Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3716/2023 30.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1”əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 78,87 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə 209,27 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, X1 tərəfindən verilmiş UPO-001 nömrəli, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya almışdır. İddiaçı Bakı şəhərinin rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Bakı şəhəri Binəqədi rayonu ərazisində son zamanlar bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qeyd edilən qanunsuz qoşulmaların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2011-ci il tarixli, 1761 saylı Arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, 8-ci mkr, Azadlıq pr-i, 184/24 saylı evin, 22№-li mənzilinin sahibidir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 995 saylı Arayışdan görünür ki, cavabdeh 1996-cı ildən Bakı şəhəri, 8-ci mkr, Azadlıq pr-i, 184/24 saylı evin, 22 №-li mənzili ona məxsusdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli, AN-İN ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, 8-ci mkr, Azadlıq pr-i, 184/24 saylı evin, 22№-li mənzili cavabdehin mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, 8-ci mkr, Azadlıq pri, 184/24 saylı evin, 22№-li mənzilində yaşamış Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2009-cu il tarixdə bu ünvan KATV1-n şəbəkəsinə qoşulmuş, xx.xx.2009-cu il tarixədək sonuncu ödənişini etmiş və xx.xx.2009-cu il tarixdə 38.40 manat borcla şəbəkədən ayrılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, 8-ci mkr, Azadlıq pr-i, 184/24 saylı evin, 22№-li nömrəli mənzilinə 4793 N saylı akt tərtib edilənədək sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının, Rabitə Nazirliyinin və “KATV1” kabel televiziyasının əməkdaşları tərəfindən qeyd olunan ünvanda yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 4793 N saylı akt tərtib olunmuşdur. Akt tərtib edildikdən sonra qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktdan görünür ki, yoxlma keçirilən zaman mənzil sakininin iştirakı təmin edilmiş və o akta imza atmaqla aktı surətini qəbul etmişdir. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirlər ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Mənzilə son baxış keçirildiyi xx.xx.2015-ci ildən, qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu xx.xx.2015-ci ilədək olan müddət 251 gün təşkil edir. Qeyd edilən 251 günün 132 günü hər gün üçün 30 qəpik, 119 günü isə hər gün üçün 33 qəpik olmaqla ümumilikdə 78,87 manat maddi ziyan təşkil edir. Eyni zamanda, mülki hüquq pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, mənzil bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə cavabdehə qeydiyyatda olduğu ünvana tərtib edilmiş akt əlavə edilməklə pretenziya məktubu göndərilmiş, məktub “Məmmədov” soyadlı şəxs tərəfindən poçt xəbərnaməsinə imza atılmaqla qəbul edilmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 (yüz) manat pul ödəyir. İddiaçı məhkəməyə ərizə göndərərək, icraatında olan e-2(001)-3716/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixə saat 09:30-a təyin edilmiş məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini, iddia ərizəsində qeyd edilən halları və iddia ərizəsinə əlavə edilmiş sübutları nəzərə alaraq, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon MKTB-nin 1 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 20 aprel 2015-ci il tarixli 995 №-li Arayışın surətindən görünür ki, Cavabdeh 8 mkr, Azadlıq küçəsi, 184/24 saylı evin 22 №-li mənzilində yaşayır və qeydiyyatdadır. Mənzil 1996-cı ildən ona məxsusdur. İş materiallarında olan İddiaçı MMC-yə hüquqi xidmət göstərən "xxxx" MMC-nin və İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 28 dekabr 2015-ci il tarixli 4793N saylı aktın surətindən görünür ki, 28 dekabr 2015-ci ildə Binəqədi rayonu, Azadlıq pr 184/24 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 22 saylı mənzilin sakini tərəfindən “KATV 1” kabel şəbəkəsinə lazımi müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döymüşlər və nəticədə mənzilin qapısını Məmmədov Rauf açmış, akta imza atmış və aktı yazıb surətini həmin şəxsə vermişlər. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV 1 Kabel Televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2009-cu il tarixinədək isə son ödəməsini edib. xx.xx.2009-cu il tarixində 38 manat 40 qəpik borc ilə şəbəkədən ayrılıb. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında 4793N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2015-ci il tarixində həmin binaya baxışı keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin müvafiq müqavilə bağlamadan qanunsuz olaraq ona məxsus kabel şəbəkəsinə qoşulması halını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən qanunsuz qoşulmanın aşkar edilməsinə dair 28 dekabr 2015-ci il tarixli 4793N saylı saylı Akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənəddir. Həmin aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan akt cavabdehin qeyri-hüquqi əməl törətməsini (kabel şəbəkəsinə qanunsuz qoşulmasını) təsdiqləyən mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. İddiaçı tərəfindən cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması barədə başqa sübutlar təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi göstərdiyi faktiki halları sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edin: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-3716/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3716/2023
30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver