Məhkəmə qərarları › İş №e-2(001)-3571/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3571/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3571/2023 05.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı Finca Azərbaycan” Qeyri-Bank Kredit Təşkiları MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 5013.73 AZN, faiz borcuna görə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN,cəmi 5013, 73 AZN məbləğində borcun və 70.14 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********2936 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6500 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 352 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2936 -1218199 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur.xx.xx.2020-ci il tarixli **********2936 saylı kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli **********0546 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 6685.00 AZN müəyyən edilmişdir. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin xx.xx.2020-ci il tarixli **********2936 saylı kredit müqaviləsi, xx.xx.2020-ci il tarixli **********0546 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 6685.00 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatlarında bildirmişdir ki, hesabdan çıxarış məlumatına əsasən cavabdeh sonuncu dəfə bu ilin fevral ayında ödəniş etmişdir.Müqavilənin müddəti 2022-ci ilin fevralda ayında bitmişdir, restrukziszasiyanın isə müddəti 2022-ci ilin sentyabrda ayında bitmişdir. Cavabdeh tərəfindən ödənilən kredit ödənişləri ilk əvvəl cərimə borcundan, sonra faiz borcundan, daha sonra əsas borcdan çıxılıb. Cavabdeh tərəfindən müqavilə üzrə 6500 manat kredit verilmiş, kreditdən 4151 manat ödəniş edilmişdir. Daha əvvəllər də, cavabdeh tərəfindən ödənişlər edilsə də, bunlar qrafikə uyğun edilməmiş və tələb edilən həcmdə olmamışdır. Lakin borc ödənildiyindən, MMC tərəfindən borcalana güzəşt edilmiş və məhkəməyə müraciət edilməmişdir. Kredit müqaviləsi restrukturizasiya olunduqdan sonra qalıq borc 6685 manat hesablanmışdır. Hazırda xx.xx.2023-cü il tarixinə cavabdehin 5013,73 manat məbləğində borcu vardır. LN1020-Kredit hesabı haqda məlumatı məhkəməyə təqdim edir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatlarında bildirmişdir ki, onun kredit borcuna görə ödənişi hər ay 350 manat təşkil edirdi. Kredit borcunu ödəyə bilmədiyi üçün "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM-ə dəvət edilmiş, orada kredit borcumu ödəyə bilmədiyi üçün "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM ilə aralarında şifahi razılaşaraq aylıq ödənişini 300 manata endirdilər. O, kredit borcundan 4000 manata yaxın ödəniş etmişdir. Xəstəliyi ilə əlaqədar 4-cü aydır ki, kredit borcumu ödəyə bilmir. Onun gözünün biri protezdir, şəkəri və təzyiqi var. Müayinələrə getdiyindən, ödəniş edə bilməmişdir. Lakin krediti borcunu ödəyəcək. Kredit borcundan 4000 manata yaxın ödəniş etmişdir. Hesab edir ki, ödənişlərinin çoxunu "xxxx" Qeyri-Bank Kredit Təşkilatı MMM faizə çıxmışdır. 4-5 ay 300 manat ödəniş etmişdir. Bundan başqa kredit müqaviləsi restrukturizasiya olunmuşdur, lakin səhhətimlə əlaqədar kredit borcunu ödəyə bilməmişdir. O, kredit borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Kredit verən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 04 mart 2020-ci il tarixli, **********2936 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bank borcalana 24 ay müddətinə, illik 26 % dərəcəsi ilə, aylıq ödəniş 352 manat olmaqla, 6500 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür.

8. Kredit verən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə X4 arasında bağlanan xx.xx.2020-ci il tarixli, **********2***-******* saylı zaminlik müqaviləsinə əsasən zamin 04 mart 2020-ci il tarixli, **********2936 saylı kredit müqaviləsi üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.

9. Kredit verən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən verilən xx.xx.2020-ci il tarixli kredit kartının mədaxil aktından (kredit verən və kredit alan tərəfindən) görünür ki, 04 mart 2020-ci il tarixli, **********2936 saylı kredit müqaviləsi üzrə kredit məbləği kredit alana nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********236471 saylı kredit kartında ona təqdim edilmişdir.

10. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında bağlanan 04 mart 2020-ci il tarixli, **********2936 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2020-ci il tarixli **********0546 saylı sazişin 1.1-ci bəndindən görünür ki, müqavilənin imzalandığı tarixə əsas qalıq borc məbləği 6685 manat, sazişin bağlandığı tarixdən etibarən sazişin 1-ci maddəsində göstərilən qalıq məbləğə 26 % dərəcəsi ilə faizlər hesablanacaqdır. İlkin ödəniş tarixi xx.xx.2020-ci il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir.

11. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 oğluna 04 mart 2020-ci il tarixli, **********2936 saylı kredit müqaviləsi üzrə 04 may 2023-cü il tarixinə 5013,73 manat əsas borc hesablanmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin e-2(001)-3571/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli, 9/6346 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilən hesabdan çıxarış məlumatları xx.xx.2020-ci il tarixdə bağlanmış **********0546 saylı sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh1 İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 əsas borcu 5013,73 manat müəyyən edilmişdir.

13. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 70,14 manat dövlət rüsumu ödənilmişdir.

14. Ekspertiza xərci 100 manat təşkil etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. Kredit verən İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə kredit alan Cavabdeh1 arasında 04 mart 2020-ci il tarixli, **********2936 saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən müştəriyə 24 ay müddətinə, illik 26 % dərəcəsi ilə, aylıq ödəniş 352 manat olmaqla, 6500 manat məbləğində kredit verilmişdir.

16. 04 mart 2020-ci il tarixli, **********2936 saylı kredit müqaviləsi üzrə kredit məbləği kredit alana nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********236471 saylı kredit kartında ona təqdim edilmişdir.

17. Cavabdeh– zamin X4 oğlu isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür.

18. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 ilə Cavabdeh1 arasında 04 mart 2020ci il tarixli, **********2936 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2020-ci il tarixli **********0546 saylı saziş bağlanmış və müqavilənin imzalandığı tarixə əsas qalıq borc məbləği 6685 manat, sazişin bağlandığı tarixdən etibarən sazişin 1-ci maddəsində göstərilən qalıq məbləğə 26 % dərəcəsi ilə faizlər hesablanmışdır.

19. Borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2023-cü il tarixli, 9/6346 saylı ekspert rəyi Cavabdeh1 İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 əsas borcunun 5013,73 manat müəyyən edilmişdir.

20. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir.

21. Cavabdeh isə borc məbləğindən ödənişlər etdiyini, silinmələrin faiz borcundan aparıldığını bildirsə də, borc məbləğini hissə-hissə ödəmək niyyətində olduğunu bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

24. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

25. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

26. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ;

27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

28. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

29. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

30. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

31. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

32. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

33. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar;

34. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

35. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

36. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalan kredit məbləğini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir.

37. Odur ki, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 isə zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar.

38. Məhkəmə tələb edilən əsas borca münasibətdə maliyyə arayışını və ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, hesabdan çıxarış məlumatlarına əsasən aparılmış ödənişlərin miqdarı nəzərə alındıqda borcun düzgün hesablanmasını şübhə altına alan məqam yoxdur. Tətbiq edilən prosessual normalar:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

43. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

44. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 04 mart 2020-ci il tarixli, **********2936 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5013,73 manat məbləğində pul vəsaiti və 70,14 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilməlidir.

45. Eyni zamanda aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində vəsait də cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin Hesabına ödənilməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. 04 mart 2020-ci il tarixli, **********2936 saylı kredit müqaviləsi üzrə əsas borca görə 5013,73 (beş min on üç manat, yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti və 70,14 (yetmiş manat, on dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar