Məhkəmə qərarları › İş №e-2(001)-3778/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3778/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3778/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddihaçı İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 834,71 manat əsas, 703,07 manat faiz borcu, 645,35 manat cərimə, kredit müqavilə bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 124.68 manat faiz borc olmaqla, ümumilikdə 2307,81 manat və ödənilmiş 43,08 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 1065 saylı, xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə 1500 manat məbləğində kredit xətti açılmışdır. Kredit Müqaviləsi üzrə bağlanmış 001 saylı, xx.xx.2016-ci il tarixli Əlavə Sazişə əsasən Müqaviləyə dəyişikliklər edilmiş, əsas müqavilənin adında olan “kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kredit qarşısındakı kredit öhdəliyinin məbləği 1155 manat müəyyən edilməklə 12 ay müddətinə uzadılmışdır. xx.xx.2016-ci il tarixli Əlavə Saziş üzərindən bağlanmış 02 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kredit qarşısındakı kredit öhdəliyinin məbləği 1028.09 manat müəyyən edilməklə xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Lakin cavabdeh bank qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirmədiyi üçün kreditin məcburi qaydada tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Lakin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir, cavabdeh isə məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunan sübutları, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 12 ay müddətinə 1500 manat məbləğində kredit xətti açılmışdır. - xx.xx.2014-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə 001 saylı, xx.xx.2016-cı il tarixli Əlavə Sazişə və ödəniş cədvəlinə əsasən, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqaviləsi” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmiş, kreditin məbləği 1115 manat müəyyən edilməklə, illik 23% hesablanmaqla kreditin müddəti 12 ay müddətinə uzadılmışdır. - xx.xx.2016-cı il tarixli Kredit Müqaviləsi üzrə 02 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişə və ödəniş cədvəlinə əsasən, kredit restrukturizasiya edilmiş, borcalanın kredit qarşısındakı kredit öhdəliyinin məbləği 1028.09 manat müəyyən edilməklə, illik 18% hesablanmaqla kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmış, Cavabdeh götürdüyü krediti xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 30.18 manat olmaqla, xx.xx.2020-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. - problemli kreditlərin kompensasiyasına dair çıxarışa əsasən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Cavabdeh İddiaçı ASC-yə (ləğv prosesindədir) 834,71 manat məbləğində əsas kredit borcu qalmışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə (ləğv prosesindədir) xx.xx.2016-cı il tarixli müqavilə üzrə 31 mart 2023-cü il tarixinə 834,71 manat əsas, 703,07 manat faiz borcu, 645,35 manat cərimə borcu, 124,68 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 2307,81 manat borcu vardır. - xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh rəsmi məktub göndərilərək, kredit borcunu 3 iş gün müddətində ödənilməsi bildirilmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə Cavabdeh 834,71 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin faiz, cərimə və digər xərclər hissəsinə münasibətdə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmədiyinə görə iddia tələbi bu hissədə əsassızdır. Ona görə də iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının” təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank Fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda, Fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 834,71 manat əsas borc və 43,08 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə (ləğv prosesindədir) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar