Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3626/2022 17.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 001A********** saylı kredit müqaviləsinin və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 2.673,83 manat məbləğində kredit bоrcu, 1.175,91 manat məbləğində faiz bоrcu və 1.100,06 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4.949,8 manat məbləğində bоrcun və ödənilmiş 69.5 manat məbləğində dövlət rüsumunun tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 30 dekabr 2019-cu il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 04 sentyabr 2020-ci il tarixli 001A**********SA saylı, 12 fevral 2021-ci il tarixli 001A**********SC saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05 mart 2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 326,17 manat ödəniş etmiş və оnun 2.673,83 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 25 aprel 2022-ci il tarixə 416 gün üçün hesablanmış faiz borcu 1.175,91 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 25 aprel 2022ci il tarixə 416 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1.100,06 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Cavabdeh1 iddiaya etiraz göndərərək bildirmişdir ki, o, krediti heyvandarlığın inkişaf etdirmək üçün sərf etmişdir. Lakin pandemiya ilə əlaqədar aldığı və özünün heyvanları iş olmadığı üçün tələf olmuşdur. Hal-hazırda tam işsizdir. İddiada göstərilən faiz və cərimə hissəsi ilə razı deyil. Əsas məbləği xırda-xırda ödəyə bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, o, yalnız əsas borcu hissə-hissə ödəyə bilər. Faiz və cərimə məbləği ilə razı deyil. Digər cavabdeh onun yaxın qohumudur və məhkəmə iclasında üzürlü səbəblərə görə iştirak edə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinin tələblərinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 001A********** nömrəli kredit müqaviləsindən və ödəniş planından görünür ki, bank kredit alana 18 ay müddətinə, aylıq 2.25 % olmaqla 3.000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.3-cü bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 001G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin 30 dekabr 2019-cu il tarixli, 001A********** nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 04 sentyabr 2020-ci il tarixli, 001A**********SA nömrəli sazişdən görünür ki, Cavabdeh1 30 dekabr 2019-cu il tarixli, 001A********** nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin müddəti artırılmış və 26 ay təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 12 fevral 2021-ci il tarixli, 001A**********SC nömrəli sazişdən görünür ki, Cavabdeh1 30 dekabr 2019-cu il tarixli, 001A********** nömrəli kredit müqaviləsi üzrə götürdüyü kreditin müddəti artırılmış və 18 ay təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 30 dekabr 2019-cu il tarixli, 001A********** nömrəli kredit müqaviləsi üzrə 2.673,83 manat əsas borc, 1.175,91 manat faiz borcu və 1.100,06 manat məbləğində cərimə olmaqla, ümumilikdə 4.949,8 manat məbləğində borcu var. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktublarından görünür ki, borclulara 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, onlardan yaranmış borcun ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində və sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla 15 aprel 2022-ci il tarixə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 3.536,64 manat məbləğində müəyyən edilir: əsas borc üzrə 2.733,83 manat, faiz borcu üzrə 802,81 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 05 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün 65,9 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 001A********** nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alan Cavabdeh1 aylıq faiz dərəcəsi 2.25 % olmaqla 18 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə cavabdeh – zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən isə zamin borc alanın həmin müqavilə üzrə kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Daha sonra isə iddiaçı ilə Cavabdeh1 arasında 04 sentyabr 2020-ci il tarixli və 12 fevral 2021-ci il tarixli sazişlər bağlanmış və kreditin müddəti 07 mart 2022-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun iddiaçı banka maliyyə arayışına əsasən əsas məbləğ üzrə 2.673,83 manat, faiz üzrə 1.175,91 manat, cərimə üzrə isə 1.100,06 manat olmaqla, ümumilikdə 4.949,8 manat məbləğində borcu yaranmışdır. Ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu əsas borc üzrə 2.733,83 manat, faiz borcu üzrə 802,81 manat məbləğində müəyyən edilir. Göründüyü kimi, Cavabdeh1 bağlanmış kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 001A********** saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər ləğv edilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, ekspertinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində qismən təmin edilməli, iddiaçının tələb etdiyi 2.673,83 manat məbləğində əsas borc və ekspert rəyi ilə müəyyən edilmiş 802,81 manat məbləğində faiz borcu Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, 30 dekabr 2019-cu il tarixli, 001A********** saylı kredit müqaviləsi üzrə tərəflər arasında cərimə haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1.100,06 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə azaldılaraq 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.1-ci maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Məhkəmə iddia tələbininin digər cavabdeh – zamin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, zaminlik müqaviləsinə əsasən o, 30 dekabr 2019-cu il tarixli, 001A********** nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və zaminlik müqaviləsində kreditin qaytarıması müddəti 18 ay qeyd edilmişdir. Lakin sonradan Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 04 sentyabr 2020-ci il tarixli və 12 fevral 2021-ci il tarixli sazişlər bağlanmış və kreditin müddəti 07 mart 2022-ci il tarixədək uzadılmışdır. Buna baxmayaraq, kredit müddətinin uzadılması ilə bağlı zaminin razılığı alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, kreditin qaytarılma müddətinin uzadılması zaminin məsuliyyətinin artmasına səbəb olduğuna və bununla bağlı onun razılığı alınmadığına görə mülki qanunvericiliyin tələblərinə əsasən zaminliyə xitam verilmiş və ona görə də zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 001A********** saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər ləğv edilməli, həmin müqavilə və sazişlər üzrə üzrə Cavabdeh1 2.673,83 manat məbləğində əsas borc, 802,81 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə olmaqla, ümumilikdə 3.676,64 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 49 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 74 manatı Cavabdeh1, 26 manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, 001A********** saylı kredit müqaviləsi və ona əlavə edilmiş sazişlər ləğv edilsin, həmin müqavilə və sazişlər üzrə üzrə Cavabdeh1 2.673,83 (iki min altı yüz yetmiş üç manat, səksən üç qəpik) manat məbləğində əsas borc, 802,81 (səkkiz yüz iki manat, səksən bir qəpik) manat məbləğində faiz borcu və 200 (iki yüz) manat məbləğində cərimə olmaqla, ümumilikdə 3.676,64 (üç min altı yüz yetmiş altı manat, altmış dörd qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 49 (qırx doqquz) manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 74 (yetmiş dörd) manatı Cavabdeh1, 26 (iyirmi altı) manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-3626/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3626/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver