Məhkəmə qərarları › İş №e-2(001)-3789/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-3789/2020

02.07.2020 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-3789/2020 02.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, Kreditor Borclu qarşı “aliment” tutulması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizəni nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Borclu qazancının və başqa gəlirlərinin yarısı miqdarında alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Ərizəyə elektron qaydada əlavə edilmiş sənədlərdən kreditorun borcludan aliment tutularaq saxlanılmasını tələb etdiyi uşaqların doğum haqqında şəhadətnamələrinin təsdiq edilmiş surətlərini, yəni atalığı(valideynliyi) təsdiq edən sənədləri əlavə etməsi müəyyən edilmir. Belə ki, əgər atalıq müəyyən edilməmişdirsə və ya tələbi təsdiq edən sənəd təqdim edilməmişdirsə baxılmanın sadələşdirilmiş qaydasına yol verilmir. Bununla bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsində qeyd olunmuşdur ki, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, kreditor tələbini təsdiq edən sənədlərin əslini və ya qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini ərizəsinə əlavə etmədiyindən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Bununla bağlı Mülki-Prosessual Məcəllənin 279.3-cü maddəsində qeyd edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 279 və 263-264cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı “aliment” tutulması barədə məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur, bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar