Məhkəmə qərarları › İş №e-2(001)-3606/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3606/2023

15.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3606/2023 15.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Paşa Sığorta ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Paşa Sığorta ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** BU *** dövlət qeydiyyat nişanlı Kia Carens markalı avtonəqliyyat vasitəsi ilə Paşa Sığorta ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı inzibati tənbeh vermə haqqında qərara əsasən ** BU *** dövlət qeydiyyat nişanlı Kia Carens markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı Paşa Sığorta ASC-yə zərərçəkən müraciət etmişdir. ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 580,27 manat müəyyən edilmişdir. Paşa Sığorta ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən 580,27 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, təqsirli tərəfin icbari sığortası olmamışdır. Bu səbəbdən dəymiş zərər məbləği tam olaraq cavabdehdən tələb olunmuş, xx.xx.2020-ci il tarixdə 580,27 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişlər. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyana görə 580,27 manatın, məhkəmə xərclərinə görə 30,40 manatın iddiaçı Paşa Sığorta ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Paşa Sığorta ASC-nin xx.xx.2019-ci il tarixli C-MİC-1068/19 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən müəyyən olunur ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər şərtsiz azadolma məbləği 1000 manat, sığorta məbləği 267020,92 manat, sığorta haqqı 6281,67 manat olmaqla Paşa Sığorta ASC-də sığortalanmışdır. AD N 454044 saylı xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, ** BU *** dövlət qeydiyyat nişanlı Kia Carens markalı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. ƏN-İV 692836 saylı xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan ** BU *** dövlət qeydiyyat nişanlı Kia Carens markalı nəqliyyat vasitəsinə dair Cavabdeh2 xx.xx.2022-ci il tarixinədək etibarnamə vermişdir. Yasamal RPİ DYPİ-nin xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindan müəyyən olunur ki, Cavabdeh2 barəsində xx.xx.2019-cu il tarixli İXP3041098 saylı inzibati protokola baxılaraq Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Cavabdeh2 Yasamal RPİ-nin X1 Şöbəsində xx.xx.2020-ci il tarixdə verdiyi izahatından müəyyən olunur ki, o, xx.xx.2019-cu il tarixdə etibarnamə ilə idarə etdiyi ** BU *** dövlət qeydiyyat nişanlı Kia Carens markalı avtonəqliyyat vasitəsi ilə hərəkətdə olarkən arxadan gələn səsə baxan zaman hərəkətdə olan İveco Crealis markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan ** BU *** dövlət qeydiyyat nişanlı Kia Carens markalı avtonəqliyyat vasitəsi ilə Cavabdeh2 törətdiyi yol nəqliyyat hadisəsində BakuBus MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Paşabank ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, Paşa Sığorta ASC tərəfindən BakuBus MMC-nin Azər-Türk Bank ASC-də olan hesabına 580,27 manat köçürülmüşdür. xx.xx.2020-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Paşa Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər sığortalanmış ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı nəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 580,27 manat, sığorta ödənişi 580,27 manat müəyyən edilmiş, 580,27 manat zərər məbləği avtomobilin təmiri üçün Baku Bus MMC-nin hesabına köçürülmüşdür. BakuBus MMC-nin xx.xx.2019-cu il tarixli zərər aktından müəyyən olunur ki, ** JH *** dövlət qeydiyyat nişanlı İveco Crealis markalı nəqliyyat vasitəsinin təmiri üçün 491,75 manat, ƏDV görə 88,52 manat daxil olmaqla görülmüş işlərin dəyəri cəmi 580,27 manat təşkil edir. İcbari Sığorta Bürosunun icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair arayışından müəyyən olunur ki, ** BU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2019-cu il tarixinə icbari sığorta müqaviləsi mövcud olmamışdır. Paşa Sığorta ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli 2687/1 saylı məktubdan müəyyən olunur ki, iddiaçı cavabdehdlərdən maddi ziyana görə 580,27 manatın ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 etibarnamə əsasında, icbari sığorta müqaviləsi bağlanmadan idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq iddiaçı tərəfindən sığortalanan nəqliyyat vasitəsinə ziyan vurmuş, iddiaçı 580,27 manat sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sığortalıya sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində Cavabdeh2 təqsiri sübuta yetdiyindən iddiaçının bu cavabdehə qarşı iddia tələbləri əsaslıdır. Ona görə də iddia ərizəsi qismən təmin edilərək maddi ziyana görə 580,27 manat, məhkəmə xərclərinə görə 30,40 manat olmaqla cəmi 610,67 manat Cavabdeh2 Paşa Sığorta ASC-nin xeyrinə tutulmalı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 580,27 manat, məhkəmə xərclərinə görə 30,40 manat olmaqla cəmi 610,67 manat Paşa Sığorta ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar