Məhkəmə qərarları › İş №e-2(001)-3705/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3705/2023

19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3705/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nın nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1067/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaq ananın yanında saxlanılmış və uşağın saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nikah pozulduqdan sonra tərəflər qeyri-rəsmi olaraq barışmışlar və iddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-1067/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarla icraata xitam verilmişdir. Daha sonra tərəflərin münasibətləri pisləşdiyindən yenidən ayrılmışlar. Hazırda uşaq ananın himayəsindədir və cavabdeh uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. Uşağın maddi tələbatının ödənilməsi, sağlamlığının qayğısına qalması və normal inkişafı üçüm xeyli vəsait tələb olunur. Uşağın təkbaşına bütün maddi tələbatlarını ödəməyə imkanı olmadığından aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbi təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası Fərəcova (Babazadə) Samirə Fizuli qızıdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10687/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X4 ananın yanında saxlanılmış və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 93 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Fərəcova (Babazadə) Samirə Fizuli qızı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 279 nömrə ilə qeyd edilmişdir. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə cavabdehin qazancının qeyri-müntəzəm olmasını və alimentin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mümkün olmamasını nəzərə alaraq, alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçıya izah edilir ki, cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə, gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment müəyyən edilməklə tutulması ədalətli olar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 50 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar