Məhkəmə qərarları › İş №e-2(001)-3733/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3733/2023

02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3733/2023 02.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı MMC (KATV1) Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “KATV1” əmtəə nişanı ilə fəaliyyat göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlanmadan qanunsuz olaraq qoşulma nəticəsində 235,95 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30,40 manat dövlət rüsumunun, cəmi 416,35 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının Televiziya və Radio yayımı haqqında Qanununa uyğun olaraq, X4 tərəfindən verilmiş UPO-001 saylı, xx.xx.2022-ci il tarixli xüsusi lisenziya almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən Ədalət-A hüquq firması ilə xx.xx.2019-cu il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli arayışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, ev 16A KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2008-ci il tarixdən təmin edilmişdir. Qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsi, ev 16A, 59 saylı mənzilin sahibi X1 ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstəriməsinə dair) olmamışdır. xx.xx.2019-cu il tarixdə "xxxx" hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları tərəfindən sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 7733 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Belə olan halda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli 7733 N saylı aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə "xxxx" hüquq firmasının və KATV1 kabel televiziyasının əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Mirmahmud Kazımovski küçəsi, ev 16 A ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman, həmin binanın 59 saylı mənzilin sakini tərəfindən KATV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olumasında mənzil sakinin iştirakını təmin etmək məqsədilə həmin mənzilin qapısı döyülmüş və nəticədə X2 qapını açmış, KATV1 Kabel Televiziyasının şəbəkəsindən istifadə etdiyini bildirmiş və tərtib olunmuş aktı imzalamışdır. - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, ev 16A KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2008-ci il tarixdən təmin edilmişdir. Qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Kazımovski küçəsi, ev 16A, 59 saylı mənzilin sahibi X1 ilə İddiaçı MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstəriməsinə dair) olmamışdır. - 79 saylı MKİS tərəfindən verilmiş 444 saylı və xx.xx.2022-ci il tarixli DİN BPQMİnin MAPS şöbəsinin arayışlarına əsasən, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə göstərilən hüquqi xidmətə görə 150 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasinin Qanununun 35.4-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Operatorlar, provayderlər bu qaydalara zidd olmayan əlavə mühafizə tədbirləri görə bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehin ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman, yalnız şəbəkədən çıxan və mənzilə daxil olan hər-hansı kabelin mövcud olması cavabdehin təqsirini sübuta yetirmir. Belə ki, Akt tərtib olunan zaman cavabdehin iştirakı təmin edilməmiş, onun mənzilinə baxış keçirilməmiş və ən əsası baxış-yoxlama zamanı cavabdehin televiziya kabelinin məhz iddiaçıya məxsus kabel yayım şəbəkəsinə qoşulması sübuta yetirilməmişdir. Həmçinin həmin mənzildə istifadəsi ehtimal edilən kabel yayım şəbəkəsinin yayım siqnalı (telekanalların yayımı) səviyyəsi peşəkar səviyyədə texniki vasitələrlə yoxlanılmamış və buna dair heç bir sübut (arayış, rəy və s.) məhkəməyə təqdim edilməmişdir. İddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasını məhkəməyə təqdim etdiyi aktın surəti ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutu cavabdehin iddiaçının baş verməsini iddia etdiyi deliktdə təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərini sübuta yetirilməməsi səbəbindən təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iddiaçının çəkdiyi məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar