Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3738/2024 03.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh qabaqcadan ona verdiyi sözə görə razılaşaraq Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən şəxsi evini tez bir zamanda satıb götürəcəyi malların dəyərini ona birdəfəlik ödəyəcəyi şərti ilə 6630 manat dəyərində 13 adda məişət əşyaları satmışdır. Aralarında həmin əşyaların təhvil-təslim edilməsi barəsində 24 may 2022-ci il tarixdə şahidlərin iştirakı ilə yazılı şəkildə borcun olması və malların götürülməsi barəsində akt tərtib edilmişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində olan şəxsi evinin tez bir zamanda satıb götürmüş olduğu malların dəyərini iddiaçıya birdəfəlik ödəməli idi. Lakin cavabdeh razılaşmanı pozaraq bu günə qədər borcunu ödəməkdən yayınır, bilərəkdən ödəmir. Dəfələrlə cavabdehə borcunu ödəməsi barəsində xəbərdarlıq edilmiş, rəsmi xəbərdarlıq məktubları göndərilmiş, lakin o hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəmir, xəbərdarlıq məktublarına cavab vermir. Cavabdeh şahidlərin istirakı ilə aralarında tərtib etdikləri və imzaları ilə təsdiq etdikləri təhvil-təslim aktına əsasən aşağıda adlarını yazıb qeyd etdikləri 13 adda məişət əşyalarını iddiaçıdan təhvil götürmüşdür: 1. divan 1 ədəd – 1500 manat, 2. qazan dəsti - 3x350 - 1050 manat, 3. televizor 1x1230 - 1230 manat, 4. mətbəx stulları – 1000 manat, 5. divan üstü – 140 manat, 6. xalça 2x50 – 100 manat, 7. çaydan dəsti 1 x 85 – 85 manat, 8. blender 1 x 90 – 90 manat, 9. “pastel” 3x50 – 150 manat, 10. soba – 220 manat, 11. xalça 2x275 – 550 manat, 12. tozsoran 1x295 – 295 manat, 13. ətçəkən 1x200 – 200 manat. Yəni tərəflər arasında borcun olması və təhvil götürülmüş malların təhvil götürülməsi akt şəklində şahidlərin iştirakı ilə tərtib edilmişdir. Həmin akta əsasən hazırda cavabdehin iddiaçıya 6630 manat pul borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, cavabdeh borcundan iki dəfə 50 manat olmaqla, cəmi 100 manat ödəmiş və hal-hazırda cavabdehin ona 6530 manat borcu qalıb. İddiaçı həmçinin tələbinin həcmini azaltmış və cavabdehdən 6530 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı isə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, cəmi dəyəri 6630 manat olan 13 adda əşya şahidlərin iştirakı ilə xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilməsi, sonuncunun qısa müddət ərzində Xırdalan şəhərində yaşadığı evi satıb 6630 manat məbləğində borcu birdəfəlik ödəyəcəyinin öhdəsinə götürməsi aktlaşdırılmış və akt imzalarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən isə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləlilklə, məhkəmə iddiaçının məhkəmə iclaslarında dediklərini və iş materiallarında olan aktları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, 6530 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 6530 (altı min beş yüz otuz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 85,30 (səksən beş manat otuz qəpik) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-3738/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-3738/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver