Məhkəmə qərarları › İş №e-2(001)-3714/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3714/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3714/2022 17.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 2.097,92 manat əsas, 22,2 manat faiz olmaqla, cəmi 2.120,14 manat vəsaitin və ödənilmiş 42 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 15 yanvar 2014cü il tarixli, 002 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 5.395 manat məbləğində illik 12% dərəcəsi olmaqla, 36 ay müddətinə kredit vermişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli fərmanı əsasında tərəflər arasında 07 oktyabr 2019-cu il tarixli “15 yanvar 2014-cü il tarixli 002 nömrəli kredit müqaviləsinə əlavə” imzalanmışdır. Həmin Əlavəyə əsasən borcalana verilən kredit vəsaitindən istifadə müddəti 07 oktyabr 2024-cü il tarixədək uzadılmış, ödənilməmiş qalan 2.372,34 manat üzrə illik 1% olmaqla 60 ay müddətinə yeni ödəniş cədvəli tərtib edilmişdir. Buna baxmayaraq cavabdeh yeni müqavilənin də şərtlərinə əməl etməmiş, banka olan borc məbləğinin ödənməsindən yayınmış, 05 may 2022-ci il tarixədək banka 2.097,92 manat əsas borc, 22,2 manat faiz borcu, cəmi 2.120,14 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi xəbərdarlığın göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2014-cü il tarixli, 002 nömrəli kredit müqaviləsindən görünür ki, bank sonuncuya 5.395 manat məbləğində krediti illik 12% olmaqla, 36 ay müddətinə qaytarılması şərti ilə vermiş, sonuncu isə krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür; Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2014-cü il tarixli, 002 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, borcalana verilmiş kredit vəsaitindən istifadə müddəti 07 oktyabr 2024-cü il tarixədək uzadılmış və bank hazırki müqavilə ilə müəyyən edilmiş şərtlərlə borcalana 1-ci ili faiz ödənişi qalan illəri isə illik 1%-lə kredit ödəmə cədvəli üzrə 48 ay müddətinə hər ay ödəmək şərti ilə vermiş, borcalan isə hazırki müqaviləyə müvafiq olaraq alınmış krediti qaytarmağı, kredit məbləğinə hesablanmış faizləri ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş digər öhdəlikləri vaxtında və tam yerinə yetirməyi öhdəsinə götürmüşdür; Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı hesabatından görünür ki, Cavabdeh 15 yanvar 2014-cü il tarixli, 002 nömrəli kredit müqaviləsinə əlavəyə görə 05 may 2022-ci il tarixinə 2.097,92 manat əsas borc, 22,2 manat faiz borcu olmaqla, cəmi 2.120,14 manat borcu vardır; Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı tərəfindən borcalan Cavabdeh ünvanlanmış 26 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, sonuncudan müqavilə üzrə öhdəliyini icra edərək təcili banka olan borcunun ödənilməsinin təmin edilməsi tələb edilmişdir; 13 may 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 42 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da həmin müqavilənin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlirəm ki, iddia qismən təmin edilməli, 15 yanvar 2014-cü il tarixli, 002 nömrəli kredit müqaviləsi və ona 07 oktyabr 2019-cu il tarixli əlavə üzrə Cavabdeh iddiaçının xeyrinə əsas məbləğ üzrə 2.097,92 manat, faiz üzrə 22,2 manat olmaqla, cəmi 2.120,12 manat məbləğində borc tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən 2.120,14 manat məbləğində kredit borcu tələb edilsə də, 2.097,92 manat əsas borcla 22,2 manat faiz borcun cəmi 2.120,12 manat təşkil edir. Həmçinin hesab edirəm ki, iddiaçının iddia qaldırılması üçün ödədiyi 42 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 15 yanvar 2014-cü il tarixli, 002 nömrəli kredit müqaviləsi və ona 07 oktyabr 2019-cu il tarixli əlavə üzrə Cavabdeh əsas məbləğ üzrə 2.097,92 (iki min doxsan yeddi manat, doxsan iki qəpik) manat, faiz üzrə 22,2 (iyirmi iki manat, iyirmi qəpik) manat olmaqla, cəmi 2.120,12 (iki min bir yüz iyirmi manat, on iki qəpik) manat məbləğində borc və 42 (qırx iki manat) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı Pakistan Milli Bankının Bakı Filialının xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar