Məhkəmə qərarları › İş №e-2(001)-3763/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3763/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3763/2022 08.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8.973,37 manat məbləğində əsas, 436,10 manat məbləğində faiz, cəmi 9.409,47 manat məbləğində borcun və 114,09 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, maddi imkansızlığı səbəbindən bir müddət ödəniş həyata keçirə bilməmişdir. Lakin sonradan ödənişləri bərpa etmiş və hər ay 200 manat məbləğində ödəniş etmişdir. Hazırda da ödənişləri davam etdirir. Bu səbəbdən müqavilə üzrə qalıq qalmış bütün məbləğin ondan tutulmasına hər hansı əsas yoxdur. Lakin real olaraq yaranmış borc məbləğini hissə-hissə, ayda 200 manat olmaqla ödəyə bilər. Göstərilənlərin nəzərə alınmasını və iddiaçıya yaranmış real borcun ondan hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəmənin elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının bu barədə ərizəsini nəzərə alıb, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsinin məzmununu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 83 ay müddətinə illik 20 % dərəcəsi ilə faiz ödəmək şərti ilə 9.199.82 manat məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçıdan həmin məbləği qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş qaydada və müddətlərdə tələb olunan məbləğlərdə ödənişlər etməmişdir. Nəticədə banka borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı cavabdehə bildiriş göndərməklə yaranmış borc məbləği barədə məlumat vermiş və həmin məbləğin ödənilməsini tələb etmiş, əks halda bu məbləğin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da icra edilməmişdir. Bu səbəbdən iddiaçı 114,09 manat məbləğində ödəniş etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cavabdeh həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixə 8.973,37 manat məbləğində əsas, 436,10 manat məbləğində faiz, cəmi 9.409,47 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğin, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, maddi imkansızlıq səbəbindən ödəniş həyata keçirə bilmədiyini, sonradan ödənişləri bərpa etdiyini və hər ay 200 manat məbləğində ödəniş etdiyini bildirir və ondan real olaraq yaranmış borcun hissə-hissə hər ay 200 manat olmaqla tutulmasını xahiş edir. Məhkəmənin müvafiq qərardadı ilə təyin edilmiş məhkəməmühasibat ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5852 nömrəli ekspert rəyinə əsasən 10 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 12 may 2022-ci il tarixinə 9.004,59 manat məbləğində əsas, 578,97 manat məbləğində faiz borcu yaranmışdır. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Kredit müqaviləsi üzrə kredit müddəti bitməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikəri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş mühasibat sənədlərini ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib və nəticədə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib (Ekspert rəyində iddia üzrə tələb edilən məbləğdən artıq məbləğdə əsas və faiz borcunun yarandığı göstərilmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini əsas götürmüşdür.), hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində əsaslıdır və təmin edilməli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8.973.37 manat məbləğində əsas, 436,10 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh əsas və faiz borcunun ondan aylar üzrə hissəhissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8.973,37 manat məbləğində əsas, 436,10 manat məbləğində faiz, cəmi 9.409,47 manat məbləğində borc, habelə ödənilmiş 114,09 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul Cavabdeh tutularaq, dövlət nəfinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8.973,37 (səkkiz min doqquz yüz yetmiş üç manat, otuz yeddi qəpik) manat məbləğində əsas, 436,10 (dörd yüz otuz altı manat, on qəpik) manat məbləğində faiz, cəmi 9.409,47 (doqquz min dörd yüz doqquz manat, qırx yeddi qəpik) manat məbləğində borc, habelə ödənilmiş 114,09 (bir yüz on dörd manat, doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, dövlət nəfinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar