Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-3820/2024 12.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödənilmiş 30.500 ABŞ (otuz min beş yüz) manat ekvivalentində 51850 manat pul məbləğini, o cümlədən ödənilmiş 246 manat dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan mənzil təmiri üçün 30.500 ABŞ dolları məbləğində pul almışdır. Nəticə etibarı ilə, cavabdeh onu aldatmış və ödənilmiş pul məbləğini geri qaytarmamışdır. Hal hazırda cavabdeh pul məbləğinin qaytarılmasından yayınır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cinayət işinin rədd edilməsi barədə qərar var, orada şahidin izahatı alınmış hazırki iş üzrə həmin izahatın sübut kimi qiymətləndrilməlidir. İddiaçı tərəfindən bir dəfəyə nağd şəkildə 30500 ABŞ dollar məbləğində pul ödənilib, lakin cavabdeh tərəfindən heç bir təmir işləri aparılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında həmçinin bilirmişdir ki, cavabdeh tərəf məhkəmənin əvvəlki iclaslarında bildirir ki, verilmiş pullar və danışıqlar yalnız dizayn işləri ilə əlaqəli olmuş, lakin səs yazılardan müəyyən olunur ki, ilkin təmir işləri (beton və sairə) görülməli idi, onlara görə də məbləğ hesablanmışdır. Belə ki, 30500 ABŞ dollar 50000 manat pul edir, lakin qarşı tərəf bunu gizlədir. 30500 ABŞ dollar ümumi pulun 40 faizi olmaqla 70000 manatdan çox edir. Sonda iddianın əsaslı olduğu üçün onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, 13 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarda ifadəsi əks olunan şahid iddiaçının əmisi oğludur. Orada pulun verilməsi və ya ödənilməsi təsdiq edilmir, hər iki tərəfin ortaq tanışı olduğunu təsdiq edir. Onun orada verilmiş izahatını məhkəmə sübut kimi qiymətləndirə bilməz. Telefon və mail vasitəsi ilə aparılmış yazışmalar onlarda da, mövcuddur. Cavabdeh dizayn işləri ilə məşğul olur, iddiaçı evin dizaynını sifariş edir, cavabdeh icra edib və poçt vasitəsi ilə göndərmişdir. Cavabdehə yalnız dizayner işlərinə dair məbləğ qismən ödənilib, təmir nəzərdə tutulmamışdır. Əgər təmir işləri görülübsə, hamısı iddiaçının hesabına olmuşdur. Cavabdehə buna dair ödəniş olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, Muxtarov Elvin vasitəsilə tanış olmuş Elşad Muxtarov və Vüsal aralarında yalnız dizayn işlərinin görülməsi ilə əlaqədar razılığa gəlmiş və Cavabdeh dizayn işlərini Elşada təqdim edərək təhvil vermişdir. İddiaçı tərəfin 30500 ABŞ dollar pul iddiası isə tam əsassızdır. Təqdim edilmiş səs yazılarına gəldikdə isə onların hansı şəraitdə qeydə alınması və səsin, həqiqətən, Cavabdeh məxsus olması onlar tərəfindən qəbul edilmir. Eyni zamanda həmin səs yazılarında konkret olaraq 30500 ABŞ dolların verilməsi ilə habelə Cavabdeh pulu alması ilə bağlı təqdim edilmiş sübutlarda bu cür fakta rast gəlməmişdir. Belə ki, səs yazılarında əlavə xərclərin olduğu, materialların siyahısı və digər məsələlər barədədir. Bu səslərin heç birində pulun ödənilməsi və təmirin başlanılması barədə razılıq, iradə ifadəsi yoxdur. İlkin olaraq, onlar dizayn işlərinin görülməsi ilə bağlı razılaşmış və Cavabdeh dizayn işlərini görüb Muxtarov Elşadın e-mail hesabına göndərmişdir. Hətta bununla bağlı vatsap yazışması var, hansı ki, e-mail adresinin istənilməsi ilə bağlıdır. Bundan əlavə, Elşad Muxtarovun da sənədləri qəbul edib yükləndiyi müəyyən olunmuşdur. Dizayn işlərinə görə Elşad tərəfindən pul tam ödənilmədiyindən, sanitar qovşağının dizaynı işlənilməyib. Yataq otaqları, dəhliz, zal, mətbəx göründüyü kimi bu sahələr işlənilib. Dizayn tək fotoşəkillər deyil, bütün xətlər işlənilir (elektrik və s). Cavabdeh ümumiyyətlə təmir işləri ilə məşqul olmayıb. Cinayət işi rədd olunmasına dair qərarda hazırkı iş üzrə şahid olan Elvin Vüsalın ancaq evlərin dizayneri kimi tanıdığını bildirmişdir. Yazışmalarda yalnız müqavilə barəsində danışıqlar gedir, yəni müqavilə bağlamadan kim pul verir? Cavabdeh dizayn işlərini görmüşdür. Əlavə olaraq bildirir ki, polis əməkdaşının çağırışlarına cavabdeh gəlməsə də, o, vəkili kimi telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisənin mülki məsələyə aid olduğunu bildirərək cinayət işin başlanmasının rədd olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçı ilə təmir işlərinin görülməsi ilə bağlı aralaranda heç bir razılıq olmamışdır. Razılıq olmadığına görə də iddiaçı tərəfindən cavabdehə 30500 ABŞ dolları məbləğində pul ödənilməyib. Danışıqlar yalnız pulun nə qədər olunması və müqavilənin tərtib olunaraq təqdim olunması barədədir. Nə iddiaçının nümayəndəsi, vəkilinin izahatı, nə də şahidin verdiyi ifadəsi, işin həqiqi halları ilə, nə də polisdə gedən araşdırma zamanı verdikləri ifadələrlə uyğunluq təşkil etmir. Həm şahid həm iddiaçının vəkili bildirir ki, sentyabrda görüş olub, oktyabrda isə pul verilib. Rədd qərarında iddiaçı bildirir ki, 03 oktyabr 2023-cü il tarixdə iddiaçı “Çinar” plazada cavabdehlə görüşüb pul vermişdir. Şahid polisdə bildirir ki, cavabdeh yalnız dizayn işləri ilə məşqul idi, məhkəməyə verdiyi izahatda isə, həm təmir həm dizaynla məşqul olduğunu bildirir. Həmçinin, şahid bildirir ki, üçü birlikdə görüşəndə Vüsaldan hesabatı tələb ediblər, əgər Vüsal iş görmürdüsə, niyə ondan müqaviləni, qəbzi və ya pulu tələb etmək əvəzinə, hesabatı tələb edirdilər? Sonda nümayəndə iddia tələbinin əsassız və sübutsuz olduğu üçün, onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, X4 əmisi oğludur. Elşadı Cavabdehlə o, tanış etmişdir. Elşad Gürcüstanda yaşayırdı, Bakıda ev almışdır, ona zəng vurdu ki, evi təmir etmək istəyir, dizaynla bağlı adam axtarsın. O, Vüsalı dizayner kimi tanıdığı üçün onu məsləhət görmüşdür. Vüsala demiş ki, əmisi oğlunun 230 kv/metr evi var, onu dizayn və təmir etmək istəyir, Vüsalda köməklik edəcəyini bildirdi. Lakin qiyməti ona deməmiş, danışıb razılaşarıq demişdir. O, həmçinin göstərdi ki, Elşad ona dedi ki, Cavabdeh pul vermiş, ancaq o, heç bir iş görməyib. O, da ortada qaldığı üçün zəng vurmuş Vüsala və görüşüb vəziyyəti izah etməyi xahiş etmişdir. Görüşəndən sonra ona 30500 ABŞ dolları aldığını bildirmiş və həmin pul müqabilində gördüyü işləri və hesabatları ona təqdim etməsini xahiş etmişdir. Vüsal isə gedib hesablayıb hamısını təqdim edəcəyini bildirmişdir. Sonrada Vüsaldan xəbər çıxmamışdır. Mülki iş materiallarında olan: Bakı şəhəri Nizami RPİ-nin 23 PB-nin 13 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan X4 müraciəti daxil olmuş, həmin müraciətə əsasən X8 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında mülkiyyətində olan mənzilinin təmiri üçün 03 oktyabr 2023-cü il tarixdə Cavabdeh (əlaqə nömrəsi ********** olan) ilə "Çinar” plazada görüşüb 30.500 ABŞ dolları məbləğində pul vermişdir. Aralarında olan razılaşmaya əsasən 30.500 ABŞ dolları təmir üçün nəzərdə tutulmuş ümumi məbləğinin 40% təşkil edirdi (vatsap yazışması və səs). Cavabdeh Müqavilə və qəbzin təqdim etməsi barədə bildirsə də, bu günə kimi təqdim etməmişdir. Müqavilə və qəbzin təqdim etməsi isə şirinləşdirmək xarakteri daşımışdır. Təmir etmək niyyətində olan vətəndaş mənzilə gəlib təmir işlərini görməmişdir. Pulu vediyi günü təmir olunacaq mənzilin açarını da Cavabdeh vermişdir. Pulu verməmişdən öncə mənzilin dizaynı haqqında vatsap vasitəsi ilə müzakirələri edib müyyən dizaynı seçmişlər. Nəticə etibarı ilə, bu günə kimi mənzili təmir edilməmişdir. Cavabdeh isə əsassız və uydurma səbələr gətirərək, təmiri aparmaqdan imtina edir, verdiyi 30.500 ABŞ dolları pul məbləğinin alınmasını etiraf etmir və qaytarmaq niyyətində olmadığını bildirmişdir. Həmçinin həmin araşdırma zamanı izahatı alınmış X9 bilirmişdir ki, Elşadın əmisi oğlu olduğunu, Elşadın həmin ərəfədə ona zəng edərək ev təmiri ilə bağlı mütəxəssis axtardığını, o isə yalnız Cavabdehı tanıdığını dediyini, Vüsalın vaxtı ilə öz işində mühasibatlıq məsələləri ilə bağlı ona müraciət etdiyini, həmin vaxtdan Vüsalı evlərin dizayneri kimi tanıdığını, lakin hər-hansı işlərini görmədiyini, bu barədə Muxtarov Elşada məlumat verdiyini, əmisi oğlu isə ondan telefonunu götürüb əlaqə saxladığını, 2023-cü ilin dekabr ayında ona əmisi oğlunun Vüsaldan hər-hansı təmir işlərini görülmədiyini və buna görə də verdiyi pulu qaytarmadığına görə narazı və şikayətçi olduğunu bildiyini, o da öz nömrəsi ilə Cavabdeh zəng edərək bu barədə dedikdə Vüsalın onunla görüşdüyünü və gördüyü işlər dair ümumi məlumat verməsini, sənədlər və qəbzlər təqdim etməsini tələb etdiyini, Vüsalın ona bunun kommersiya sirrinin olduğunu deyərək heç bir sənəd təqdim etmədiyini, bundan sonra o, əmisi oğlu Elşada polisə şikayət etməsini məsləhət gördüyünü bildirmişdir. Toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsin və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Sübut kimi əlavə olaraq iddiaçı tərəfdən 1 ədəd yaddaş kartında (flyaş) 4 fayl olmaqla və 1 ədəd CD formatlı disk 6 fayl olmaqla təqdim edilmişdir. Cavabdeh tərəfindən “muxtarov mailto:757@mail.ruElektron ünvan ” elektron poçtuna 09 dekabr 2023-cü ildə mənzilin dizaynına dair eskiz və fotoşəkillərin göndərilməsini əks etdirən sənədlər təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı mənzilin dizayn və təmiri üçün cavabdehə 30.500 ABŞ dolları məbləğində pul verdiyini lakin cavabdehin heç bir iş görmədiyini iddia edir, cavabdeh isə aralarında yalnız dizayn işlərinin görülməsi barədə razılaşmanın olduğunu və onun tərəfindən dizayn layihəsinin iddiaçıya təqdim edildiyinə istinad edərək iddianı qəbul etmir. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsi heç bir maddi hüquq norması ilə əsaslandırılmamış olsa da, məhkəmə hesab edir ki, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci, 443.1-ci və 752.1-ci maddələri nəzərdən keçirilə bilər. Belə ki, tərəflər arasında yaranan münasibətlərin xarakteri daha çox belə deməyə əsas verir ki, onların arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüş olur. Tərəflər arasında dizayn işlərinin görülməsi barədə razılaşmanın olduğu işin mübahisəsiz halıdır. Cavabdeh həmin razılaşma çərçivəsində müvafiq layihəni hazırlayaraq iddiaçıya təqdim etdiyini bildirir və bununla bağlı sübut təqdim edir. İddiaçının istinad etdiyi və cavabdehin mübahisələndirdiyi hallar – tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə təmir işlərinin də görülməsinin razılaşdırılması, öhdəliklərin icrası üçün iddiaçının cavabdehə 30.500 ABŞ dolları məbləğində pul verməsi, nəhayət cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi barədədir. Sübutetmə yükü baxımından qeyd olunan mübahisəli halları sübuta yetirmək iddia tərəfinin üzərinə düşür. Çünki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Hazırkı işdə iddiaçı mübahisəli hala dair sübut qismində şahid ifadəsinə, Bakı şəhəri Nizami RPİ-nin 23 PB-nin 13 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara, 1 ədəd yaddaş kartında və 1 ədəd CD formatlı diskdə olan fayllara istinad edir. Bununla bağlı məhkəmə aşağıdkıları qeyd etməyi zərir hesab edir. Belə ki, Bakı şəhəri Nizami RPİ-nin 23 PB-nin 13 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda yalnız iddiaçının və X5 izahatları əks olunaraq, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsin və ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərarda cavabdehin mövqeyi əks olunmadığından məhkəmə onu hazırkı iş üzrə hər hansı halın təsdiqlənməsi üçün yetərli saymır. Sübut kimi iddiaçı tərəfindən təqdim edilmiş 1 ədəd yaddaş kartında və 1 ədəd CD formatlı diskdə isə “şəkilləri göndərdim”, “50 yox 40 faiz”, “şəkilləri göndərdim, sabahdan davam edəcəm obirisi otaqlarnan bağlı”, “əlavə xərclərin nələr ola biləcəyi”, “kağızı verim sənə materialların siyahısını hazırladıq” səs yazıları əks olunmuşdur ki, burdanda cavabdehin məhz mənzilin ümumi təmiri ilə bağlı 30.500 ABŞ dollarının alması və yaxud razılaşması təsdiq olunmur. Bununla yanaşı iddiaçı tərəf iddia tələbini şahid ifadəsi ilə sübut olunduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçı tələbini həmçinin yuxarıda göstərilən şahid ifadəsinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Dindirilmiş şahid X7 iddiaçının qohumu (əmisi oğlu) olmaqla, ifadəsində yalnız tərəfləri tanış etdiyini, iddiaçının cavabdehə hər hansı məbləğdə pulun verməsində şəxsən iştirak etmədiyini bildirmişdir. Belə olan halda isə onun ifadəsinin hazırki tələb üzrə mötəbər sübut kimi qəbul edilməsini məhkəmə qanuni və ədalətli hesab etmir. Məhkəmə araşdırılması zamanı o da müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçıya məxsus mənzilin dizayn işlərinin görülməsi ilə əlaqədar razılığa gəlmiş, cavabdeh tərəfindən bu işlərin pulu tam ödənilmədiyindən sanitar qovşağının dizaynı istisna olmaqla digər otaqların dizayn işləri hazırlanaraq iddiaçının e-mailinə göndərilmişdir. Bununla bağlı cavabdeh tərəfindən “muxtarov mailto:757@mail.ruElektron ünvan ” elektron poçtuna 09 dekabr 2023-cü ildə mənzilin dizaynına dair eskiz və fotoşəkillərin göndərilməsini əks etdirən sənədlər təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallar onu deməyə əsas verir ki, tərəflər arasında mənzilin təmiri ilə bağlı hər hansı razılaşmanın olması və bu razılmaşmadan irəli gələn öhdəliyi cavabdeh yerinə yetirmədiyi üçün iddiaçıya 30.500 ABŞ məbləğində zərər dəyməsi işin faktiki halları ilə sübut olunmur. Məhkəmə yuxarıda sadalananlar əsasında bu nəticəyə gəlmişdir ki, iddiaçı sübut etmək vəzifəsini daşıdığı mübahisəli halları sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-3820/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-3820/2024
12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver