Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3621/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” barədə işə (açar sözlər: kredit müqaviləsi) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” barədə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İM: I. Mülki işin mahiyyəti 1.İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan əsas borc 2700,97 manat, faiz borcu 223,38 manat, cərimə borcu 303,1 manat olmaqla, ümumilikdə 3227,45 manat və dövlət rüsumu olaraq ödənilmiş 52,27 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 301173-CNS-25542 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 16,9 faiz olmaqla 5578 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. xx.xx.2024-cü il tarixinə kimi cavabdehin iddiaçıya əsas borc 2700,97 manat, faiz borcu 223,38 manat, cərimə borcu 303,1 manat olmaqla, ümumilikdə 3227,45 manat məbləğində borcu yaranmışdır. II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2021-ci il tarixli 301173-CNS-25542 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 60 ay müddətinə, illik 16,9 faiz olmaqla 5578 manat məbləğində kredit borcunu faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - maliyyə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixinə, Cavabdeh əsas borc 2700,97 manat, faiz borcu 223,38 manat, cərimə borcu 303,1 manat olmaqla, ümumilikdə 3227,45 manat məbləğində borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziyadan müəyyən olunur ki, cavabdehin iddiaçıya əsas borc 2700,97 manat, faiz borcu 223,38 manat, cərimə borcu 303,1 manat olmaqla, ümumilikdə 3227,45 manat məbləğində borcu yaranmış, bank borcalana kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. - 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən kredit müqaviləsi üzrə 2700,97 manat məbləğində əsas bоrc, 223,38 manat faiz borcu, 33 manat olmaqla, ümumilikdə 2957,35 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən iddiaçının хeyrinə tutulmalıdır.
İV Nəticə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 348, 362-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİM:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 301173-CNS-25542 saylı kredit müqaviləsi üzrə yaranmış 2700,97 manat məbləğində əsas bоrc, 223,38 manat faiz borcu, 33 manat olmaqla, ümumilikdə 2957,35 (iki min doqquz yüz əlli yeddi manat doxsan yeddi qəpik) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Elnarə Vəliyeva