Məhkəmə qərarları › İş №e-2(001)-3626/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3626/2024

06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3626/2024 06.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk iddia ərizəsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəbiyeva X9 Rauf Yaqub oğlu ilə 2006cı ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X11 və üçəm əkizlər xx.xx.2009-cu il təvəllüdlü X3, X15, X12 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli, 2(006)-4195/2014 saylı qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuş 4 azyaşlı övladları ananın himayəsində saxlanılmasını və cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa 103 manat olmaqla ümumilikdə dörd uşağa görə 412 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Sonradan iddiaçı məhkəməyə alimentin artırılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş və alimentin miqdarı bir uşaq üçün 117 manat, toplamda 4 uşaq üçün 468 manat olmaqla artırılmışdır. İddiaçının atasının vəsaiti ilə Zərdab rayonunda onun adına alınmış 3.67 ha torpaq sahəsini qanunda tətbiq olunmuş müddətin keçməsinə baxmayaraq (yəni boşandıqdan 4 il sonra) düşünülmüş şəkildə Cavabdeh Bakıdan qeydiyyatdan çıxıb, Zərdab rayonuna qeydiyyata düşərək, Zərdab Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 2(035)- 172/2018 saylı qətnaməsinə əsasən iddiaçıya məxsus torpaq sahəsini qanunsuz şəkildə böldürmüşdür. Daha sonra iddiaçı ilə barışaraq onun bu torpaq bölgüsündən xəbəri olmaması üçün planlı şəkildə pis niyyətlərini həyata keçirmişdir. Belə ki, 2018-ci ildə Cavabdeh 4 övladlarının atalı-analı böyüməsi və pis əməllərinə son qoyduğunu bildirərək, Bibiheybət məscidində “Qurani Kərim”-ə əl basaraq iddiaçının inamımı qazanmışdır. İddiaçı Cavabdeh inanaraq, ailəni bərpa edərək 4 övladı ilə birlikdə onunla 2019-cu ildə yaşamağa başladı. Nə oldusa elə bundan sonra oldu. Cavabdeh hiylə ilə timsah göz yaşları axıdaraq mülk xatirinə onunla barışıbmış. Dəfələrlə həyatında özünə məxsus yer tutan yüngül əxlaqlı qadınlara üstünlük, dəyər verən, böyük saxta yalanları ilə ayaq üstə qalmaq istəyən bu nadan insan tez-tez iddiaçını 4 övladının gözü qarşısında döyərək işgəncələrə məruz qoyurdu. Barışdıqdan sonra andına sadiq qalmayan Cavabdeh mülk üçün iddiaçını döyərək gəlin köçdüyü mənzildən məhkəməsiz qeydiyyatdan çıxartmağa nail olmuşdur. Alimenti belə güc tətbiq edərək döyərək tərəfiindən məcburən yazılmış ərizəyə əsasən ləğv etdirmişdir. Cavabdeh elə hesab etmişdir ki, bir daha övladları üçün aliment ödəməyəcək. Alimenti ləğv etdikdən sonra 1 manat belə vermədən bütün yükü iddiaçının çiyinlərinə ataraq uşaqlarını ac-susuz qoyaraq onlardan uzaqlaşmışdır. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh dostunun 2 uşaqlı arvadını saxlayır. Onunla iddiaçı ilə barışmış olduğu müddət ərzində molla kəbin kəsdiribmiş. Öz övladlarına atalıq etməyən Cavabdeh başqasının övladlarına atalıq edirdi. Daha sonra iddiaçı övladlarına baxmaqda çətinlik çəkdiyindən mediasiya təklifi göndərərək alimenti yenidən iddia ərizəsi ilə bərpa etmək istədi. Məktub Cavabdeh çatan kimi gəlib iddiaçını yaşadığı mənzildə döyərək 4 övladının gözləri önündə ərizəni geri çəkməyini tələb etdi. Uşaqlara aliment ödəməyəcəyini bildirərək iddiaçını ölümlə hədələdi və amansızcasına döydü. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2023-cu il tarixli, 1(001)-104/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmişdir. Bu cinayət işi Cavabdeh iddiaçını döyməsi barədə açılmış üçüncü cinayət işi idi. Alimetlə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia ərizəsinə etiraz olaraq Cavabdeh məhkəmədə hakimi aldadaraq həm şifahi, həm də yazılı formada mülklərinin sayını gizlətmişdir ki, az aliment ödəsin. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar əsasında hakim X14 Soltanova tənqidi münasibət bəsləyərək, onun bu hərəkətini sübutları gizlətmək kimi qiymətləndirmişdir. Maddi durumunun yaxşı olması və onun yüksək məbləğdə gəlir əldə etməsinə baxmayaraq, övladları ilə heç bir vaxt maraqlanmamışdır. Çünkü bu insanı yalnız mülk və var-dövlət maraqlandırır. Övladlarının sağlamlığı, təhsili, onların gələcək taleyi onun üçün heç vaxt maraqlı olmamışdır. Alimentin hər uşaq üçün 193 manat, cəmi 772 manata qədər artırılanması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4791/2022 saylı qətnamə qəbul edilmişdir. Hazırkı dövürdə 772 manat aliment 4 övladın saxlanması üçün çox az bir məbləğdir. 10-cu sinif şagirdi Aynur Soltanlı 4 fəndən hazırlığa gedir. İddiaçı 8-ci sinif şagirdləri olan “üçəm övlad”ları üçün məktəb test kitablarını alıb çatdıra bilmir. Uşaqların maddi təminatları, həyatı əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından daha çoxdur. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanılması üçün çəkilməli olan xərclərin həcmidə böyüyür. Çox imkana sahib olan Cavabdeh qəsdən, bilərəkdən övladlarının alimentini verməkdən yayınır. Buna dair iddiaçıya yazmış olduğu whatsapp mesajlarını ekran kaydını və alimenti gec ödədiyinə dair şikayət əsasında iddiaçıya gəlmiş olan məktublar mövcuddur. Buradan da görünür ki, uşaqlarının yaşamı Cavabdeh üçün maraqlı deyil. Hətta vaxtı-vaxtında 4 övladının alimentini ödəməkdən boyun qaçıran ata Cavabdeh cavanlıq sevdasına düşərək estetik burun və qarın piylərinin götürülmə əməliyyatlarını etdirmişdir. Bunu da sübuta yetirən foto şəkillər və mesajlar iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh özünün və ata-anasının ümümilikdə 19 ədəd daşınar və daşınmaz əmlakları vardır: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********09 saylı vəkil sorğusuna verdiyi cavab məktubundan göründüyü kimi Cavabdeh adına Zərdab rayon Dəliquşçu kəndində icarəsində 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Zərdab rayon Dəliquşçu kəndində icarəsində 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Zərdab rayon Dəliquşçu kəndində paylı mülkiyyətində 3,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Zərdab rayonu Dəliquşçu kəndində paylı mülkiyyətində 2,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Zərdab rayon Dəliquşçu kəndində 0.20 ha həyatyanı torpaq sahəsi; ünvan 1 ünvanının 1/3 hissəsi Cavabdeh oğlunun adına xx.xx.2018 ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınaraq mülkiyyətindədir. Bu mənzil “üçəm əkizlərin” dünyaya gəlməsi ilə bağlı hörmətli cənab X10 göstərişi ilə iddiaçının müraciəti sayəsində Sərəncamına əsasən 4 övladı üçün hədiyyə olunmuş mənzil idi. Hətta bu mənzil təmirsiz verildiyindən boşandığdan 5 il sonra iddiaçının anası mərhum atasından qalma öz evini sataraq bu mənzili təmir etdirmişdir. Elə indi də vardövlətdən gözü doymayan Cavabdeh öz qazancı hesabına almadığı və təmir etmədiyi bir mənzildən utanmadan 80000 manat məbləğində pulu məhkəmədə onlardan tələb edir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022 ci il tarixli № 016-99922-1222, № 016-99920-1222 və 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli, № **********04, xx.xx.2022-ci il tarixli, № **********62, vəkil sorğusuna verdiyi cavab məktublarından göründüyü kimi, onun valideynlərinin adına VAZ-21063 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı; VAZ-21214 markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı; Qaz 32213 mikroavtobus **-FZ-*** dövlət qeydiyyat nişanlı; Toyota Prado markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillər mövcuddur. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., Hüseyinbala Əliyev küçəsi, ev 50, mənzil 34 3M582 reyestr nömrəli müqaviləyə əsasən hazırda mülkiyyətindədir. Quba şəhəri, Musabəyov küçəsində yerləşən yaşayış evi 4-1706 reyestr nömrəli şadətnaməyə əsasən hazırda mülkiyyətindədir. Zərdab rayonu, Dəliquşçu kəndində 2.68 ha kənd təsərüfatı təyınatlı torpaq sahəsinə aid JN-132 nömrəli torpaq mülkiyyəti hüququna dair dövlət aktı; Zərdab rayonu, Dəliquşçu kəndində 0.20 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinə aid JN-132A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətindədir; Zərdab-Ağcəbədi yolunun sol tərəfində yerləşən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binası mülkiyyətindədir; ünvan 2 ünvanında yerləşən xx.xx.2018 ci il tarixli ********** qeydiyyat nömrəli yaşayış evi mülkiyyətindədir; Zərdab rayonu, Dəliquşçu kəndində 2.68 ha kənd təsərüfatı təyınatlı torpaq sahəsinə aid JN-132 nömrəli torpaq mülkiyyəti hüququna dair dövlət aktı; Zərdab rayonu, Dəliquşcu kəndində 0.20 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinə aid JN-132A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətindədir; Zərdab rayonu, Dəliquşcu kəndində 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmışdı. Cavabdeh adında olan 6 mülkdən əlavə ata-anasının adına olan 13 mülk, 4 mənzil, torpaq sahələri, avtomobillər faktiki olaraq cavabdehə məxsusdur. Belə ki, Cavabdeh ailənin yeganə oğludur. Onun valideyinləri rəsmi olaraq heç bir yerdə işləmir, həmin yüksək dəyəri olan əmlakları almaq üçün onların heç bir gəlirləri yoxdur. Bunu təsdiqləyən mesajları mövcuddur. Cavabdeh çox sayda torpaq sahələri olmaqla yanaşı, böyük pambıq sahəsi vardır. Bu ilin fermeri özüm olacam deyə, sosial şəbəkədə pambıq sahəsinin içərisində cavabdeh şəkil paylamışdı. İri və xırda buynuzlu heyvan saxlamaqla yanaşı, böyük malqara, qoyun-quzu ferması olan cavabdeh 4 övladı ilə maraqlanmır, başqasının övladlarına atalıq edir, öz doğma övladları isə çox acınacaqlı bir vəziyyətdə çətinlik çəkərək dolanır. Bundan başqa cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 39 №-li Yol İstismarı MMC-nin rəisi vəzifəsində çalışışması və 980 manat məbləğində əmək haqqı almasına dair xx.xx.2022-ci il tarixli 158 saylı vəkil sorğusuna verdiyi cavab məktubunun əslini iddia ərizəmə əlavə edilib. İddiaçı isə hal-hazırda ali təhsilli olsa belə 4 az yaşlı övladlarının nəzarətsiz qoymaq istəmədiyindən heç bir yerdə işləmir. İddiaçı qeyd olunanlara əsasən 4 övladı üçün ölkə üzrə yaşayış minimumu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də cavabdehin kifayət qədər yüksək məbləğdə əlavə gəlirlərinin olmasını və digər halları nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin hər ay hər uşağa 300 manat çatdırılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 772 manat alimenti ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, hal-hazırda Zərdab rayonu, Dəliquşçu kəndində atasına məxsus olan həyət evində yaşayır və Zərdab rayonunda işləyir. Onun hazırkı əmək haqqı vergi və sosial ödənişlər çıxdıqdan sonra 548,96 manat təşkil edir. Rayon yeri üçün bu kifayət qədər böyük məbləğdir, lakin onun aldığı əmək haqqı bütövlüklə alimentın ödənilməsinə gedir. Hətda məsuliyyətə cəlb olunmamaq üçün məcburən hər ay müxtəlif şəxslərdən borc götürüb əmək haqqının üstünə qoyub aliment ödəyir, özünə nəinki yaşamağa heç bir məvacib qalmır, məcbur olaraq eyni qaydada borc xərc alıb dolanır. O, hazırda başqa birisi ilə ailə qurmuş və yeni ailəsini dolandıra bilmir. İddiaçı Cavabdeh adına çoxsaylı mülkiyyətinin olmasını qeyd etmişdir. Buna münasibətdə qeyd edilməlidir ki, Zərdab rayonu, Dəliquşçu kəndində yerləşən 3,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir, bunu İddiaçı öz iddiasında etiraf edir. Eyni zamanda Cavabdeh adına ünvan 3 ünvanında mənzil rəsmiləşdirilmişdir ki, burada Cavabdeh payı 1/3 hissə, İddiaçı payı 2/3 hissə təşkil edir. Eyni zamanda İddiaçı Cavabdeh atasının adına müxtəlif avtomobillərin olmasını qeyd edir. Həmin avtomobillərin markalarına diqqət yetirilsə (VAZ-21063, VAZ-21214, QAZ-32213) görünür ki, bunların hamısı sovet istehsalı olan köhnə avtomobillərdir ki, onlardan hazırda yalnız xatirə kimi təkərləri qalıbd, bunları məhkəməni çaşdırmaq üçün mal-mülk kimi qələmə verilməsi iddiaçının qeyri-səmimi olmasını göstərir. İddiaçı ilə bir sıra məhkəmə çəkişmələri olmuşdur. Ana və ata mülkünə qalsa İddiaçı anası X1 adına xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən mənzil rəsmiləşdirilmişdir. Eyni zamanda, o, dediyinə görə müəllim işləməklə yanaşı, repetitorluq fəaliyyəti ilə məşğul olmaqdan külli miqdarda gəlir əldə edir, pinəçilik dükanı və s. sahibkarlıq obyektləri vardır. Uşaqların yaşlarına diqqət yetirilsə, X4 16 yaşı, o biri uşaqların isə 14 yaşları tamam olmuşdur. Onlar artıq böyük uşaqlardır. Bəs sual yaranır ki, uşaqların saxlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə tək atanınmı vəzifəsi kimi müəyyən edilmiş, ya bu hər iki valideynin vəzifəsidir. İddiaçı onu femrer adlandırır, lakin buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Adına torpaq sahəsinin olması o demək deyil ki, onun ferma təsərrüfatı var. Bu məntiqdən çıxış edilsə, İddiaçı da adma Zərdab rayon Dəliquşçu kəndində hektarla torpaq sahasi var, məgər o fermerdir. Onun hal-hazırda heç bir fermer təsərrüfatı yoxdur, buna dair məhkəməyə arayış təqdim edilib. Uşaqlar artıq böyük uşaqlardır, İddiaçı onların üzərində heç bir əziyyəti yoxdur, işləyə və uşaqların xərclərinin bir hissəsini üzərinə götürə bilər. İddiaçı işləyir, ticarətlə gəlir əldə edir, lakin ondan daim yüksək aliment almaq üçün öz işini rəsmiləşdirmir. Onun bu iddiası qanunsuz və əsassızdır və habelə qismən təmin olunacağı təqdirdə İddiaçı əsassız varlanmağına səbəb olacaq. Cavabdeh İddiaçı 2014-cü il tarixdən boşansa da, İddiaçı onun həyatından çıxmır, müxtəlif şər böhtanla, müxtəlif şikayət və məhkəmələrdə iddia icraatları ilə ondan əl çəkmir. İddiaçı onun mülkiyyətini (mənzildə 1/3 hissədə payını təxmini qiyməti 80000 manat) ona verməyini hədə qorxu gəlməklə mülkiyyətində olan əmlakı tələb etmişdir, əks təqdirdə mənim barəmdə rüsvayedici məlumatları yayacağını, iş yoldaşlarının, dostlarının, onu tanıyanların yanında onu biyabır edəcəyini və gözdən salacağını bildirmişdir. İddiaçı onu intihar həddinə çatdırmış, ondan hədə qorxu ilə əmlak tələb etmişdir. Cavabdeh yaşayış sahəsinin olmaması, 548 manat 96 qəpik əmək haqqı alması. çoxsaylı öhdəliklərinin olması, aldığı əmək haqqından başqa hər hansı bir gəlir yerinin olmaması, əmək haqqının bütövlüklə alimentin ödənilməsinə sərf olunması, hətda əmək haqqının kəsilmiş aliment məbləğindən xeyli asağı olmasını, heç bir fermer təsərrüfatının olmaması, aliment ödədikdən sonra özünün dolanması ücün 1 qəpiyin qalmamasını nəzərə alaraq, iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4791/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin tutulması qaydasının dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aylıq əmək haqqının yarısı ondan tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddianın təmin, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, ilk iddianın rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o, məhkəməyə bildirdi ki, ikinci dəfə evlənib və bu yaxında övladı olacaq. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4791/2022 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... - şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 12 fevral 2008-ci il təvəllüdlü X11, 20 dekabr 2009-cu il təvəllüdlü X3, 20 dekabr 2009-cu il təvəllüdlü X15 və 20 dekabr 2009-cu il təvəllüdlü X12 adlı uşaqları vardır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2014-cü il tarixli, 2(006)- 4195/2014 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə X8 arasında 24 noyabr 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqların analarının himayəsində saxlanmaları, uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 103 manat olmaqla cəmi 412 manat sabit pul məbləğində alimentin tutularaq X6 ödənilməsi qərara alınmışdır. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Soltanova (Nəbiyeva) Günel Nəbi qızı arasındakı nikah 13 noyabr 2014-cü il tarixdə pozulmuşdur. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli, 2(006)- 8717/2016 saylı qətnaməsinə əsasən, həmin Məhkəmənin 26 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği dəyişdirilərək, X2 uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla cəmi 468 manat sabit pul məbləğində alimentin tutularaq Nəbiyeva (Soltanova) Günel Nəbi qızına ödənilməsi qərara alınmışdır. - Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 8(035)-09/2021 saylı qərardadından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli, 2(006)-8717/2016 saylı icra sənədi üzrə tələbindən imtina etdiyini bildirərək icra icraatına xitam verilməsini xahiş etmiş, həmin qərardada əsasən, ərizə təmin edilmiş, icra sənədi üzrə tələbdən imtina qəbul edilmişdir. - Zərdab Rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli, 1(035)-36/2015 saylı hökmündən görünür ki, Cavabdeh 11 iyun 2014-cü il tarixdə saat 03:30 radələrində yaşadıqları Zərdab rayonunun Dəliquşçu kəndində yerləşən evlərində aralarında ailəməişət zəminində baş vermiş mübahisə zamanı arvadı (hazırda keçmiş arvadı) X7 yumruq və təpiklə döyərək ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, ona həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, qəti olaraq 200 manat miqdarında cərimə cəzası təyin edilmişdir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli, 06/2022 saylı “qısamüddətli mühafizə orderi”ndən görünür ki, İddiaçı 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verilmişdir ondan ötrü ki, İddiaçı keçmiş əri Cavabdeh tərəfindən ona qarşı təkrar fiziki və psixi məişət zorakılığı edilməsi qadağan olunsun. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 5 ünvanının 1/3 hissəsi Cavabdeh adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir; Zərdab rayonu, Dəliquşçu kəndində icarəsində 0,43 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 14 avqust 2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Zərdab rayonu, Dəliquşçu kəndində icarəsində 1 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 26 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Zərdab rayonu, Dəliquşçu kəndində paylı mülkiyyətində (1/2 hissə) 3,67 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 11 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Zərdab rayonu, Dəliquşçu kəndində 10 aprel 2000-ci il tarixli, JN-132 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh ümumi birgə mülkiyyətində 2,68 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır; Zərdab rayonu, Dəliquşçu kəndində 23 avqust 2002-ci il tarixli, JN-132A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh ümumi birgə mülkiyyətində 0,2 ha. həyətyanı torpaq sahəsi vardır. - Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Dəli Quşçu kən inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli, 129 saylı arayışda göstərilmişdir ki, Cavabdeh 2022-ci ilin yanvar ayında ev təsərrüfatlarının uçotu aparılarkən heç bir fərdi təsərrüfatla məşğul olmadığını bildirmişdir. Hal-hazırda fərdi təsərrüfatla məşğul olmur. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli arayışda göstərilmişdir ki, Cavabdeh MMC-də ABZ rəisi işləməklə 2022-ci ilin yanvar-iyun ayları üzrə əmək haqqı kimi tutmalar aparıldıqdan sonra aldığı məbləğ 777,7 manat təşkil edir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zərdab rayonunun Dəliquşçu kəndində yerləşən 3,67 ha. sahəli torpaq sahəsi üzərində ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. ... Məhkəmə alimentin cavabdehin əmək haqqının 50 faizi miqdarında tutulması ilə bağlı cavabdehin izahatına, habelə iddia ərizəsinə etirazda göstərdiklərinə münasibətdə qeyd edir ki, cavabdehin rəsmi əmək haqqı 777,7 manat təşkil edir və belə olan halda alimentin onun əmək haqqının 50 faizi miqdarında müəyyən edilməsi uşaqların maddi təminatlarının qarşılanmasına kifayət edə bilməz. Belə ki, hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Habelə, məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçının onun təsərrüfatla məşğul olmaqla gəlir əldə etməsinə münasibətdə məhkəmə iclasında izahatında, habelə iddia ərizəsinə etiraz ərizəsində mülkiyyətində yalnız bir torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin də iddiaçı ilə paylı mülkiyyətdə olmaqla istifadə olunmadığını göstərsə də, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində 5 torpaq sahəsi vardır. Məhkəmə cavabdehin bu məzmunda izahatına tənqidi münasibət bəsləyərək, onun bu hərəkətini sübutları gizlətmə kimi qiymətləndirir”. Həmin qətnamə ilə iddia qismən təmin edilmiş; 12 fevral 2008-ci il təvəllüdlü X11, 20 dekabr 2009-cu il təvəllüdlü X3, 20 dekabr 2009-cu il təvəllüdlü X15 və 20 dekabr 2009-cu il təvəllüdlü X12 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 772 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilsməsi və alimentin tutulmasının əvvəlinin 14 iyul 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Hal-hazırda İddiaçı alimentin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun artırılmasını, Cavabdeh isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4791/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimenti belə maddi vəziyyətinə görə ödəyə bilmədiyindən alimentin əmək haqqının yarısı həcmində tutulmasını məhkəmədən xahiş edirlər. Məhkəmə həm ilk iddianın, həm qarşılıqlı iddianın dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi video yazıdan (*e-2(001)-286/2024 saylı iş üzrə keçirilmiş məhkəmə iclasında bildirdiklərindən), foto şəkillərdən, sosial şəbəkələrdən çıxarışlardan və iş materiallarına əlavə edilmiş digər sübutlardan ilk iddia üzrə cavabdehin təsərrüfatının olması, həmçinin onun hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində rəis vəzifəsində işləməsi, eyni zamanda kifayət qədər yüksək gəlirlər və maddi yatırım tələb edən həyat tərzi sürməsi öz təsdiqini tapır. Ərizələrə münasibət bildirilərklən həmçinin ilk iddia üzrə iddiaçının himayəsində olan dörd uşağın 15-16 yaşlarında olması, ali məktəbə hazırlıq ərəfəsində təbii ki, xərclərinin əhəmiyyətli dərəcədə artması və bütün bu əlavə xərclərin məhz ilk iddia üzrə iddiaçı tərəfindən qarşılanması nəzərə alınmalıdır. Bundan əlavə qeyd olunmalıdır ki, uşaqların sayı tutulan alimentin miqdarına təsir edən amil olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları Bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə əsasən, uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Elşolts Almaniyaya qarşı” işi üzrə qərarında göstərmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Cavabdeh hal-hazırda rəsmi olaraq aldığı əmək haqqı 681 manat təşkil etdiyindən, məhkəmə belə qənaətə gəlir ki, alimentin atanın qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması uşaqların hüquqlarını əhəmiyyətli dərəcədə pozmuş olar və alimentin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həcmində müəyyən edilməsi uşaqların mənafeyini prioritet olaraq elan etmiş daxili və beynəlxalq qanunvericiliyin tələblərinə cavab verir. Beləliklə məhkəmə uşaqların maraqlarını əsas götürərək və tərəflərin maraqları arasında ədalətli tarazlığı qoruyaraq hesab edir ki, ilk iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4791/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla ilk iddia üzrə Cavabdeh 12 fevral 2008-ci il təvəllüdlü X11, 20 dekabr 2009-cu il təvəllüdlü X3, 20 dekabr 2009-cu il təvəllüdlü X15 və 20 dekabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 940 manat sabit pul məbləğində aliment tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı alimentin artırılması tələbinə dair ilk iddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4791/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla ilk iddia üzrə Cavabdeh 12 fevral 2008-ci il təvəllüdlü X11, 20 dekabr 2009-cu il təvəllüdlü X3, 20 dekabr 2009-cu il təvəllüdlü X15 və 20 dekabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 940 (doqquz yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. 40,16 (qırx manat on altı qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumu ilk iddia üzrə Cavabdeh dövlət gəlirlərinə alınsın. İlk iddia üzrə iddiaçı tərəfindən mediasiya prosesində ödənilmiş poçt-kargüzarlıq xərcinin 7,83 (yeddi manat səksən üç qəpik hissəsi) Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar