Məhkəmə qərarları › İş №e-2(001)-3715/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3715/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3715/2022 06.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 11243,7 manat əsas borc və 3373,1 manat cərimə borcu olmaqla, ümumilikdə 14616,8 manat borcun və 134 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı 2 ədəd “Apple” markalı qol saatına, 1 ədəd “Samsung G996” markalı mobil telefona, 5 ədəd “Samsung A515” markalı mobil telefona, 2 ədəd “Samsung A115”markalı mobil telefona, 2 ədəd “Xiaomi Redmi” markalı mobil telefona, 2 ədəd “İphone SE və İphone 12 mini” mobil telefona görə və “İphone”markalı qulaqlığa görə 24 ay ödəniş cədvəli üzrə hər ay 469 manat olmaqla, cəmi 11243,7 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, heç bir ödəniş etməmiş və qalıq qalmış 11243,7 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 33.731 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 33.731 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i iddiaçı tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%- i, yəni 3.373,1 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-yə olan borcu 11.243,7 manat əsas və 3.373,1 manat cərimə olmaqla, cəmi 14.616,8 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddiaçıya 9.000 manat məbləğində borcunun olduğunu, onu çağırıb hədə qorxu ilə 11.000 manatlıq yeni müqavilə bağlatdırdıqlarını bildirdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ********* nömrəli Müddətli nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 6.098,50 manat olmaqla, müqavilə üzrə 11.243,7 manat borcu 24 ay ödəniş cədvəli üzrə hər ay 469 manat ödəmək şərti ilə 2 ədəd “Apple” markalı qol saatı, 1 ədəd “Samsung G996” markalı mobil telefonu, 5 ədəd “Samsung A515” markalı mobil telefonu, 2 ədəd “Samsung A115” markalı mobil telefonu, 2 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu, “İphone SE” və “İphone 12 mini markalı” mobil telefonları və “İphone” markalı qulaqlığı satmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə bağlanmış ********* nömrəli malın nisyə alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, Cavabdeh 2 ədəd “Apple” markalı qol saatı, 1 ədəd “Samsung G996” markalı mobil telefonu, 5 ədəd “Samsung A515”markalı mobil telefonu, 2 ədəd “Samsung A115” markalı mobil telefonu, 2 ədəd “Xiaomi Redmi” markalı mobil telefonu, “İphone SE” və “İphone 12 mini markalı” mobil telefonları və “İphone” markalı qulaqlığı xx.xx.2021-ci il tarixdə təhvil almışdır. Həmin 1 №-li əlavənin 3-cü bəndində göstərilir ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. İş materiallarında olan 12 aprel 2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 11.243,70 manat əsas borc və 33.731 manat cərimə olmaqla, cəmi 44.974,7 manat borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi cavabdehdən 11.243,7 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Digər tərəfdən, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3.373,1 manat məbləğində cərimə tələb etmişdir. Məhkəmə hesab edir ki, 11.243,7 manat məbləğində əsas borca 3.373,1 manat məbləğdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3.373,1 manat məbləğində hesablanmış cərimə məbləğinin 1000 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 134 manat dövlət rüsumunun 112 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 22 manatı isə iddiaçıya aid ediməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 11.243,7 (on bir min iki yüz qırx üç manat 70 qəpik) manat məbləğində əsas borc və 1000 (min) manat məbləğində cərimə olmaqla, cəmi 12.243,7 (on iki min iki yüz qırx üç manat 70 qəpik) manat məbləğində borc və 112 (yüz on iki) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçınə ödənilsin. İddia qalan hisssədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar