Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-374/2023 24.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı ilə Cavabdeh1 arasında 29 oktyabr 2014-cü il tarixdə 004L**********33 nömrəli “Uzunmüddətli kredit müqaviləsi” bağlanmış, müqavilənin şərtlərinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilə üzrə öhdəliklərin təminatı olaraq 29 oktyabr 2014-cü il tarixdə bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Habelə, 19 oktyabr 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 mülkiyyətində olan mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonradan iddiaçı ilə Cavabdeh1 arasında 13 mart 2019-cu il tarixdə 004R********** nömrəli “Kredit razılaşması” bağlanmış, razılaşmanın şərtlərinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,9167 faiz dərəcəsi ilə ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. İddiaçı bank Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi əsası ilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 19678,54 manat məbləğində əsas, 7096,58 manat faiz və 14061,36 manat cərimə borcu olmaqla, ümumilikdə 40836,48 manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 212,51 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2-də xüsusi mülkiyyətində olan 72,53 kv.metr ümumi sahədən ibarət 4 nömrəli mənzilə (yeni qaydalarla: AZ 1111 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2, M2, m2) yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması, əldə ediləcək gəlir hesabına iddia ərizəsində göstərilən miqdarda pulun iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada müştərək tutulması; ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1 və Cavabdeh4 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, izahatında göstərdi ki, onlar qiymətləndirmə ekspertizasının rəyi ilə razı deyillər, hesab edirlər ki, rəydə göstərilən məbləğ reallıqdan daha yüksəkdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın borcun tutulması hissəsində sonuncu maliyyə arayışında göstərilən məbləğlərə uyğun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil izahatında göstərdi ki, onlar iddianı əsas borca münasibətdə qəbul edirlər. Lakin, faiz və cərimə borcu bank tərəfindən əsassız olaraq şişirilmişdir. Həmçinin, iş materiallarında bir neçə müxtəlif tarixli maliyyə arayışları mövcuddur ki, hər bir arayışda da məbləğlər dəyişik göstərilmişdir. Sonda Vəkil məhkəmədən qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Digər cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni öncədən məlumatlandırmamışlar. Tədqiq edilən sübutlar: - İddiaçı ilə Cavabdeh1 arasında 29 oktyabr 2014-cü il tarixdə 004L**********33 nömrəli “Uzunmüddətli kredit müqaviləsi” bağlanmış, müqavilənin şərtlərinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açmışdır. - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli, 004S**********01 nömrəli “Zaminlik müqaviləsi”nə əsasən, Cavabdeh2 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixdə 004L**********33 nömrəli “Uzunmüddətli kredit müqaviləsi” üzrə Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. - İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli, 004S**********03 nömrəli “Zaminlik müqaviləsi”nə əsasən, Cavabdeh3 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixdə 004L**********33 nömrəli “Uzunmüddətli kredit müqaviləsi” üzrə Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. - 19 oktyabr 2016-cı il tarixli “İpoteka müqaviləsi”ndən görünür ki, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2-də xüsusi mülkiyyətində olan, 72,53 kv.metr ümumi sahədən ibarət 4 nömrəli mənzili (yeni qaydalarla: AZ 1111 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2, M2, m2) 29 oktyabr 2014-cü il tarixdə bağlanmış 004L**********33 nömrəli “Uzunmüddətli kredit müqaviləsi”nə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 57000 manat müəyyənləşdirilmişdir. - İddiaçı ilə Cavabdeh1 arasında 13 mart 2019-cu il tarixdə 004R********** nömrəli “Kredit razılaşması” bağlanmış, razılaşmanın şərtlərinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,9167 faiz dərəcəsi ilə ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borcu 19678,54 manat, faiz borcu 7096,58 manat, cərimə borcu 14061,36 manat olmaqla, cəmi 40836,48 manatdır. - Yenə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borcu 18688,54 manat, faiz borcu 5697,74 manat, cərimə borcu 4259,33 manat olmaqla, cəmi 28645,61 manatdır. - Yenə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borcu 17698,54 manat, faiz borcu 5697,74 manat, cərimə borcu 3957,4 manat olmaqla, cəmi 27353,68 manatdır. - Yenə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş digər maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh1 05 iyul 2023-cü il tarixə əsas borcu 9768,54 manat, faiz borcu 10092,64 manat, cərimə borcu 14999,25 manat olmaqla, ümumi borcu 34860,43 manat təşkil edir. - Məhkəmənin 12 oktyabr 2022-ci il tarixli qərardadına əsasən, ipoteka predmetinin ilkin satış (likvid) dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixi, LP-189/2022 saylı müvafiq rəyində göstərilmişdir ki, ipoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiyməti 121000 manat təşkil edir. - Məhkəmənin 25 yanvar 2023-cü il tarixli qərardadına əsasən, borc məbləğinin dəqiq müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə-iqtisad ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 9/1299 saylı müvafiq rəyində göstərilmişdir ki, Cavabdeh1 13 mart 2022-ci il tarixə əsas borcu 30117,75 manat, faiz borcu 538,78 manat müəyyən olunur. Həmçinin, ekspert rəyində göstərilmişdir ki, 13 mart 2022-ci il tarixdən sonrakı dövr üzrə kredit üzrə 5970 manat ödəniş edilmiş, rəyin nəticə hissəsində bu məbləğ nəzərə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə: - 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. - 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. - 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. - 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. - 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: - 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. - 10.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. - 34.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. - 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya - 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. - 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə: - 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək, hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, həm iş materialları ilə, həm də cavabdeh (kredit müqaviləsi üzrə əsas borclu) Cavabdeh1 nümayəndəsinin izahatı ilə kredit müqaviləsi üzrə öhdəliklərin Cavabdeh1 tərəfindən lazımi qaydada icra edilmədiyi müəyyən olunur. Belə ki, cavabdehin nümayəndəsi iddianı əsas borca münasibətdə qəbul etdiklərini bildirmişdir. Belə olan halda tələbin borcun tutulması hissəsinə dair əlavə araşdırmanın aparılmasına zərurət qalmadığından məhkəmə həmin hissədə iddianı əsaslı sayır. Digər məbləğləri cavabdeh tərəf mübahisələndirmiş, buna görə məhkəmə tərəfindən ekspertiza təyin edilsə də, məhkəmə hesab edir ki, alınmış ekspert rəyi sübut kimi qəbul edilə bilməz. Belə ki, bank tərəfindən məhkəməyə bir neçə maliyyə arayışı təqdim edilsə də, həmin arayışlarda əsas borcun miqdarı bir arayışda 19678,54 manat, digərində 18688,54 manat, digərində 17698,54 manat və sonuncusunda 9768,54 manat göstərildiyi halda, ekspert rəyində əsas borcun miqdarı 30117,75 manat kimi göstərilmişdir. Halbuki, borcun ödənilməsi üzrə öhdəliklərin icrası gecikdiyildiyi halda əsas borcun miqdarının çoxalması yolverilməzdir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi nəzərə alınmamalı, borcun məbləği məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Bu zaman məhkəmə qeyd edir ki, təqdim edilmiş maliyyə arayışları borcun göstərildiyi tarixlər nəzərə alınmaqla tədqiq edilərkən müəyyən edilmişdir ki, ən son tarix olaraq 05 iyul 2023-cü il tarixə əsas borcun miqdarı 9768,54 manatdır. Əvvəlki arayışlarda əsas borcun miqdarı 17698,54 manat, 18688,54 manat və 19678,54 manat kimi göstərilmişdir. Buradan belə nəticəyə gəlinir ki, borclu tərəfindən ödənişlər edilmiş, əsas borcun məbləği haqlı olaraq azaldılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, əsas borcun məbləği 9768,54 manat olaraq qəbul edilməlidir. Faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, 13 mart 2019-cu il tarixdə 004R********** nömrəli “Kredit razılaşması” bağlanmış, razılaşmanın şərtlərinə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq 1,9167 faiz dərəcəsi ilə ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. Yəni, bu Razılaşmanın müddəsi 13 mart 2022-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışlarında 15 mart 2022-ci il tarixə faiz borcunun miqdarı (iki ayrı maliyyə arayışda) 5697,74 manat kimi göstərilmiş, sonuncu maliyyə arayışında 05 iyul 2023-cü il tarixə olan borcun miqdarı göstərilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Bu baxımdan məhkəmə hesab edir ki, müqavilə üzrə müəyyənləşdirilmiş faiz borcu həmin müqavilənin qüvvədə olduğu müddətə şamil edilməli, bununla da, faiz borcunun məbləği 5697,74 manat olaraq qəbul edilməlidir. İddia tələbində dəbbə pulu kimi 14061,36 manatın tutulması xahiş edilmişdir. Məhkəmə bunu tərəflərin müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Məhkəmə cavabdeh tərəfindən kredit borcunun bir hissəsini qaytardığını və borcun vaxtında qaytarılmaması nəticəsində iddiaçı bankın məruz qaldığı maddi itkiləri nəzərə alaraq hesab edir ki, 9768,54 manat əsas borca 14061,36 manat dəbbə pulunun hesablanmasını əsaslı deyil. Qanunvericiliyin dəbbə pulunun tutulması ilə bağlı yuxarıda qeyd olunan müddəaları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği 684 manat müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən, Cavabdeh1 İddiaçı QSC qarşısında öhdəliklərinin icrası ilə bağlı onunla eyni məsuliyyəti öz üzərilərinə götürdüklərindən, məhkəmənin müəyyən etdiyi əsas, faiz və dəbbə borcu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Tutma mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2-də xüsusi mülkiyyətində olan, 72,53 kv.metr ümumi sahədən ibarət 4 nömrəli mənzilə (yeni qaydalarla: AZ 1111 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2, M2, m2) yönəldilməli, mənzil ilkin satış qiyməti 121000 manat müəyyən edilməklə, açıq hərracdan satılmalı, satışdan əldə ediləcək pul vəsaiti hesabına banka olan borcun ödənilməsi təmin edilməli, satışdan əldə ediləcək məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək olaraq ümumi qaydada tutulmalı, habelə, satışdan əldə ediləcək vəsait hesabına borc tam ödənildikdən sonra qalıq məbləğ Cavabdeh1 ödənilməli, əmlaka tutma yönəldikdən və açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 və Cavabdeh4 həmin əmlakdan çıxarılmalı, əmlak onlar tərəfindən boşaldılaraq alıcıya təhvil verilməli, onların həmin əmlakdan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən, onun verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 138 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat, xidmət haqqının əvəzi kimi 30 manat məbləğində pul vəsaiti də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun ödənilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 9768,54 manat məbləğində əsas, 5697,74 manat faiz və 684 manat dəbbə borcu olmaqla, ümumilikdə 16150,28 manat məbləğində pul vəsaiti tutularaq ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2-də xüsusi mülkiyyətində olan 72,53 kv.metr ümumi sahədən ibarət 4 nömrəli mənzilə (yeni qaydalarla: AZ 1111 Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2, M2, m2) yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 121000 manat müəyyən edilməklə, açıq hərracdan satılsın, satışdan əldə ediləcək pul vəsaiti hesabına banka olan borcun ödənilməsi təmin edilsin, satışdan əldə ediləcək məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək olaraq ümumi qaydada tutulsun. Habelə, satışdan əldə ediləcək vəsait hesabına borc tam ödənildikdən sonra qalıq məbləğ Cavabdeh1 ödənilsin. Əmlaka tutma yönəldikdən və açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 və Cavabdeh4 həmin əmlakdan çıxarılsın, əmlak onlar tərəfindən boşaldılaraq alıcıya təhvil verilsin, onların həmin əmlakdan istifadə hüquqları itirilmiş hesab edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 138 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat, xidmət haqqının əvəzi kimi 30 manat məbləğində pul vəsaiti də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-374/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-374/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver