Məhkəmə qərarları › İş №e-2(001)-3728/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3728/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3728/2022 28.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 8.103,14 manat əsas, 1.218,4 manat faiz olmaqla, cəmi 9.321,54 manat pul vəsaitinin və 113,21 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, RGTK3370589A226 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 72 ay müddətinə 8.427 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanmış faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə (pretenziya qaydasında həll olunma) baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakının olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək, banka borcunun olduğunu etiraf etdi və bildirdi ki, o, işdən çıxdığı üçün borcunu ödəyə bilməmişdir. Halhazırda sürücü işləyir və qazancı sabit deyil, ona görə də banka hər ay təxmini 100-200 manat məbləğində ödəniş edə bilər. Bununla əlaqədar yeni ödəniş qrafikinin açılması üçün banka müraciət etsə də, iddiaçı buna razı olmamışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, RGTK3370589A226 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank sonuncuya illik 20% hesablanmaqla 72 ay müddətinə 8.427 manat məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür; 01 fevral 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən bankdan 8.427 manat məbləğində pul vəsaiti götürülmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 23 oktyabr 2021-ci il tarixli axırıncı bildirişdən görünür ki, cavabdehə borcu barədə məlumat verilməklə gecikdirilmiş məbləğin dərhal ödənilməsi tələb edilmiş, əks halda banka borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanununlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlərin görüləcəyi barədə xəbardar edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 12 may 2022-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, cavabdehin 01 fevral 2021-ci il tarixli, RGTK3370589A226 saylı müqavilə üzrə 8.103,4 manat əsas və 1.218,4 manat faiz olmaqla cəmi 9.321,54 manat məbləğində borcu yaranmışdır. 10 may 2022-ci il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 113,21 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış 01 fevral 2021-ci il tarixli, RGTK3370589A226 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuş, nəticədə 12 may 2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə 8.103,14 manat əsas və 1.218,4 manat faiz olmaqla, cəmi 9.321,54 manat borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 01 fevral 2021-ci il tarixli, RGTK3370589A226 saylı kredit müqaviləsi üzrə Cavabdeh 8.103,14 manat məbləğində əsas borc və 1.218,4 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 9.321,54 manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 113,21 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. 01 fevral 2021-ci il tarixli, RGTK3370589A226 saylı kredit müqaviləsi üzrə Cavabdeh 8.103,14 (səkkiz min bir yüz üç manat, on dörd qəpik) manat məbləğində əsas borc və 1.218,4 (bir min iki yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 9.321,54 (doqquz min üç yüz iyirmi bir manat, əlli dörd qəpik) manat məbləğində borc və 113,21 (bir yüz on üç manat, iyirmi bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar