə təmin edilməsini, faiz, cərimə və gecikdirilmiş faiz borclarının silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, müqavilə müddəti 29 sentyabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq, bank ondan əlavə pul ala bilmək üçün təxminən 3 il sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, iddia müddətinin tətbiq edilərək, zaminliyinə xitam verilməsini xahiş etmişdir. Tədqiq edilən sübutlar: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2014-cü il tarixli, 314 AZN nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 28 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. 26 fevral 2014-cü il tarixli, 314 AZN nömrəli kredit müqaviləsi üzrə 10000 manat borcun təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, bu müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 həmin kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin icrasına dair eyni öhdəliyi öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17oktyabr 2014-cü il tarixli, 2068 DT nömrəli “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə”yə əsasən, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 300 manat məbləğində kredit xətti üzrə kredit kartı verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 28 aprel 2016-cı il tarixli, 01 saylı “Əlavə Saziş”ə əsasən, 17 oktyabr 2014-cü il tarixli “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “Kredit müqaviləsi” kimi qəbul edilmiş, borc məbləği 386,89 manat müəyyən edilməklə, Cavabdeh1 illik 27 faizlə 18 ay müddətinə həmin borcu qaytarmaqla bağlı razılıq əldə edilmişdir. “26 fevral 2014-cü il tarixli və 28 aprel 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliklərin birləşdirilməsi və digər əlavə və dəyişikliklər edilməsi üzrə” 29 sentyabr 2017ci il tarixli, 1 sayl Əlavə Sazişə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 qeyd olunan dəyişikliklərlə bağlı razılığa gəlmişlər – Borcalanın Kreditor qarşısındalı 26 fevral 2014-cü il tarixli krediti üzrə əsas borc üzrə qalığı 2018,12 manat təşkil edir. 28 aprel 2016-cı il tarixli krediti üzrə əsas borc qalığı 234,51 manat təşkil edir. Borcalanın Kreditor qarşısında kredit öhdəliklərinin əsas məbləğlərinin cəmi bu Saziş üzrə birləşdirilmiş qalıqları cəmi 2252,63 manat təşkil edən qalığı kreditə çevrilir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəlik bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edilmədikdə hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müddətin sonunda güzəşt edilmir. Kreditin müddəti 29 sentyabr 2019cu il tarixədək təşkil edir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 15 faiz ödəyir. X3 bağlı bankla Cavabdeh2 arasında 29 sentyabr 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 21 iyul 2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 29 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 18 iyul 2022-ci il tarixə əsas borcu 1978,27 manat, müqavilə müddəti üzrə faiz borcu 1184,9 manat, cərimə borcu 2160,12 manat, müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilmiş faiz borcu 276,21 manat olmaqla, ümumi borcu 5599,5 manat təşkil edir. Məhkəmənin 11 oktyabr 2022-ci il tarixli, 2(001)-5808/2022 saylı qərardadına əsasən, mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış “67031147 saylı 26 fevral 2014-cü il tarixli kredit müqaviləsi, KM051T04160037S01 saylı 28 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsi və digər əlavə və dəyişikliklər edilməsi üzrə” 29 sentyabr 2017- ci il tarixli 1 saylı Əlavə Saziş üzrə aparılmış ödənişlər nəzərə alınmaqla kredit müddətinin sonuna, yəni 29 sentyabr 2019-cu il tarixə banka olan kredit borcunun (əsas borc və müqavilə üzrə faiz borcu ayrı-ayrılıqda göstərilməklə) məbləği nə qədər təşkil edir?
2. Cavabdeh1 29 sentyabr 2019-cu il tarixinə mövcud olan borc məbləği üzrə illik 5% dərəcə ilə hesablanmaqla 18 iyul 2022-ci il tarixinə faiz borcu nə qədər təşkil edir? Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2022-ci il tarixli, 9/8048 saylı müvafiq rəyində göstərilmişdir ki, 29 sentyabr 2019-cu il tarixə (müqavilə müddətinin sonuna) əsas borc 1978,6 manat, faiz borcu 493,83 manat, 18 iyul 2022-ci il tarixə gecikdirilmiş faiz borcu 277,28 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, cavabdehlər tərəfindən iddia ərizəsinə verilmiş etirazı mülki iş materialları ilə birlikdə araşdırıb, Cavabdeh1 izahatını dinləyib, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddia tələbi əsas borca münasibətdə 1978,27 manat təşkil edir, ekspert rəyi ilə əsas borc 1978,6 manat göstərilmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən, həmçinin, Cavabdeh1 iddianı əsas borca münasibətdə qəbul etdiyindən (mübahisələndirmədiyindən), iddia əsas borca münasibətdə iddia tələbinə uyğun, yəni 1978,27 manat həcmində təmin edilməlidir. Faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, faiz borcu ekspert rəyi ilə 493,83 manat müəyyən edildiyindən, iddia bu hissədə ekspert rəyinə uyğun təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə 1978,27 manat məbləğində əsas borca tənasübsüz olaraq 2160,12 manat məbləğində cərimənin hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbləti nəzərə alınmaqla, məhkəmə hesab edir ki, dəbbə pulu kimi hesablanmış 2160,12 manat azaldılaraq 138 manat müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, borc hal-hazıradək ödənilmədiyindən, müqavilənin müddətinin bitdiyi 29 sentyabr 2019-cu il tarixdən maliyyə arayışında göstərilən 18 iyul 2022-ci il tarixədək olan müddət üçün illik 5 faizlə hesablanmış gecikdirilmiş faiz borcu olaraq ekspert rəyinə uyğun olaraq 277,28 manat müəyyən edilməlidir. İddia tələbinin göstərilən məbləğlərdə borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu 26 fevral 2014-cü il tarixli, 314 AZN nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “26 fevral 2014-cü il tarixli və 28 aprel 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliklərin birləşdirilməsi və digər əlavə və dəyişikliklər edilməsi üzrə” 29 sentyabr 2017-ci il tarixli, 1 saylı Əlavə Sazişə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 dəyişikliklərlə bağlı razılığa gəlmişlər. Kreditin müddəti 29 sentyabr 2019-cu il tarixədək təşkil etmişdir. X3 bağlı bankla Cavabdeh2 arasında 29 sentyabr 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kreditorla Cavabdeh1 arasında bağlanmış “26 fevral 2014-cü il tarixli və 28 aprel 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliklərin birləşdirilməsi və digər əlavə və dəyişikliklər edilməsi üzrə” 29 sentyabr 2017-ci il tarixli, 1 saylı Əlavə Saziş üzrə öhdəliyin icrası vaxtının 29 sentyabr 2019-cu il tarixdə başa çatması nəzərə alınarsa bankın zaminə qarşı hazırki tələblə iddia müddəti 29 sentyabr 2020-ci il tarixədək müəyən edilir. Kreditor hazırki iddia ərizəsi ilə məhkəməyə 05 sentyabr 2022-ci il tarixdə müraciət etdiyindən Cavabdeh2 “26 fevral 2014-cü il tarixli və 28 aprel 2016-cı il tarixli kredit müqavilələri üzrə öhdəliklərin birləşdirilməsi və digər əlavə və dəyişikliklər edilməsi üzrə” 29 sentyabr 2017-ci il tarixli, 1 saylı Əlavə Saziş üzrə zaminliyinə xitam verilməli, iddia ona münasibətdə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1978,27 manat əsas, 493,83 manat faiz, 138 manat cərimə, 227,28 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 2837,38 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq X2 İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq X2 İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 1978,27 manat, faiz borcu üzrə 493,83 manat, cərimə borcu üzrə 138 manat, illik 5 faizlə hesablanmış gecikdirilmiş faiz borcu üzrə 227,28 manat olmaqla, ümumilikdə 2837,38 manat məbləğində pul vəsaiti tutularaq X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 38 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 25 manat hissəsi Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev